ÖN
SÖZ
XVI
əsrin dahi şairi Füzulinin —
Yandı
canım hicr ilə, vəsli-ruxi-yar
istərəm,
Dərd-məndi- firqətəm, dərmani-didar
istərəm —
misralarıyla
başlanan qəzəlini «Mahur-hindi»
muğamında oxuyan Məcnun yetmiş
beş ildən artıqdır ki, böyük
bəstəkar Üzeyir Hacıbəyovun
ölməz «Leyli və Məcnun» operasının
ilk pərdəsini açır.
Musiqi
tarixində ilk muğam operası olan,
Yaxın və Orta Şərqdə
musiqi sənətinin yeni növünün
əsasını qoyan «Leyli və Məcnun»un
rolu və əhəmiyyəti, yaranma
tarixi və məzmunu, üslub xüsusiyyətləri
və musiqi dili, ilk tamaşası və
ifaçıları haqda geniş məlumat
birinci cildin ön sözündə
verilmişdir. Burada isə «Leyli və
Məcnun» operasının yalnız
klavirinin nəşrinə aid izahat gətirilir.
Hazırkı
nəşr operanın klavirinin ikinci
nəşridir. İlk dəfə klavir
1959-cu ildə Bakıda Azərbaycan
Dövlət Musiqi Nəşriyyatı
tərəfindən çap edilmişdir.
Akademik nəşr isə ilk dəfədir
ki, həyata keçirilir.
Klavirin
akademik nəşrini hazırlayarkən
cildin redaktoru operanın «direksionu» əsasında
yazılmış ilk klavirin müəllif
mətnini əsas götürmüşdür.
Bu klavir ilə birinci cilddəki partitura
bir-birinə tamamilə uyğundur. Lakin
hazırkı klavir ilə 1959-cu ilin
klavirinin nəşri arasında bəzi
fərqlər vardır ki, onların
qeyd olunmasını vacib bilirik. Akademik
nəşrin partitura və klavirində
opera ilk illər səhnədə getdiyi
kimi 5 pərdə və 6 şəkildən
ibarətdir.
Klavirin
1959-cu il nəşrində isə opera
4 pərdə və 6 şəkilli
verilmişdir. Onun birinci pərdəsi
«Şəbi-hicran» xoru ilə başlanır.
Akademik nəşrdə isə «Şəbi-hicran»
xoru əvvəlki tamaşalarda olduğu
kimi proloqda verilmişdir. Bu da tamamilə
təbiidir, çünki «Şəbi-hicran»
xoru operada epiqraf rolunu oynayaraq əsərin
ümumi tonallığını, onun
əhval-ruhiyyəsini müəyyənləşdirir.
Birinci pərdə isə Leyli və
Məcnunun məhəbbət səhnəsindən
başlanır.
Klavirin
1959-cu il nəşrində operada ifa
olunan muğamların adları göstərilmiş
və onların mətnləri verilmişdir.
Akademik nəşr hazırlanarkən
bu muğamların adlarında bəzi
dəqiqləşdirmələr edilmişdir.
Məsələn, birinci pərdədə
Məcnunun «Paybənd oldum...» sözləri
ilə oxuduğu muğam «Segah»ın
«Mübərrigə» şöbəsində
ifa edilir. həmin pərdədə
Məcnunun atası «Mənsuriyyə»
şöbəsində oxuyur. İkinci
pərdədə Leylinin anası «Derlər
səni eşqə mübtəlasan»
sözləri ilə «Şur»un «Hicaz»
şöbəsini ifa edir, Leyli isə
ona «Simai-Şəms»də cavab verir.
«Mən məktəbə rəyim ilə
getmək* sözlərindən başlayaraq
Leyli «Sarənc» muğamını oxuyur
(1959-cu il klavirində bu muğam qeyd
edilməmişdir). Üçüncü
pərdədə Zeyd «Rast» muğamının
«Pəncgah» şöbəsini, Məcnun
isə «Şüştər»in «Tərkib»
şöbəsini ifa edir. Dördüncü
pərdədə Məcnunun atası
«Rast» muğamının «Pənckah»
şöbəsində, beşinçi
pərdədə Leyli «Xaric segah» muğamında
oxuyur. Altıncı şəkildə
isə Məcnun Leylinin məzarı
üstə «Şüştər»in
«Tərkib» şebəsini ifa edir.
Muğamların
mətnində buraxılmış bəzi
səhvlər Füzuli mətni əsasında
yoxlanıb düzəldilmişdir.
1959-cu
ilin klavirində dördüncü pərdənin
beşinci şəklində Məcnunun
«Leyli, ey bivəfa Leyli» sözləriylə
olan musiqi nömrəsi Məcnunun ariyası
kimi verilmişdir. Bu nömrə operanın
heç bir partitura və klavirinin əlyazmasında
ariya adlanmır. Akademik nəşrdə
bu nömrə məzmununa uyğun olaraq
«Məcnunun şikayəti» adı ilə
verilmişdir.
1959-cu
ilin nəşrində klavirin bir neçə
musiqi nömrəsi iki tonallıqda göstərilmişdir.
Bunlar: birinci pərdədən trio,
ikinci pərdədən qızların
xoru və həmin pərdədən
İbn-Səlamın elçilərinin
xorudur. Klavirin akademik nəşrində
isə bu nömrələr yalnız
bir, daha müvafiq tonallıqda saxlanılmışdır.
Akademik nəşrdə redaktor tərəfindən
edilən bir sıra dəyişikliklər
həm də klavirin fakturasına aiddir.
Bu dəyişikliklərdən sonra
klavirin fakturası yüngülləşmiş,
fortepianoda çalmaq üçün daha
çox uyğunlaşmışdır.
Hazırkı
klavirin sonunda Məcnunun atasının
— Əbül-Qeysin ariyası çap
edilmişdir. Bu ariya operanın tamaşalarının
heç birində ifa olunmamış,
operadan ayrı olaraq dəfələrlə
nəşr edilmişdir. Bu geniş
opera ariyası illər boyu SSRİ xalq
artisti Bülbülün ifasında
böyük müvəffəqiyyətlə
konsertlərdə səslənmişdir.
Ü.Hacıbəyov
30-cu illərdə operanın yeni redaksiyasını
hazırlamaq və vaxtın tələblərinə
uyğun muğam hissələrini klassik
opera formaları ilə əvəz etmək
fikrinə düşdüyü vaxt
Məcnunun atasının ariyasını
da yazmışdır. Lakin sonralar Ü.Hacıbəyov
qəti qərara gəlmişdi ki, «Leyli
və Məcnun» operası musiqi sənətimizin
ilki kimi məhz muğam operası olaraq
qalmalıdır.
«Leyli
və Məcnun» operasında yaranmış
ənənələrin davamını
və inkişafını biz bir tərəfdən
Ü.Hacıbəyovun öz yaradıcılığında,
digər tərəfdən isə Azərbaycan
bəstəkarlarının müxtəlif
janrlarda yaratdıqları əsərlərdə
görürük.
Məhz
«Leyli və Məcnun» operasında Üzeyir
Hacıbəyov ilk dəfə olaraq
Şərqin və Qərbin musiqi mədəniyyətinin
ənənələrini üzvü
surətdə birləşdirə bildi
və bu iki musiqi sisteminin uyğunlaşması
məsələsini təcrübədə
həll etdi.
Üzeyir Hacıbəyovun «Leyli və
Məcnun» operasının partitura və
klavirinin akademik nəşri musiqi mədəniyyəti
xəzinəsinə qiymətli hədiyyə
olacaq və böyük bəstəkarın
bu ölməz əsərini yeni nəsillərə
sevdirəcək.