~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
II HİSSƏ

AŞIQ SƏNƏTİ

1

Öz şəxsiyyətində musiqiçi (çalğıçı və müğənni), dastançı (nağılçı), şair və söz ustası (aktyor və quruluşçu recissor) sənətlərini toplu halında birləşdirən Azərbaycan aşıqları ən qədim xalq-professional musiqi ən’ənələrinin öncül daşıyıcılarından sayılırlar.

Bu baxımdan onları baxşı (Türkmənistan), akın (Qırğızıstan), bastakor (Özbəkistan, Tacikistan), trubadur (Fransa, XI—XIII yüzilliklər), skald (qədim və orta əsrlər Skandinaviyası), menestrel (İngiltərə), rapsod (qədim Yunanıstan) və bardlarla (İrlandiya və Şotlandiya) müqayisə etmək olar.

Azərbaycan aşıq sənəti çox dərin tarixi kökləri olan və yüzilliklər boyu keçilən inkişaf yolunun məntiqi məhsuludur. Ən qədim dövrlərdən indiyədək saz-söz sənəti daşıyıcıları ozan, uzan, varsaq, dədə, qam, ata və bir-çox başqa adlarla tanınmışlar.

Öz yaradıcılıq fəaliyyətində onlar tarixi hadisələri və gündəlik həyatı nəsil, tayfa və xalqın tarixi yaddaşına çevirməklə kifayətlənməyərək, müdrik məsləhətçi, el ağsaqqalı, əski inam biliciləri kimi çıxış etmişlər8.

Deyilənlərə ən parlaq misal kimi qədim oğuz igidləri və xaqanlarının mə’nəvi dayağı və öyüd verəni, ulu ozan və şaman olan, ömrü boyu üçtelli qopuzu ilə türk ellərini dolaşaraq dastanlar söyləyən, çalıb-çağıran Qorqud atanın adını çəkmək kifayətdir9.

Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üz.Hacıbəyov «aşıq» sözünü «eşq» (ərəbcə) ilə bağlayır10. Professor M.Təhmasib «aşığı» hazırda az işlənən və qədim türk söz kökü olan «aş»dan törədiyini qeyd edir. Əslində isə «aş» kökündən düzəldilən «aşılamaq» fe’li bu gün də işlənir.

Güman etmək olar ki, «aş» kökü «mahnı» yaxud «nəğmə» mə’nasında da işlənib, çünki «aşulamaq» — «oxumaq» deməkdir. Hazırda özbək dilində «aşulaçi» «mahnı oxuyan, müğənni» deməkdir.

Mə’lumdur ki, «varsaq»11 sözü «aşıq şe’ri» yaxud «aşıq mahnısı (havası)» mə’nasını bildirir. Deməli, ehtimal ki, «aş-u-la» yaxud «aş-ı-la» «aş» kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə «-ıq» şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdır12.

Fəxri ad (ünvan) kimi «Aşıq» artıq XII əsrdən mə’lumdur və ilk dəfə bu ada türk sufiliyinin təməl daşını qoyan böyük şair və dahi şəxsiyyət Əhməd əl-Yasəvinin (1105—1166)13 yaradıcılığında rast gəlinir.

«Aşıq» adı ilə ümumtürk şe’rinin ən görkəmli simaları — Aşıq Paşa (XIII əsr), Aşıq Çələbi və Aşıq Əhməd (XVI—XVII əsrlər), Aşıq Abbas Tufarqanlı (XVIII əsr) və bir çox başqaları tarixdə silinməz iz qoymuşlar.

Orta əsrlərin türk-ərəb-fars tərkibli Şərq mədəniyyəti də «aşıq» anlayışının müasir mə’nalandırılmasına öz tə’sirini göstərmişdir.

Məsələn, ən qədim zamanlarda türklər — hunlar, xəzərlər, altaylılar, oğuzlar və başqaları işığı, suyu, yeri, göyü və təbiətin digər ünsürlərini ilahiləşdirər, onlara tapınarmışlar.

Qədim türklər işığın (is, iş, qor, od) suda əriməsindən dünyanın yarandığını guman edərmişlər. Türk mifoloji təsəvvürlərini araşdıran tanınmış alim F.Köprülüzadə belə nəticə çıxarır ki, «aşıq» sözü türkcə «işıq» sözünün törəməsidir.

Məşhur şərqşünas — alim, türkoloq Vl.Qordlevski də qeyd edir ki, «qələndərləri»14 «işıq» da adlandırırdılar və bu deyim XVI əsrdə geniş yayılmışdı.

O, davam edərək yazır: «Çox ola bilər ki, burada iki sözün — «işıq» və «aşiq» (ərəbcə, «Allah eşqi ilə odlanan») sözlərinin kontaminasiyası (iki ifadənin birləşərək yeni ifadə əmələ gətirməsi) ilə qarşılaşırıq, yə’ni «işıq» sözü sufi anlayışının xalq etimologiyasıdır. Dünyanı gəzib-dolaşan dərvişlər15 dağ başına çıxıb ocaq yandırarmışlar. Aşağıdakı dübeyt belə yazmaya əsas verir:

Uca dağ başında yanar bir ışık,
Onu bekleyen garip bir aşik...16

AŞIQ SƏNƏTİ:    səhifələr      1     2     3     4     5    6