~ Sonoteka ~

 

RUS / ENG/ FR/ DEU / SPAN

 

 

QARA QARAYEV

1

«...Biz başqalarının əsrlər boyu dəf etdiyi yolu bir neçə onillik ərzində keçmişik. Buna baxmayaraq biz dünya təcrübəsini daha dərindən öyrənməliyik. Lakin «bu bizik, bu isə dünya nailiyyətləridir» - belə düşünmək səhv olardı. Axı biz də dünyanın bir hissəsiyik və bizim bugünkü işimiz ümumbəşər işinin bir hissəsidir».

Bu sözlər Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri – bəstəkar Qara Qarayevə məxsusdur.

Azərbaycan musiqisini XX əsr dünya musiqi mədəniyyətinin ən yüksək nailiyyətləri ilə bir sırada görmək arzusu sənətkarın bu hərarətli sözlərində öz əksini taparaq həyatının əsas məqsədini, bütün fəaliyyətinin məğzini təşkil etmişdir.

Bəstəkarın həll etdiyi vəzifələrin mahiyyətini daha yaxşı dərk etmək üçün onun həyat yoluna nəzər salmaq gərəkdir.

Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. Onun atası Əbülfəz Qarayev Azərbaycanın tanınmış pediatrı, tibb elmləri doktoru, professor, anası Sona xanım Axundova-Qarayeva hərtərəfli təhsil almış, poeziya və musiqiyə həvəs göstərən istedadlı Azərbaycan qadınlarından idi.

Qarayevin erkən təəssüratları çox zəngindir. Burada Bakı kəndlərinin bayram və mərasimlərində səslənən musiqi, Avropa klassikası, eyni zamanda XX əsr sənəti nümunələri – Bartok, Şostakoviç, Prokofyevin əsərlərinə də yer vardır. «Qərb və Şərq lap əvvəldən mənim şüurumda yanaşı yaşayırdı». Bu sözlərdə Qarayev təfəkkürü və dünyagörüşünün əsas xüsusiyyətləri, onun ikidilliliyinin kökləri öz əksini tapıb.

Qarayevin bir bəstəkar və şəxsiyyət kimi püxtələşməsində XX əsrin dahi sənətkarları - Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyov və böyük rus simfonisti Dmitri Şostakoviç önəmli rol oynamışlar. Azərbaycan Dövlət Konservatoriyasında, Ü.Hacıbəyovun sinfində Qarayev xalq musiqisini dərindən öyrənir, bu zəngin çeşmənin gözəlliklərini kəşf edir. Sonralar Qarayev öz Ustadı haqqında yığcam və obrazlı şəkildə deyəcək: «O, mənim milli qəlbimi hifz etmək naminə çarpışırdı». Çaykovski adına Moskva Dövlət Konservatoriyasında, Şostakoviçin sinfində Qarayev yüksək peşəkarlıq dərsləri keçir, sənətdə daim axtarışlar aparmağın, təkmilləşməyin zəruriliyini dərk edir, dünya musiqisinin əsas nailiyyətlərinə qovuşur.

Q.Qarayev Azərbaycan musiqi sənəti üçün həlledici əhəmiyyətə malik bir dövrdə – XX əsrin 30-cu illərinin ikinci yarısında yaradıcılıq aləminə gəlir.

O zaman Ü.Hacıbəyov Azərbaycan musiqisinin lad sistemini, lad-kompozisiya məntiqini üzə çıxaran «Azərbaycan xalq musiqisinin əsasları» fundamental tədqiqatı üzərində işləyirdi. Həmin elmi araşdırmaların nəticəsi çox önəmlidir: dahi sənətkar böyük qələbə çalır – «Koroğlu» operasını yaradaraq, Şərq və Qərb mədəniyyətləri arasında o vaxtacan keçilməz görünən səddi aradan götürüb, Azərbaycan musiqisini dünya musiqi mədəniyyətinin əsas inkişaf yoluna çıxarır. Lakin Üzeyir bəyin başladığı işi davam etdirmək, bədii kəşflərindən təkan alıb təməl daşını qoyduğu bəstəkarlıq məktbəbinin binasını mərtəbə-mərtəbə ucaltmaq, yeni Azərbaycan musiqisini ümumdünya miqyasında tanıtdırmaq tələb olunurdu. Ustaddan estafeti alan Qarayev Azərbaycan musiqi tarixinin keyfiyyətcə yeni mərhələsində milli ənənələrin dünya sənəti ilə üzvi sintezi imkanlarını axtarmağa başlayır.

Qarayevin elə ilk əsərləri – impressionist boyalarla yazılmış «Tsarskoye selo heykəli» fortepiano lövhəsi (1937) və parlaq etnoqrafik xarakteri ilə seçilən «Könül nəğməsi» kantatası (1938) obrazca, üslubca bir-biri ilə kəskin təzad təşkil edir. Onlar  bəstəkarın axtarışlar amplitudası haqqında aydın təsəvvür yaradır. Hələ bir-biri ilə təmasa girməyən, ayrı-ayrı qütblərdə yerləşən milli və ümumbəşər təmayüllər arasında ortaq nöqtələrin axtarılması Qarayevin yaradıcılıqda əsas məqsədinə çevrilir.

1943-cü ildə bəstəkar Birinci simfoniyasını yazır. Azərbaycanda simfoniya janrının təməlini qoyan bu əsərin bədii məziyyətləri az deyil. Müəllimi Şostakoviç kimi müharibə mövzusuna üz tutan Qarayev ənənəvi dördhissəli strukturdan imtina edib orijinal ikihissəli silsilə qurur, Azərbaycan musiqisinin lad-intonasiya xüsusiyyətləri və Qərbi Avropa polifoniyası, müasir harmoniya arasında çarpaz nöqtələr axtarır. Tənqidçilər simfoniyanı Hindemit ruhunda cəsarətli «neoklassik» eksperiment kimi qiymətləndirir.

 

Səhifələr:


 

  ©Copyright by Musigi Dunyasi