QARA QARAYEV
5
Bu
dövrdə Qarayev də ağır,
üzücü düşüncələrə
qatlaşır, 40-50-ci illərin əsərlərinə
tənqidi nəzər salıb, yaradıcılıq
yolunun səmtini dəqiqləşdirmək
zəruriyyəti ilə qarşılaşır.
Sənətkarı
düşündürən, narahat
edən problemləri aydın təsəvvür
etmək üçün onun bioqrafiyasından
bir faktı xatırlatmaq gərəkdir.
1961-ci
ildə Qarayev sovet bəstəkarlarının
nümayəndə heyətinin tərkibində
ABŞ-a səfər edir. Los-Ancelos
beynəlxalq musiqi festivalında bəstəkarın
«İldırımlı yollarla» baletindən
ikinci süita ifa olunur. Qarayevi festivalda
səslənən əsərlərin
üslub, texnika baxımıdan rəngarəngliyi,
SSRİ-də uzun müddət yasaq
edilən Şönberq metodunun fərdi
yozumu hallarının bolluğu heyrətləndirir.
ABŞ-dan
qayıtdıqdan sonra Qarayevin kədərli
etirafı kifayət qədər səciyyəvidir:
«Musiqidə biz əlli il geri qalmışıq».
Lakin eyni zamanda Los-Ancelosda eşitdikləri
Qarayev axtarışlarına güclü
təkan verir. Bütöv xarakter,
möhkəm iradə sahibi olan bəstəkar
yaradıcılıqda kəskin dönüş
həyata keçirib «musiqidə mən
özümü amansızcasına
sındıra bildim», - yazır. O,
gəncliyə xas ehtirasla, cəsarətlə
yeni sahillərə doğru istiqamət
alır, SSRİ-də birincilər
sırasında 12-tonluq texnikanı
araşdırıb tədbiq etməyə
başlayır.
Həmin
dönüşün yaradıcılıq
nəticələri son dərəcə
inandırıcıdır: Üçüncü
simfoniya (1964) və Violino
konserti (1967) sovet musiqisinin mərhələvi
əsərləridir, bir çox görkəmli
ifaçıların təfsirində
yaşayırlar.
R.Şedrin
bu əsərlərin tarixi əhəmiyyətini
vurğulayaraq yazır ki, SSRİ Bəstəkarlar
İttifaqının plenumlarında
çıxışları, habelə
konkret yaradıcılığı
ilə Qarayev bütün sovet musiqisinin əvvəlki
dövrə nisbətən 60-cı
illərdə daha təbii yol ilə
inkişaf etməsində mühüm
rol oynadı.
Əlbəttə,
bəstəkar texnikaya kor-koranə
riayət etmir, yeni səs təşkili
sisteminin ənənəvi formalarla,
milli leksika ilə uzlaşdırılmasının
mümkünlüyünü isbat
etməyə çalışırdı.
O zaman Qarayevin maraqlı ideyaları
bol idi. Məsələn, bəstəkar
təkrar olunmayan on iki tondan ibarət
sıranı Azərbaycan ladlarının
səs qatarları ilə birləşdirərək
«seriya texnikasına əsaslanan muğam»
yaratmaq yollarını arayırdı.
Özünün
səmimi etirafı – Violino konsertində
isə Qarayev daha əhəmiyyətli
bir məsələni həll edir –
milli musiqi təfəkkürü prinsiplərini
təcəssüm etdirməyə
müvəffəq olur. Təsadüfi
deyil ki, zahirən milli əlamətlərdən
məhrum olan bu əsər Azərbaycan
xalqının ən ümdə keyfiyyətlərinin
– onun təfəkkür tərzinin,
xarakterinin, temperamentinin təzahürü
kimi qavranılmışdır.
Qarayev
musiqisinin emosional məzmunu 60-cı
illərin əsərlərində
zərər çəkirmi? Məsələ
burasındadır ki, «sakit və pak
hissləri sevirəm» - deyən Qarayevin
erkən əsərlərində belə
daxili ciddilik ehtiraslara üstün
gəlirdi. Ümumiyyətlə, bəstəkar
bəzi qərarlaşmış fikirləri
təkzib edərək musiqisində
özünəməxsus Şərq
aləmi yaradır: burada hisslərin,
rənglərin, ritmlərin bütün
əlvanlığına baxmayaraq,
emosiyalar deyil, dərin psixologizm, incə
intellekt hökmranlıq edir. Tənqidçilərin
fikrincə, Violino konsertinin fəlsəfi
məzmunu ilk növbədə Şərq
sənətinin intellektual gücünü
üzə çıxarır, «Şərq
müdrikliyi» deyilən sehrli qüvvəni
təcəssüm etdirir.
Qarayev
dahi bəstəkar olmaqla yanaşı,
böyük mütəfəkkir, parlaq
natiq, sərrast söz ustası idi.
Onun elmi-publisistik irsi – 40 il ərzində
yazdığı çeşidli məqalələr,
oxuduğu məruzələr millilik
və beynəlmiləllik, ənənə
və novatorluq, gənc nəslin tərbiyəsi
və s. önəmli problemlərin
dərin elmi şərhini verir.
Qarayev
musiqi tarixinə yeni milli bəstəkarlıq
məktəbinin yaradıcısı
kimi daxil olmuşdur. 1946-cı ildə Moskva Konservatoriyasını
bitirdikdən sonra o, Azərbaycan Konservatoriyasında
kompozisiya sinfinə rəhbərlik
etməyə başlamış, həyatının
30-dan artıq ilini bu ağır və
məsuliyyətli işə sərf
etmişdir. Qarayev bəstəkarlıq
məktəbi kimi bütün dünyada
məşhur olan bu məktəbin
70-dən artıq yetirmələri
arasında Azərbaycan musiqisini öz
nailiyyətləri ilə zənginləşdirən
sənətkarlar – V.Adıgözəlov,
T.Bakıxanov,
P.Bülbüloğlu, A.Dadaşov,
E.Dadaşova,
F.Əlizadə, İ.Hacıbəyov,
,
R.Həsənova,
H.Xanməmmədov, S.Ibrahimova, F.Qarayev,
, A.Məlikov,
M.Mirzəyev,
X.Mirzəzadə, O.Zülfüqarov
və bir
çox başqaları vardır.
Azərbaycan Respublikasının
mustəqillik əldə etdikdən
sonra dünya bədii prosesinə inteqrasiyasının
sürətləndiyi bir dövrdə
Azərbaycan bəstəkarlarının
əsərləri ən nüfuzlu
beynəlxalq festivallarda daha tez-tez səslənir,
özü də müasir Qərb
musiqisi ilə rəqabətdə böyük
müvəffəqiyyətlər qazanır.
Bu isə ilk növbədə Qarayev
məktəbinin, onun sənət
və pedaqoji prinsiplərinin qələbəsidir.
Qarayevin
adı Azərbaycanda böyük ehtiramla,
məhəbbətlə əhatə
olunub. Onun
xatirəsini əbədiləşdirmək
məqsədilə Bakı prospektlərindən
birinə, metro stansiyasına, musiqi
məktəbinə, gəmiyə,
Dövlət Kamera orkestrinə bəstəkarın
adı verilib.
Maddi
xarakter daşıyan abidələrdən
başqa Qarayev şərəfinə
ucaldılan saysız-hesabsız musiqi
abidələri daha önəmlidir.
Burada çeşidli ithaf xarakterli
əsərləri, bəstəkarın
adını daşıyan «XX əsr
musiqisi» festivallarını, pianoçu
R.Rzayevanın «Qarayev dövrəsi»
konsert proqramını qeyd edək.
Həmin proqramda refren rolunu Ustadın
prelüdləri oynayır, epizodları
isə müxtəlif nəslə
mənsub Azərbaycan bəstəkarlarının
əsərləri təşkil edir.
Özü də bu proqram daima yeniləşərək
Qarayev dövrəsinin demək olar
ki, hüdudsuzluğunu nümayiş
etdirir.
Bəstəkara
həsr olunmuş ədəbiyyatın
həcmi ildən-ilə artır, onun
əsərləri məşhur ifaçıların, F.Qasımovanın, F.Bədəlbəylinin
repertuarını bəzəyir.
Dünya
mədəniyyəti tarixinə öz
nəhəng, cəsarətli və
heyrətamiz nailiyyətləri ilə
daxil olmuş XX əsr musiqisində
Qara Qarayevin, şübhəsiz, özünəməxsus
yeri var. İllər ötəcək,
qərinələr dolanacaq, gələcək
nəsillər Qarayev musiqisi çeşməsindən
bəhrələnəcək, ifaçılar
onun əsərlərində yeni çalarlar
üzə çıxaracaq, tədqiqatçılar
bədii kəşflərinin mahiyyətinə
varmağa çalışacaqlar.
Milliyyətindən, əqidəsindən
asılı olmayaraq planetimizin müxtəlif
güşələrində yaşayan
insanlar Qarayevin nurlu, nəcib, xeyirxah
sənəti ilə görüşdən
sarsılacaq, mənən saflaşacaq,
gözəlləşəcəklər.