~ Sonoteka ~

 

RUS / ENG/ FR/ DEU / SPAN

 

 

QARA QARAYEV

2

1945-ci il mayın 4-də, yəni Böyük Vətən müharibəsinin qurtarmasına bir neçə gün qalmış M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində Qara Qarayevin Cövdət Hacıyevlə birlikdə yazdığı «Vətən» qəhrəmani-vətənpərvərlik operası tamaşaya qoyulur. Həmin operaya görə müəlliflər 1946-cı ildə Dövlət mükafatına layiq görülürlər.

Lakin Q.Qarayevin ilk böyük müvəffəqiyyəti  – «Leyli və Məcnun» simfonik poeması olur. Bu simfonik əsər XII yüzilin dahi Azərbaycan şairi, mütəfəkkiri Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında yazılıb. Şərqin Cülyetta və Romeosu - Leyli və Məcnunun nakam məhəbbəti haqqında böyük dramatizm aşılanmış musiqi hekayətini həyəcansız dinləmək qeyri-mümkündür. Qarayev burada qarşı-qarşıya duran iki zidd qüvvənin ölüm-dirim mübarizəsini musiqi dili ilə canlandırır. Amansız tale və ali sevgi, kədər və ümid, məyusluq və səadətə inam, zülmət və işığın qarşıdurması faciə ilə bitir. Laikn əsərin sonunda səslənən Leylinin həzin, saf və gözəl mövzusu məhəbbətin sonsuzluğu və əbədiliyi ideyasını ifadə edir1.

Qarayevin 50-ci illərdə yazdığı iki balet onun yaradıcılığının zirvəsidir. Burada  bəstəkar  klassik baletin ənənələrindən, Çaykovski, Prokofyev təcrübəsindən, habelə Azərbaycan musiqili-xoreoqrafiya sənətinin nailiyyətlərindən məharətlə bəhrələnmiş, geniş simfonik nəfəsi ilə seçilən novator əsərlər yaratmışdır. Baletlərdə mürəkkəb fəlsəfi, ictimai mövzuları təcəssüm etdirən Qarayev bu janrın imkanları haqqında təsəvvürləri xeyli genişləndirmişdir.

«Yeddi gözəl»i yazarkən Qarayev yenidən dərin fəlsəfi fikirlər, yüksək mənəviyyat, parlaq obrazlar dolu Nizami dünyasına üz tutur.  Şairin beş poemadan ibarət «Xəmsə»sinin əsas ideyalarından təkan alaraq, Qarayev xalqın taleyi və arzuları, insan şəxsiyyətinin gözəlliyi, yüksək etik mənada başa düşülən məhəbbət haqqında musiqili-xoreoqrafik poema yaratmışdır.

Baletdəki «Yeddi portret» süitası Qarayev sənətkarlığının gözəl nümunəsidir. Burada bir-biri ilə kəskin təzad təşkil edən yeddi - hind, bizans, xarəzm, slavyan, məğrib, çiniran gözəllərinin rəqsləri verilir. Süitanı qapayan vals öz parlaq orkestr boyaları ilə valeh edir. Burada Qarayev böyük ixtiracılıqla Azərbaycan muğamı çahargahın intonasiyalarını vals janrının səciyyəvi əlamətləri ilə uzlaşdırır.

1958-ci ildə Leninqrad Opera və Balet Teatrının səhnəsində Qarayevin «İldırımlı yollarla»  baleti böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. Baletin süjeti əsasında XX əsr  Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı romanı durur. İlk dəfə balet səhnəsində o dövrün ən mühüm mövzularından biri – müstəmləkəçilik zülmü və köləliyə qarşı mübarizə mövzusu öz təcəssümünü tapır. Lakin ictimai-siyasi kontekstin bütün əhəmiyyətinə baxmayaraq, məhz məhəbbət – öz  yolunda bütün maneələri dəf etmək, düşmənçiliyə belə qalib gəlmək iqtidarında olan böyük insan sevgisi baletin əsas ideyasını təşkil edir.

«Bəşər övladları, zəmanəmizin mahnısını oxuyun. Nifrət, ədavət, müharibə haqqında yox, məhəbbət haqqında oxuyun!» Baletin əvvəlində səslənən P.Abrahamsın bu sadə və səmimi sözləri Qarayevin mövqeyini çox gözəl ifadə edir.

Cənubi Afrika folklorunun qeyri-adi üslub xüsusiyyətlərini müasir musiqinin zəngin imkanları ilə uzlaşdıran Qarayev ehtiras dolu adajioları, temperamentli rəqsləri, füsunkar peyzajları, gərgin dramatik epizodları ilə valeh edən obrazca rəngarəng, çox emosional musiqi yaratmışdır.

Baletin ən şairanə nömrələrindən biri – «Layla» Qarayevin nəcib, səmimi və təmkinli lirikasına səciyyəvi nümunədir. Zərif harmonik boyaları, yığcam və aydın forması ilə fərqlənən bu musiqidə nəvaziş, xəyalpərvərlik, eyni zamanda sonsuz kədər və gizli gərginlik vardır.

Dramaturji sənətkarlığı, böyük simfonik vüsəti, xoreoqrafik formaların novator təfsiri ilə fərqlənən «İldırımlı yollarla» baletinə görə Q.Qarayev 1967-ci ildə SSRİ-də ən fəxri mükafat – Lenin mükafatına layiq görülmüşdür.

Bütün sadaladığımız əsərlərdə bəstəkar dönmədən Azərbaycan musiqisinin ifadə vasitələrini genişləndirir, stereotipləri dəf edərək sənətimizə keyfiyyətcə yeni obrazlar gətirməyə çalışırdı. Görkəmli Azərbaycan yazıçısı Anar Qarayevi «gələcəyin səfiri» adlandırmışdır. Bəstəkarın dövrünü xeyli qabaqlayan, gələcəyə pərvazlanan, yenilikçilik ruhu ilə aşınlanmış axtarışları çox zaman birmənalı qarşılanmırdı. Bəzən müasirləri «Leyli və Məcnun» simfonik poemasının, «Yeddi gözəl» baletinin, simfoniyaların, Violino konsertinin novator mahiyyətini dərk etmək iqtidarında olmayıb, bəstəkarı Azərbaycan musiqisinin lad-intonasiya normalarına riayət etməməkdə suçlayırdılar.


1. 2001-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının səhnəsində «Leyli və Məcnun» simfonik poemasının musiqisi əsasında eyniadlı balet tamaşaya qoyulmuşdur. Baletmeyster – G.Aleksidze.


Səhifələr:


 

  ©Copyright by Musigi Dunyasi