~ Sonoteka ~

 

RUS / ENG/ FR/ DEU / SPAN

 

 

QARABAĞ MUĞAM MƏKTƏBİ

1

Azərbaycanın ən gözəl güşəsi, səfalı təbiətə, maddi-mədəni sərvətlərə malik yurdu, şe’r, sənət ocağı, iste’dadlar diyarı kimi, bütün dünyaya səs salmış Qarabağ torpağı. Qədim tarixə malik bu torpaq Azərbaycan elminə, mədəniyyətinə və incəsənətinə böyük şəxsiyyətlər bəxş etmişdir. Qarabağ Azərbaycanın bir sıra görkəmli yazıçı və şairlərinin, rəssam və musiqiçilərinin vətənidir. Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşud Banu Natəvan, Firidun bəy Köçərli, Əbdurrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov kimi klassik Azərbaycan ədəbiyyatının görkəmli simaları, tanınmış ensiklopedik alim, rəssam və musiqişünas Mir Möhsün Nəvvab, dahi bəstəkarımız Üzeyir Hacıbəyov, böyük müğənnilərimiz Bülbül, Rəşid Behbudov, maestro Niyazi və Azərbaycan bəstəkarlıq məktəbinin bir çox nümayəndələri – Fikrət Əmirov, Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Əşrəf Abbasov və başqaları bu torpağın yetirməsidir.

Həqiqətən də, Azərbaycan tarixinin, elm və mədəniyyətinin inkişafında Qarabağın rolu, mövqeyi, əhəmiyyəti danılmazdır. Xüsusilə Qarabağın mərkəzi Şuşa şəhəri musiqi tariximizdə mühüm yer tutur.

Şuşa şəhərinin bünövrəsi 250 il bundan əvvəl XVIII əsrin ortalarında qoyulmuşdur. Artıq XIX əsrdə bu şəhər özünün coğrafi mövqeyinə, iqtisadi inkişafına, füsünkar təbiətinə görə diqqəti cəlb etmişdir. Həmin dövrdən Şuşa Azərbaycanın musiqi mədəniyyəti mərkəzi kimi məşhurlaşmışdır.

Məhz bu dövrdə Qarabağ muğam məktəbi yaranmağa başlamışdır.

Əlbəttə ki, Qarabağ muğam məktəbi dedikdə, ayrı-ayrı sənətkarların adı ilə bağlı, onların ifaçılıq üslubunu yaşadan, muğam ənənələrini, sənətkarlıq sirlərini nəsillərə ötürən məktəblər nəzərdə tutulur. Professional ifaçıların muğam məktəbi əsil sənətkarlıq məktəbidir.

Onu da deyək ki, Qarabağ muğam məktəbinin nümayəndələri kimi tanıdığımız sənətkarların ömür yolu və yaradıcılığı əsasən Şuşa şəhəri ilə bağlı olmuşdur. Xalq arasında «Kim oxumağı bacarmırsa, deməli, şuşalı deyil»,  «Şuşada bələkdəki körpələr də muğamat üstündə ağlar» deyimləri zərbi-məsələ çevrilmişdi. Həqiqətən də, bu şəhərin mədəni mühiti, sözlü nəğməli həyatı, adət – ənənələri sənətkarların püxtələşməsində böyük rol oynamışdır.

Xatırladaq ki, Şuşa ilə yanaşı, o dövrdə Azərbaycanın Bakı, Gəncə, Şamaxı kimi  iri şəhərləri də mədəniyyət mərkəzləri hesab olunurdu və burada da özünəxas keyfiyyətləri ilə seçilən muğam məktəbləri formalaşırdı. Bütün bu məktəblərin nümayəndələri bir-biri ilə sıx yaradıcılıq ünsiyyəti saxlayırdılar ki, bu da musiqi mədəniyyətinin inkişafına xidmət edirdi.

O dövrdə Şuşanı, haqlı olaraq, «Qafqazın konservatoriyası» adlandırırdılar. Çünki sənətkarlıq məktəbini Şuşada keçmiş xanəndə və xalq çalğı alətləri ifaçıları təkcə Azərbaycanda deyil, bütün Qafqaz ölkələrində fəaliyyət göstərirdilər. Şöhrəti vətənimizin hüdudlarını aşmış Qarabağ musiqiçiləri xalqımızın əsrlər boyu inkişaf etmiş musiqi ənənələrini yaşadırdılar. Eyni zamanda, onlar öz dəst-xəttini, oxuma üslubunu mədəniyyət xəzinəmizə gətirirdilər. Onların yatardıqları muğamlar yeni mahnı və təsniflər dillər əzbəri olub, hər yana yayılırdı.

Hələ XVIII əsrin axırları, XIX əsrin əvvələrində Şuşada bir çox sənətkarlar yaşayıb-yaratmışlar. Onlardan Şahsənəm oğlu Yusif, Mirzə Hüseyn, Həsəncə, Qaraçı Əsəd və başqaları Şuşada xanəndəlik sənətinin əsasını qoymuşlar. Həmin dövrdə tarzən Əli Əsgər, kamançaçı Qaraçı Hacıbəy, qoşanağara çalan Qapançı oğlu Kərim məşhur idi.

XIX əsrin II yarısında və XX əsrin əvvələrində Qarabağ muğam məktəbi yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə bir çox görkəmli xanəndə və ifaçılar: Hacı Hüsü, Mir Möhsün Nəvvab, Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan), Məşədi Məmməd Fərzəliyev, Əbdülbaqi Zülalov (Bülbülcan), Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdı oğlu, İslam Abdullayev, Seyid Şuşinski, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Məcid Behbudov, Bülbül, Zülfü Adıgözəlov, Xan Şuşinski və başqaları Qarabağ muğam məktəbini təmsil edirdilər. Əlbəttə ki, bu məktəbin nümayəndələrinin hamısının adını qeyd etmək imkan xaricindədir. Lakin onların hər birinin muğam sənətinin, milli ifaçılıq tarixinin inkişafında mühüm xidmətləri olmuşdur.

Muğam ifaçılığı onun bütün lad, melodik inkişaf qanunlarını tam şəkildə bilməyi,  melizmlərlə zəngin bəzədilmiş melodiyanı oxumağı bacarmağı, hər bir şö’bənin əsasını təşkil edən mühüm melodik ifadələri, keçidləri mənimsəməyi tələb edir. Təbiidir ki, bütün bunları öyrənmək üçün məktəb keçmək vacib şərtdir.

Əlamətdardır ki, muğam tədris edən ilk musiqi məktəbləri XIX əsrdə Şuşada yarandı. İlk məktəbi Şuşanın məşhur muğam bilicisi Xarrat Qulu yaratmışdı. O, iste’dadlı, yaxşı səsi olan uşaqları bu məktəbə cəlb edərək, onlara Şərq musiqisinin əsaslarını, muğamları, xalq mahnılarını öyrədirdi. O, dəstgahların şagirdlər tərəfindən düzgün oxunmasına, səsin saflığına xüsusi fikir verirdi. Lakin Xarrat Qulunun məktəbi əsasən dinə xidmət edirdi. O şagirdlərini dini ayinlərdə iştirak etmək üçün hazırlayırdı. Buna baxmayaraq, bu məktəb bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur. Şuşanın ən görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Əbdülbaqi Zülalov, Cabbar Qaryağdı oğlu, tarzən Mirzə Sadıq Əsəd oğlu həmin məktəbin yetirmələridir.

Xarrat Qulunun vəfatından sonra Şuşada musiqi məktəbində muğamın tədrisi işini Kor Xəlifə adlı musiqiçi, daha sonra Molla İbrahim davam etdirərək, yeni musiqiçilər nəslini yetişdirdi.

 

Səhifələr:


 

  ©Copyright by Musigi Dunyasi