4
Rollarda
o dövrdə Şuşada böyük
şöhrət qazanmış xanəndələr
Cabbar Qaryağdı oğlu və
Əhməd Ağdamski çıxış
etmişdilər. Onların ifası
Mirzə Sadıq Əsəd oğlunun
başçılıq etdiyi ən’ənəvi
muğam üçlüyü ilə
müşayiət olunurdu.
«Məcnun
Leylinin məzarı üstündə»
səhnəciyi xalq tərəfindən
böyük rəğbətlə
qarnşılanmış və çox
sevilmişdi. Bu səhnəcik Azərbaycanın,
hətta bütün Zaqafqaziyanın,
musiqi həyatında əlamətdar
hadisə oldu. O, Azərbaycanda musiqili
teatrın inkişafı üçün
zəmin hazırladı. 1908-ci ildə
dahi bəstəkarımız Üzeyir
Hacıbəyovun «Leyli və Məcnun»
muğam operasının yaranmasına
və ümumiyyətlə Şərqdə
ilk operanın meydana gəlməsinə
təkan verdi.
Qeyd
etmək lazımdır ki, Ə.Haqverdiyev
sonra «Şərq konsertləri»nin və
«Muğam gecələri»nin fəal
təşkilatçısı olmuşdur.
Azərbaycanda ilk «Şərq konserti»
də Şuşada 1901-ci ildə keçirilmiş,
1902-ci ildə isə Bakıda təşkil
olunmuşdu.
Bu
konsertlərdə görkəmli xanəndələr
- Cabbar Qaryağdı oğlu, Keçəçi
oğlu Məhəmməd, Məşədi
Məmməd Fərzəliyev və
başqaları Qurban Pirimov və Saşa
Oqanezaşvilinin müşayiətlə
muğam və təsnifləri ifa
edirdilər. Məşhur Qarabağ
aşıqları Aşıq Abbasqulu,
Aşıq Valeh, Aşıq Qənbər,
Aşıq Nəcəfqulu da bu konsertlərdə
çıxış etmək üçün
də’vət olunurdu. Bu konsertlər
dinləyicilərin estetik zövqünün
yüksəldilməsinə xidmət
edirdi.
XX
əsrin əvvələrindən
başlayaraq, Bakının iqtisadi
cəhətdən yüksəlişi
mədəniyyət və incəsənət
xadimlərinin bu şəhərdə
cəmlənməsinə səbəb
oldu. Bu da şəhərin teatr və
konsert həyatını canlandırdı.
Bakı mədəni mərkəz
kimi öncül mövqe tutdu. Şuşada
püxtələşmiş sənətkarlardan
bəziləri öz fəaliyyətini
Bakıda davam etdirirdilər. Buna baxmayaraq,
onlar Şuşa ilə əlaqələrini
kəsmir, yeni musiqiçilər nəslinin
yetişməsinə yardım edirdilər.
Onlar öz ənənələrini,
sənətkarlıq sirlərini yeni
gələn nəslə, Qarabağ
məktəbini davam etdirən gənc
ifaçılara aşılayırdılar.
Qeyd etmək lazımdır ki, Qarabağ
musiqiçilərinin yaradıcılığında
muğam məktəbinin ənənələri
indiyə kimi yaşayır və nəsildən-nəslə
ötürülür.
Eyni
zamanda, xanəndələr dövlət
tərəfindən açılan
musiqi məktəblərində sənət müəllimi kimi də
geniş fəaliyyət göstərmişlər.
1920-ci illərdə Şərq konservatoriyasında,
daha sonralar Bakı Musiqi Texnikumunda,
Azərbaycan Dövlət Konservatoriyasında
(Bakı Musiqi Akademiyasında), hal-hazırda
isə Milli Konservatoriyada, Mədəniyyət
və İncəsənət Universitetində
klassik xanəndələrin yolu ilə
muğam sənəti tədris olunur.
Xalq-professional
musiqiçilərinin daha bir fəaliyyət
sahəsi teatr və konsert səhnəsi
ilə bağlıdır. Xanəndələrin bir çoxu
Opera və Balet Teatrının solisti
kimi Azərbaycan bəstəkarlarının
muğam operalarında çıxış
edirlər. Azərbaycan Dövlət
Filarmoniyasının solisti kimi geniş
dinləyici auditoriyası qarşısında,
həmçinin radio və televiziyada
konsertlər verirlər. Bununla yanaşı,
muğam ustalarının qastrol səfərləri
də çox önəmlidir. Avropanın,
Rusiyanın, Yaxın və Orta Şərqin
böyük şəhərlərində
bu sənətkarların çıxışları
müvəffəqiyyətlə keçir,
onlar muğamı dünyaya tanıtmağa
nail olurlar.
Xanəndəlik
sənətinin inkişafından danışarkən,
milli musiqiçilərin qrammafon vallarını
xüsusi qeyd etməliyik. Çünki
klassik xanəndələrin səslərini
qoruyub yaşadan qrammafon valları
xalqımızın mədəni sərvətləridir.
Bu vallar Azərbaycan musiqisinin təbliğində
və dünya miqyasında tanınmasında
müstəsna rol oynamışdır.
1900-1916-cı
illər ərzində «Qrammofon», «Pate»,
«Sport-Rekord», «Ekstrafon», «Noqin» zavodu
və başqa səsyazma firmaları
məşhur Azərbaycan müğənnilərinin
səslərini vala köçürmüşlər.
Şərq musiqisi tarixində ilk dəfə
səsi qrammafon valına yazılmış
xanəndə Cabbar Qaryağdı
oğlu olmuşdur. Ondan sonra Qarabağ
xanəndələrindən Keçəçi
oğlu Məhəmməd, Məşədi
Məmməd Fərzəliyev, İslam
Abdullayev və başqalarının
səsləri qrammafon vallarına yazılmışdır.
Bütün bu sənətkarları
tarda Qurban Pirimov, kamançada Saşa
Oqanezaşvili müşayiət etmişlər.
Eyni zamanda, onların ifasında instrumental
muğamlar da qrammafon vallarında bizə
gəlib çatmışdır.
O
dövrdə müğənnilərin
səslərinin qrammafon vallarına
yazılışı texniki cəhətdən
çox çətinliklə başa
gəlirdi. Buna görə də musiqiçidən
son dərəcə yüksək ifaçılıq
məharəti tələb olunurdu.
Səsini vala yazdıran xanəndələrin
hər biri qeyri-adi ustalıq nümayiş
etdirərək, Azərbaycan musiqisini
bütün gözəlliyi və
təravəti ilə dinləyiciyə
çatdırmağa çalışmışlar.
Həmin firmalar tərəfindən
musiqiçilərin vallarının
kataloqu da buraxılmış, burada
musiqiçilərin şəkli və
onlar haqqında məlumatlar öz
əksini tapmışdır. Qrammafon
vallarının kütləvi tirajla
buraxılışı sonrakı
illərdə də geniş vüs’ət
almışdı.
Bu
ən’ənə bu gün də davam
etdirilir. Belə ki, muğam ifaçılarının
çıxışları müasir
texniki vasitələrlə, CD, audio,
video kassetlərə yazılır,
İnternet səhifələrinə
daxil edilir. Bütün bunlar muğam
ifaçılarının auditoriyasını
genişləndirir, dünya xalqları
arasında Azərbaycan muğam sənətinin
pərəstişkarlarının
sayını artırır. Şübhəsiz
ki, bu prosesdə özünəməxsus
dəst-xəttilə seçilən
Qarabağ muğam məktəbinin
nümayəndələrinin əhəmiyyətli
rolu vardır.
Muğamların
və xalq musiqisi nümunələrinin
qrammafon vallarına yazılması
onların elmi surətdə öyrənilməsinə
də yollar açmışdır.
Bu baxımdan 1932-ci –1943-cü illərdə
Azərbaycan Dövlət Konservatoriyasının
nəzdində Bülbülün rəhbərlik
etdiyi Elmi-tədqiqat musiqi kabinetinin
fəaliyyəti diqqətəlayiqdir.
Bu kabinetdə məşhur xanəndələrin
ifasında muğam, təsnif, xalq
mahnı və rəqsləri, aşıq
yaradıcılığı nümunələri
fonovaliklərə yazılmışdır.
Sonradan həmin nümunələr
kabinetin əməkdaşları tərəfindən
nota salınmış, kataloqlaşdırılmış
və çap olunmuşdur ki, bunun
da böyük elmi əhəmiyyəti
vardı. Çünki həmin materiallar
musiqişünasların tədqiqat
obyektinə çevrilmişdir. Bu
kabinetlə bir sıra xalq musiqi ifaçıları
əməkdaşlıq etmişlər.
Onların arasında Cabbar Qaryağdı
oğlunun xidmətləri xüsusi
qeyd olunmalıdır. Onun ifasından
200-ə yaxın xalq mahnısı
və təsnif fonovaliklərə
yazılmış və bir hissəsi
də Səid Rüstəmov tərəfindən
nota salınaraq çap edilmişdir.
Kabinetin
təşkil etdiyi Azərbaycanın
rayonları üzrə musiqi folkloru
ekspedisiyaları da qeyd olunmalıdır.
Xüsusilə Qarabağ
ekspedisiyası səmərəli olmuş,
fonovaliklərə zəngin musiqi materialı
yazılmışdır. Onu da deyək
ki, Elmi Tədqiqat Musiqi kabinetinin materiallarının
əksər hissəsi Bülbülün
ev-muzeyində saxlanılır.
Beləliklə,
xalqın dünyagörüşünün,
dünyaduyumunun ifadəsi olan muğam
ifaçıların yaradıcılığında
cilalanaraq, muğam məktəblərində
təkmilləşərək, bizim
günlərə gəlib çatmışdır.
Muğam bu gün də şifahi ən’ənəli
professional musiqi janrı kimi milli musiqi
mədəniyyətimizin bünövrəsini
təşkil edir, yaşayır, muğam
ifaçılarının yaratdığı
sənət inciləri bütün
dünyaya yayılır, və eyni
zamanda, gələcək nəsillərə
ötürülür.