~ Sonoteka ~

 

RUS / ENG/ FR/ DEU / SPAN

 

Professional xalq musiqisi >>>

 

QARABAĞ MUĞAM MƏKTƏBİ

3

Muğam sənətinin əsrlər boyu yaşarılığının sirri də bəlkə elə bundadır. Çünki hər bir ifaçı ciddi qanun-qaydalara əsaslanaraq, eyni zamanda, yaradıcılıq keyfiyyətləri nümayiş etdirir, muğamları özünəməxsus bir yolla ifa edir, bu zaman muğama yeni cizgilər, zəngülələr, avazlar, melodiyalar əlavə edir. Bütün bunlar tədricən muğam ifaçıları tərəfindən qəbul olunaraq, onların ifadə vasitələri xəzinəsinə daxil olur. Beləliklə, muğam inkişaf etdirilir. Bə’zi hallarda hansısa bir şö’bə ixtisar olunur, hansısa genişləndirilir. Bununla da muğam dəstgahlarının variantları, kiçik həcmli muğamlar və zərbi muğamlar meydana çıxır. Bütün bunlar Qarabağ musiqiçilərinin yaradıcılığı timsalında özünü bariz şəkildə nümayiş etdirir.

Qarabağ muğam məktəbinin özünəməxsus ifaçılıq xüsusiyyətləri mövcuddur. Qarabağ xanəndələri muğamatın oxuma üsullarına dərindən bələd olmağı ümdə şərt hesab edirdilər. İlk növbədə, xanəndədən geniş diapazonlu qüvvətli səs, həm pəsdən, həm də zildən eyni bacarıqla oxumaq qabiliyyəti tələb olunurdu. Onu da deyək ki, o dövrün xanəndələri içərisində ən geniş diapazonlu səsə Cabbar Qaryağdı oğlu malik olmuşdur. Onun səsi iki oktava yarım diapazonu həcmində olub, lirik-dramatik tenor idi. Bülbül dünyada məşhur olan italyan müğənnisi Karuzonun səsi ilə müqayisədə Cabbarın səsinin daha yüksək olduğunu qeyd etmişdir. Qarbağ xanəndələrindən hər biri öz gözəl səsi ilə seçilmiş və yadda qalmışdır.

Xanəndələrin ustalığı təkcə onun ifaçılıq tərzi və təfəkkürü ilə bağlı deyildi. Həmçinin, təkraredilməz oxu üslubu, şaqraq zəngülələr, uzun nəfəslər, improvizə bacarığı da vacib şərtləndəndir.

Qarabağ xanəndələrinin repertuarı geniş idi. Demək olar ki, bütün klassik muğamlar xanəndə və sazəndə dəstələri tərəfindən ifa olunurdu: «Rast», «Şur», «Mahur», «Segah», «Humayun», «Şüştər», «Çaharqah» «Bayatı-Şiraz» muğam-dəstgahları, «Qatar» muğamı, «Heyratı», «Qarabağ Şikəstəsi», «Osmani», «Mənsuriyyə» zərbi-muğamları və s. Düzdür, bu muğamlar digər muğam məktəblərində də – Bakı və Şamaxı xanəndələri tərəfindən ifa olunurdu. Lakin Qarabağ xanəndələrinin oxuduqları muğamlar öz məzmununa, hissələrin sayına, keçidlərin müxtəlifliyinə, şö’bələr arasında səslənən rəng və təsniflərin rəngarəngliyinə görə fərqlənirdi.

Bununla yanaşı, hər bir xanəndənin daha böyük məharətlə, başqalarından fərqli şəkildə ifa etdiyi muğamlar da vardı ki, xalq xanəndənin adını həmin muğamın adı ilə qoşa çəkirdi. Məsələn, Segah İslam, Zabul Qasım və s., yəni İslam Abdullayev «Seqah» muğamını xüsusi bir tərzdə, başqalarından fərqli cizgilərlə ifa etdiyinə görə xalq onu Segah İslam adlandırmışdı.

Mə’lumdur ki, Cabbar Qaryağdı oğlu «Mahur» muğamını, «Heyratı» zərbi muğamını, Seyid Şuşinski «Cahargah» muğamını, Zülfü Adıgözəlov «Rast» muğamını xüsusi məharətlə oxumuşlar.

Xanəndələr muğam dəstgahlarında qəzəl seçməyə çox fikir verirdilər. Adətən, muğamda klassik Şərq şairlərinin (Hafiz, Sədi) fars dilində yazılmış qəzəlləri istifadə olunurdu. Qarabağ xanəndələri isə muğam ifaçılığında ilk dəfə olaraq Azərbaycan dilində yazılmış qəzəllərə müraciət etməyə başladılar ki, bu da xalqın milli şüurunun, milli özünüdərkin inkişafı ilə bağlı idi. Bunun nəticəsində Azərbaycan şairləri Füzüli, Vaqif, Natəvan, Seyid Əzim Şirvaninin qəzəlləri geniş yayıldı, muğam janrının demokratikləşdirilməsi gücləndi. Xüsusilə xalq ruhuna uyğun sadə, mə’nalı dildə yazılmış şe’rlərə üstünlük verilirdi. Xanəndədən təmiz və aydın diksiya tələb olunurdu. Sözlə musiqinin uyğunluğuna xüsusi diqqət yetirlirdi.

Qarabağ xanəndələrinin yaradıcılığından söz açdıqda daha bir cəhəti qeyd etmək lazımdır. Bu da xanəndələrin təsnif və xalq mahnıları yaratmasıdır. Belə ki, hal-hazırda xalq arasında məşhur olan «İrəvanda xal qalmadı», «Tiflisin yolları», xalq mahnılarının Cabbar Qaryağdı oğlu, «Şuşanın dağları» mahnısının Xan Şuşinski tərəfindən yaradıldığı mə’lumdur. Ümumiyyətlə, bəstəkarılıq istedadına malik xanəndələr çox idi.

XIX əsrin axırlarında xanəndəlik sənəti məclis, toy, şənlik çərçivəsindən çıxıb teatr və konsert salonlarına yol tapır. İlk dəfə Tiflis və sonra Şuşa şəhərlərində teatr tamaşalarının fasilələrində xanəndə dəstələri böyük müvəffəqiyyətlə çıxış etmişdir. Bu da sonralar musiqili səhnəciklərin yaranmasına təkan verdi. Belə bir ideyanı ilk dəfə Şuşada görkəmli yazıçı (o zaman isə hələ Peterburq Universitetinin tələbəsi olan) Əbdürrəhim bəy Haqverdiyev həyata keçirdi. 1897-ci ildə «Məcnun Leylinin məzarı üstündə» adlı musiqili səhnəcik göstərildi. Bu, dahi şairimiz Məhəmməd Füzülinin «Leyli və Məcnun» poemasından sonuncu hissənin teatrallaşdırılmış musiqili ifası idi. Burada, ilk dəfə olaraq, teatr, poeziya və muğam qovuşdurulmuşdu. Tamaşanın iştirakçıları – xanəndələr muğam üstə poemanın mətnindən müəyyən parçaları ifa edirdilər.


Səhifələr:


 

  ©Copyright by Musigi Dunyasi