2
Muğamın
bütün qanun-qaydalarını
dərindən mənimsəyən,
özündən əvvəlki sənətkarların
yaradıcılığından bəhrələnən
ifaçılar muğam bilicisi kimi
ad qazanırdılar.
Muğam
ifaçıları bu sənətin
ənənələrini, sədaqətlə
qoruyaraq, sonrakı nəsillərə
ötürməklə yanaşı,
həm də onları inkişaf etdirir,
yeni melodiyalarla zənginləşirirlər.
Sənətdə özünəməxsus
ifaçılıq üslubu, öz
yolu olan sənətkarlar orijinal ifaçılıq
məktəbləri yaratmışlar.
O
dövrdə muğam ifaçılığı
əsasən toy şənlikləri
və ziyafətlərlə bağlı
olmuşdur. XIX əsrin II
yarısında Şuşada
poeziya və musiqi məclisləri
təşkil olunmağa başladı.
Görkəmli Azərbaycan şairi
Xurşud Banu Natəvan «Məclisi-üns»,
alim, şair, rəssam və musiqişünas
Mir Möhsün Nəvvab «Məclisi-fəramuşan»
yaratmışdır. Bu məclislərdə
ədəbiyyata, rəssamlığa
və musiqi sənətinə dair
maraqlı söhbətlər aparılır,
bə’zən bu söhbətlər
diskussiyalara çevrilirdi.
Bu məclislər ziyafətlərdən
və toy şənliklərindən
fərqlənnirdi. Burada musiqi sənətinin
estetik problemlərinə daha çox
diqqət yetirilirdi. Muğam dəstgahları
təkmilləşdirilir, müxtəlif
şö’bə və guşələrlə
zənginləşdirilir, yeni təsnif
və rənglər yaradılırdı.
Burada Şərq musiqisinin incəliklərinə
bələd olan görkəmli musiqişünaslar
xanəndələrin düzgün
oxumasına və ustalığına
xüsusi qayğı göstərirdilər.
Musiqi məclislərində «Şur,
«Rast», «Mahur», «Çahargah», «Bayatı-İsfahan»
muğamlarının oxunması iki,
bə’zən də üç saat
çəkərdi.
Musiqi
məclislərində muğamı
bir neçə xanəndə oxuyar,
muğam biliciləri onun haqqında
rəylərini söylər, səhv
cəhətlərini tənqid edərdilər.
Bə’zən isə müəyyən
bir muğam dəstgahı oxumaq üçün
müsabiqə e’lan edilirdi. Buna görə
də hər bir xanəndə və
çalğıçı öz
sənətini daha dərindən öyrənməyə
və təkmilləşdirməyə
səy göstərirdi. Çox zaman
isə yaradıcılığa başlayan
musiqiçilər burada ustad sənətkarlardan
xeyir-dua alırdılar.
Bu
məclislər muğam sənətinin
inkişafı üçün çox
önəmli idi və muğam ifaçıları
üçün əsil sənətkarlıq
məktəbinə çevrilmişdi.
Həmin
dövrdə muğam sənətinin
inkişafı ilə əlaqədar
olaraq, musiqi alətləri də təkmilləşdirilir. Bu baxımdan böyük
tarzən Mirzə Sadıq Əsəd
oğlunun fəaliyyəti diqqətəlayiqdir.
Həmin dövrdə muğam ifaçılığında
5 simli və diz üstə çalınan
İran tarı geniş istifadə
olunurdu. Mirzə Sadıq Əsəd
oğlu bu tarda islahatlar apararaq yeni
Azərbaycan tarını yaratmışdı.
Mirzə Sadığın yaratdığı
tar 11 simli, 17 pərdəli musiqi alətidir.
O, ilk dəfə olaraq, tarı sinə
üstündə tutaraq çalmışdır.
Bütün bu islahatlar nəticəsində
tar yeni səslənmə əldə
etmiş və yeni ifaçılıq
üsulları meydana gəlmişdir.
Muğam ifaçılığında
məhz Azərbaycan tarı həm
müşayiətedici, həm də
solo alət kimi möhkəm yer tutmuşdur.
Mirzə
Sadıq Əsəd oğlu öz
ifaçılıq məktəbini
yaratmışdı. Onun şagirdləri
və ardıcılları Qurban Pirimov,
Məşədi Zeynal olmuşdur ki,
onlar da, öz növbəsində
xalq çalğı alətləri
ifaçıları yetişdirmişlər.
Qurban Pirimovun şagirdlərindən
Hacı Məmmədov, Əliağa
Quliyev, Əhsən Dadaşov, Sərvər
İbrahimov kimi tarzənlərin adını
çəkmək olar.
Öz
məktəbini yaratmış xanəndələrdən
öncə Hacı Hüsünü
qeyd etməliyik. Məşədi İsi,
Keştazlı Həşim, Mirzə
İsmayıl, Malıbəyli Cümşüd,
Keçəçi oğlu Məhəmməd
və başqaları onun yetirmələri
olmuşlar. Əbdülbaqi Zülalovun
məktəbinin davamçıları
Cabbar Qaryağdı oğlu, Musa Şuşinski,
Məşədi Məmməd Fərzəliyevdir.
Cabbar
Qaryağdı oğlunun şagirdlərindən
Seyid Şuşinskini, Bülbülü,
Zülfü Adıgözəlovu,
Davud Səfiyarovu, Sürəyya Qacarı,
Yavər Kələntərlini və
b. göstərə bilərik. İslam
Abdullayevin yetirmələri arasında
Xan Şuşinskini, Mahmud İmamqulu
oğlunu, Sahib Şükürovu,
İldırım Həsənovu, Yaqub
Məmmədovu qeyd etmək olar. Seyid
Şuşinski də bir çox xanəndələr
yetirmişdir – Sara Qədimova, Sabir
Mirzəyəv, Süleyman Abdullayev,
Baba Mahmud oğlu və b. Zülfi
Adıgözəlov isə Mütəllim
Mütəllimovun, Qənbər Zülalovun
müəllimi olmuşdur. Xan Şuşinskinin
yetirmələrindən Arif Babayev
bu gün Qarabağ muğam məktəbini
təmsil edir. Onun tələbələrindən
Sevinc Sarıyevanın, Aygün Bayramovanın,
Gülüstan Əliyevanın adını
çəkmək olar.
Qarabağda
yaşayıb-yaradan xalq sənətkarlarından,
həmçinin xanəndə Bahadır
Mehralı oğlunu da qeyd etməliyik.
Onun yolunu davam etdirən ifaçılar
Əbülfət Əliyev, Qədir
Rüstəmov, Aydın Məmmədov,
Niqay Bayramov, Barat Fərhadov və
b. olmuşdur. Onun oğlu tarzən
Məşədi Nəriman Mehralıyev
də özünəməsus tar ifaçılıq
məktəbi ilə yadda qalmışdır.
Vaqif Əbdüqasımov, Ramiz Quliyev,
Rafiq Hüseynov, Mustafa İsmayılov,
Yusif Vəliyev və b. onun yetirmələridir.
Müasir dövrdə Ramiz Quliyevin,
Oqtay Quliyevin, Mənsum İbrahimovun,
onların tələbələrinin
yaradıcılığında Qarabağ
muğam məktəbinin ənənələri
öz əksini tapır və yeni
keyfiyyətlər kəsb kedir.