~ Sonoteka ~

 

RUS / ENG/ FR/ DEU / SPAN

 

 
mp3/au

 
 «ÇAHARGAH» MUĞAMI HAQQINDA

3

Dəraməd çalındıqdan sonra nəğməkar «Mayeyi – çahargah» adlanan ilk şöbənin ifası ilə əsil musiqi mətləbini bəyan etməyə başlayır.

Bütün başqa muğamlar kimi, «Çahargah» muğamı da bir-birinin ardınca gələn və musiqinin ümumi inkişaf xəttini təyin edən ayrı-ayrı şöbələrdən ibarətdir. Bu şöbələr daxilində kiçik musiqi parçaları da ifa edilir ki, bunlar da güşə adlandırılır. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan muğamlarında olan ayrı-ayrı şöbələr arasında bir çox güşələrdən, xallardan istifadə edilir ki, bəzən bunların əhəmiyyəti və muğamın tərkibində tutduğu mövqe çox böyük olur.

«Çahargah» muğamında da məsələ eyni şəkildədir. Yəni «Mayeyi-Çahargah»dan sonra gələn «Bəstə-Nigar» şöbəsinə keçməzdən əvvəl ifaçılar ya «Suzi-nak», ya «Kereşvə», ya da «Balu-kəbutər» deyilən güşələr üzərində bir qədər dayanmış olurlar. İndi gəlin, bu guşələrin xüsusiyyətini təhlil etmək üçün hər birisinə ayrı-ayrılıqda qulaq asaq.

Bu indicə eşitdiyiniz güşə «Suzi-nak» adlandırılır. «Suzi-nak», yəni dərdli, qəmli, kədərli, deməkdir. Doğrudan da, bu guşənin dinləyiciyə bağışladığı təsir şikayətli, iniltili, dərd və kədər doğuran bir əhval-ruhiyyə üçün çox yaxındır. Buna görə də heç təəccüblü deyildir ki, «Çahargah» muğamının ifadə qüvvəsinə nikbin bir münasibət bəsləyən Azərbaycan xanəndə və sazəndələri bu bədbinlik hissini ifadə edən güşəni yavaş-yavaş unutmağa başladılar.

Bəs «Kereşvə güşəsi nə olan şeydir? Bu suala da düzgün cavab vermək üçün əvvəlcə bu guşəyə də qulaq asaq.

Bu «Kereşvə» adlanan guşə, dinləyicidə şübhəsiz ki, müəyyən bir sevinc təsiri oyada bilir. Orta əsr ədəbiyyatımızda şairlərimiz «Kereşvə» sözünü nazu-qəmzə, süzgün baxış, göz vurmaq, cazibəli baxış məfhumlarını ifadə edən mənada işlətmişlər. Bu guşənin xüsusən əvvəlinci hissəsinin rəqs musiqisi ölçüsündə olması da «Kereşvə»nin oynaq və şux bir ahəngdə səslənməsini təmin edir.

Lakin «Çahargah» muğamı ilə qəhrəmanlıq, mübarizə, cəngavərlik hekayətini nəql etmək istəyən ifaçılarımız «Balu-kəbutər» güşəsini üstün tutmuş, ona daha böyük həvəs və meyl göstərmişlər. Buna görə də bizim bu guşə haqqında daha müfəssəl danışmağımız lazım gəlir.

«Balu-kəbutər» nə deməkdir? «Balu-kəbutər» göyərçin qanadı deməkdir. Şübhəsiz ki, burada göyərçinin qopub düşən qanadı yox, bəlkə onun göydə uçarkən qanad çalması nəzərdə tutulur. Burada «Çahargah» muğamı ilə əlaqədar olaraq, bir maraqlı cəhəti də qeyd etmək lazımdır. O da «Balu-kəbutər» güşəsinin Yaxın Şərq xalqlarının heç birinin «Çahargah» muğamına daxil etməməsi məsələsidir. Əksinə, «Balu-kəbutər» başqa Yaxın Şərq xalqlarında «Şur»«Humayun» muğamlarında işlənilir. Həm də o, bu muğamlarda güşə deyil, bəlkə daha doğrusu, bir kadans, yəni musiqi cümləsini tamamlayan, müəyyən musiqi ifadəsinə, necə deyərlər, nöqtə qoyan, onu başa çatdıran bir ibarə kimi işlədilir. Bunun üçün ifaçı çaldığı muğamın dördüncü, sonra da birinci pərdələrinə toxunub, birincinin daha bitkin, daha dayanıqlı, daha davamlı olduğunu təsbit edir. Məsələn, «Şur» muğamını çalarkən, tarçı iki dəfə boş ağ simə, sonra da bir dəfə boş sarı simə vurur.

Yaxın Şərq xalqlarından bir çoxu musiqi cümləsini tamamlayan bu ifadəni «Balu-kəbutər» adlandırmışlar. Lakin Azərbaycan xalq musiqisində isə «Balu-kəbutər» tamamilə başqa bir musiqi mənasını daşıyır.

«Balu-kəbutər» «Çahargah» muğamına böyük bir əzəmət, möhtəşəm bir vüqar mahiyyətini aşılayan çox dəyərli bir guşədir. «Balu-kəbutər» «Çahargah» muğamının ümumi ahənginə son dərəcə uyğun və səciyyəvidir. «Balu-kəbutər» guşəsi muğamın tərənnüm etdiyi musiqi obrazlarının inkişaf yolunu aydın və möhkəm bir xətlə işıqlandırır. Musiqi fikrinin əsas istiqamətini olduqca səlis və rəvan bir tərzdə müəyyən edir. Qulaq asın.


Səhifələr:


 

  ©Copyright by Musigi Dunyasi