~ Sonoteka ~

 

RUS / ENG/ FR/ DEU / SPAN

 

 
mp3/au

 «ÇAHARGAH» MUĞAMI HAQQINDA

5

Bundan sonra gələn guşə «Muyə» adlandırılır. «Muyə» acı fəryad və inilti əhval-ruhiyyəsini təsvir edir. Burada acı göz yaşları axıdan məşuqun ahu-fəğanı duyulur.

Bundan sonra «Çahargah» muğamının ən samballı şöbələrindən biri olan «Bəstə-Nigar» gəlir. Deyildiyinə görə, «Bəstə-Nigar» əsasında oxunan avaz ilə füsünkar bir gözəlin hicran ələmindən çəkdiyi iztirab, həyəcan duyğuları ifadə edilir. Doğrudan da «Bəstə-Nigar» musiqisi olduqca lirikdir.

«Bəstə-Nigar» şöbəsindən sonra «Hasar» adlanan şöbəyə keçirlər. Musiqisinin tərkibi, quruluşu, melodik xətti və bütün başqa cəhətləri etibarilə «Hasar» tamamilə «Mayeyi-Çahargah»ın eynidir. Lakin «Hasar» ilə «Mayeyi – Çahargah» arasında olan fərq «Hasar»ın «Mayeyi – Çahargah»dan beş pərdə yuxarıda çalınmasıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, məhz cəngavərlik, vuruşma, qəhrəmanlıq hadisələrindən bəhs etdiyindəndir ki, «Çahargah» muğamında istehkam qurmaq, duşməni mühasirəyə almaq, düşmənə sədd çəkmək kimi məfhumları ifadə edən sözlərə çox təsadüf edilir. Bu kimi sözlərdən biri də müəyyən qüvvəyə qarşı əks təsir göstərməyə, müqavimət işlətməyə cəhd etmək təşəbbüsüdür ki, buna da «Müxalif» deyilir.  «Hasar» şöbəsindən sonra «Müxalif» oxunur.

İki cəngavər bir-birilə vuruşarkən, iki pəhləvan bir-birilə güləşərkən, iki muqabil tərəf bir-birilə savaşarkən, yəqin ki, bunlardan biri qalib, o birisi isə məğlub olacaq. Cəngavərlik dastanı olan «Çahargah» hekayətində «Məğlub» guşəsinin də olması təbiidir. Bu guşədə məğlub olmuş tərəfin peşimançılığı, halının pərişan olduğu nəql edilir. Lakin bu guşə muğamın ümumi quruluşunda çox cüzi yer tutur. Həm də bundan sonra gələn hissə öz məzmunu etibarilə daha maraqlıdır. Yadımıza salaq ki, hekayətin əvvəlində «Balu-Kəbutər», yəni göyərçin qanadını andıran bir guşə var idi. Eləcə də indi, yəni hekayətin axırında «Pəri-Pərəstud», yəni «qaranquş qanadı» adında təsviri bir musiqi guşəsi işlədilir.

Bundan sonra «Sarbang», «Həzin», «Hözzal» «Hodi», «Rəcəz» kimi bəzi instrumental və vokal guşələrə toxunulur. Bunlar əsas etibarilə məlum kök əsasında tərtib edilmiş xırda musiqi parçaları, kiçik variasiyalardır. Bunlardan sonra, nəhayət, «Çahargah»ın ən yüksək zirvəsini təşkil edən «Mənsuriyyə» şöbəsi ifa edilir. «Mənsuriyyə» şöbəsi ilə muğamın başqa şöbələri arasında bir mühüm fərq var. O da «Mənsuriyyə» şöbəsinin vəzn etibarilə dəqiq bir ölçüdə olmasıdır. Əgər fikir vermisinizsə, Azərbaycan xalq musiqisində bu şəkildə olan bir çox musiqi əsərləri var.

Məsələn, «Şikəstə», «Heyratı», «Simayi-şəms», «Mani» və ilaxır. Bu əsərlərdə instrumental müşayiət dəqiq bir ölçüyə əsaslandığı halda, mügənninin oxuması, yəni onun avazı muğamat kimi tamamilə sərbəst ölçü üzərində qurulur.

«Mənsuriyyə» nəğməkarın olduqca zil səsə malik olmasını tələb edir. İndi eşidəcəyiniz «Mənsuriyyə» təxminən əlli il bundan əvvəl Varşava şəhərində qrammafon valına yazılmışdır. Onu tarsız, yalnız tək bir kamançanın müşayiətilə, xalqımızın ən görkəmli sənətkarlarından biri olan Cabbar Qaryağdı oğlu oxuyur. Kamançada çalır zamanının məşhur kamançaçalanı Saşa Oqanezaşvili.

Səsinin həcmi məhdud olan xanəndələr «Çahargah» muğamını oxuduqda, adətən «Müxalifət» oxuyub, təkrar «Mayeyi-Çahargaha» qayıtmaq məcburiyyətində olurlar. Bu isə muğamın tamam-dəstgah ifasının qüsurlu və yarımçıq olması ilə nəticələnir.

«Mənsuriyyə»dən sonra ifaçı təkrar «Mayeyi-Çahargaha» qayıtmaqla «Çahargah» muğamını, necə deyərlər, tamam-dəstgah oxuyub başa çatdırmış olur. Deməli, bütün başqa muğamlarda olduğu kimi, «Çahargah» muğamının da musiqi inkişafı, əsas etibarilə, bəlm pərdələrdən zil pərdələrə doğru pillə-pillə, pərdə-pərdə yüksəlmək və nəhayət, ən uca zirvəyə çatıb, dramatik kulminasiyanı mükəmməl surətdə təsbit etdikdən sonra yenə də təkrar əvvəlki mövqeyə qayıtmaq prinsipi üzərində qurulmuşdur. Musiqi materialının necə inkişaf etdirilməsi, necə işlənməsi prosesi isə çox mürəkkəbdir. Burada, əlbəttə, xanəndənin ifaçılıq məharəti, onun səsinin keyfiyyəti, onun təcrübəsi kimi cəhətlərin böyük əhəmiyyəti vardır.

Azərbaycan xalqı ta qədim zamanlardan bəri musiqi məclislərində oxuyub çalanların, yəni xanəndə və sazəndələrin ifaçılıq sənətinə həmişə böyük hörmət göstərmiş, muğam şöbələri arasında oxunan təsniflər, çalınan rənglərlə birlikdə ən azı bir saata qədər davam edən hər muğamın tamam-dəstgah ifasını əsil sənətşünas qəlbilə sevərək, həvəslə dinləmişdir. Şairin xoş kəlamı, gözəl və mənali şeri, insan ruhunu oxşayan qəzəlləri ilə muğam musiqisindəki böyük bir mənəviyyat aləminin üzvi surətdə birləşməsi nəticəsində əsil bəyii vəhdət əldə edilir. Bu iki sənət, yəni şer ilə musiqinin birləşməsi nəticəsində əldə edilən bu bədii vəhdət isə xalqın yaradıcılıq dühasının ən parlaq ən gözəl nümunəsidir.


Səhifələr:


 

  ©Copyright by Musigi Dunyasi