1
«...Biz
başqalarının əsrlər
boyu dəf etdiyi yolu bir neçə
onillik ərzində keçmişik.
Buna baxmayaraq biz dünya təcrübəsini
daha dərindən öyrənməliyik.
Lakin «bu bizik, bu isə dünya nailiyyətləridir»
- belə düşünmək səhv
olardı. Axı biz də dünyanın
bir hissəsiyik və bizim bugünkü
işimiz ümumbəşər işinin
bir hissəsidir».
Bu
sözlər Azərbaycan mədəniyyətinin
ən parlaq simalarından biri – bəstəkar
Qara Qarayevə məxsusdur.
Azərbaycan
musiqisini XX əsr dünya musiqi mədəniyyətinin
ən yüksək nailiyyətləri
ilə bir sırada görmək arzusu
sənətkarın bu hərarətli
sözlərində öz əksini
taparaq həyatının əsas məqsədini,
bütün fəaliyyətinin məğzini
təşkil etmişdir.
Bəstəkarın
həll etdiyi vəzifələrin
mahiyyətini daha yaxşı dərk
etmək üçün onun həyat
yoluna nəzər salmaq gərəkdir.
Qara
Qarayev 1918-ci il fevralın 5-də Bakıda
ziyalı ailəsində anadan olmuşdur.
Onun atası Əbülfəz
Qarayev Azərbaycanın tanınmış
pediatrı, tibb elmləri doktoru, professor,
anası Sona
xanım Axundova-Qarayeva hərtərəfli
təhsil almış, poeziya və
musiqiyə həvəs göstərən
istedadlı Azərbaycan qadınlarından
idi.
Qarayevin
erkən təəssüratları
çox zəngindir. Burada Bakı
kəndlərinin bayram və mərasimlərində
səslənən musiqi, Avropa klassikası,
eyni zamanda XX əsr sənəti nümunələri
– Bartok, Şostakoviç, Prokofyevin
əsərlərinə də yer vardır.
«Qərb və Şərq lap əvvəldən
mənim şüurumda yanaşı
yaşayırdı». Bu sözlərdə
Qarayev təfəkkürü və
dünyagörüşünün
əsas xüsusiyyətləri, onun
ikidilliliyinin kökləri öz əksini
tapıb.
Qarayevin
bir bəstəkar və şəxsiyyət
kimi püxtələşməsində
XX
əsrin dahi sənətkarları
- Azərbaycan bəstəkarlıq
məktəbinin banisi Üzeyir
Hacıbəyov və böyük
rus simfonisti Dmitri
Şostakoviç önəmli
rol oynamışlar. Azərbaycan
Dövlət Konservatoriyasında,
Ü.Hacıbəyovun sinfində Qarayev
xalq musiqisini dərindən öyrənir,
bu zəngin çeşmənin gözəlliklərini
kəşf edir. Sonralar Qarayev öz
Ustadı haqqında yığcam və
obrazlı şəkildə deyəcək:
«O, mənim milli qəlbimi hifz etmək
naminə çarpışırdı».
Çaykovski
adına Moskva Dövlət Konservatoriyasında,
Şostakoviçin sinfində Qarayev
yüksək peşəkarlıq dərsləri
keçir, sənətdə daim axtarışlar
aparmağın, təkmilləşməyin
zəruriliyini dərk edir, dünya
musiqisinin əsas nailiyyətlərinə
qovuşur.
Q.Qarayev
Azərbaycan musiqi sənəti üçün
həlledici əhəmiyyətə
malik bir dövrdə – XX əsrin 30-cu
illərinin ikinci yarısında yaradıcılıq
aləminə gəlir.
O
zaman Ü.Hacıbəyov Azərbaycan
musiqisinin lad sistemini, lad-kompozisiya məntiqini
üzə çıxaran «Azərbaycan xalq musiqisinin
əsasları» fundamental tədqiqatı
üzərində işləyirdi.
Həmin elmi araşdırmaların
nəticəsi çox önəmlidir:
dahi sənətkar böyük qələbə
çalır – «Koroğlu» operasını
yaradaraq, Şərq və Qərb
mədəniyyətləri arasında
o vaxtacan keçilməz görünən
səddi aradan götürüb, Azərbaycan
musiqisini dünya musiqi mədəniyyətinin
əsas inkişaf yoluna çıxarır.
Lakin Üzeyir bəyin başladığı
işi davam etdirmək, bədii kəşflərindən
təkan alıb təməl daşını
qoyduğu bəstəkarlıq məktbəbinin
binasını mərtəbə-mərtəbə
ucaltmaq, yeni Azərbaycan musiqisini ümumdünya
miqyasında tanıtdırmaq tələb
olunurdu. Ustaddan estafeti alan Qarayev Azərbaycan
musiqi tarixinin keyfiyyətcə yeni
mərhələsində milli ənənələrin
dünya sənəti ilə üzvi
sintezi imkanlarını axtarmağa
başlayır.
Qarayevin
elə ilk əsərləri – impressionist
boyalarla yazılmış «Tsarskoye
selo heykəli» fortepiano lövhəsi
(1937) və parlaq etnoqrafik xarakteri ilə
seçilən «Könül nəğməsi»
kantatası (1938) obrazca, üslubca
bir-biri ilə kəskin təzad təşkil
edir. Onlar bəstəkarın axtarışlar
amplitudası haqqında aydın təsəvvür
yaradır. Hələ bir-biri ilə
təmasa girməyən, ayrı-ayrı
qütblərdə yerləşən
milli və ümumbəşər
təmayüllər arasında ortaq
nöqtələrin axtarılması
Qarayevin yaradıcılıqda əsas
məqsədinə çevrilir.
1943-cü
ildə bəstəkar Birinci
simfoniyasını yazır. Azərbaycanda
simfoniya janrının təməlini
qoyan bu əsərin bədii məziyyətləri
az deyil. Müəllimi Şostakoviç
kimi müharibə mövzusuna üz
tutan Qarayev ənənəvi dördhissəli
strukturdan imtina edib orijinal ikihissəli
silsilə qurur, Azərbaycan musiqisinin
lad-intonasiya xüsusiyyətləri
və Qərbi Avropa polifoniyası,
müasir harmoniya arasında çarpaz
nöqtələr axtarır. Tənqidçilər
simfoniyanı Hindemit ruhunda cəsarətli
«neoklassik» eksperiment kimi qiymətləndirir.