~ Sonoteka ~

 

RUS / ENG/ FR/ DEU / SPAN

 

 

Azərbaycan
bəstəkarları
>>>

 


QARA QARAYEV

3

Halbuki məsələ Q.Qarayevin folklora yeni, yaradıcı münasibətində idi. Xalq musiqisinə istehlakçı münasibəti qəti surətdə tənqid edən bəstəkar söyləyirdi: «Biz folklorun əlimizin altında olan üst qatlarını insafsızcasına istismar etmirikmi? Onun əsas zənginlikləri üzdə deyil, düşündüyümüzdən daha dərinlikdədir və biz oraya enmək üçün lazımi «texniki vasitələr»lə silahlanmalıyıq».

Eyni zamanda nə «texniki vasitələr»in mürəkkəbliyi, nə də Qarayevin yaradıcılığının müxtəlif xalqların həyatını əhatə edən obraz polifoniyası onun sənətinin dərin, çox zaman təfəkkür səviyyəsində üzə çıxan milliliyini pərdələyə bilmirdi. Müsahiblərindən birində Qarayev məhz bu cəhəti vurğulayırdı: «Milli ənənələr yaradıcılıqda bəzən sövq-təbii şəkildə özünü göstərir. Mən ispan, bolqar, vyetnam mövzuları əsasında musiqi yazıram. Lakin çox zaman eşidirəm ki, bu misiqidə mənim milliyyətimin, mənim azərbaycanlı əllərimin izi qalıb. Bəs bu necə baş verir? İzah etmək iqtidarında deyiləm və doğrusu, bu barədə heç düşünmürəm də...»

Başqa bir yerdə Qarayev yenidən həmin fikri vurğulayaraq yazır ki, o, heç zaman əvvəlcədən hökmən Azərbaycan bəstəkarı olmaq vəzifəsini qarşısına qoyub işə başlamır. Məsələ ondadır ki, sənətkar istər-istəməz genetik səviyyədə öz xalqına mənsubdur, onun tarixi, təbiəti, dili ilə bağlıdır, milli xarakterin xüsusiyyətlərini özündə daşıyır...

Qarayev haqqında düşünərkən onun fəaliyyətinin miqyasına heyran olmamaq mümkün deyil. Belə ki, o, nəinki dahi bəstəkar, habelə böyük ictimai xadim, görkəmli pedaqoq və alim keyfiyyətlərini öz şəxsində üzvi surətdə uzlaşdırırdı. Ü.Hacıbəyovun vəfatından sonra Qarayev təxminən otuz il müddətində Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik etmiş, Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1949-53), professoru (1959), burada bəstəkarlıq sinfinin müdiri, Respublika Elmlər Akademiyasının həqiqi üzvü (1959) olmuşdur. Q.Qarayev Renessans dövrü sənətkarlarına xas olan bir ehtirasla özünü həyatın burulğanına atır, ən müxtəlif bilik sahələrinə canlı maraq göstərir, qələmini çeşidli janrlarda, üslublarda sınamağa tələsir, kömək əlini hamıya – istedadlı gənclərə, yeni ifaçılıq kollektivlərinin yaradıcılarına, özünün təbirincə, «həqiqət naminə yaşayıb-yaradanlara» uzatmağa çalışırdı. Türk şairi Nazim Hikmətin «Mən yanmasam, sən yanmasan, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa...» misraları Q.Qarayev fəaliyyətinə çox uyğun gəlir.

Bəstəkarın mənəvi dünyasının zənginliyi, intellektinin geniş məkanı heyrətamizdir! Caz və dünya xalqlarının folkloru, arxeologiya və dəqiq elmlər, kino, fotoqrafiya və təsviri sənət, yəni dünya elminin, incəsənətinin bütün hadisələri, yenilikləri, ixtiraları onun diqqətini çəkirdi. «Qarayev intellekti demək olar ki, hüdudsuzdur», - deyən rus bəstəkarı Rodion Şedrinin sözlərində böyük həqiqət var. Yazıçı İmran Qasımov da dostunun məhz bu keyfiyyətini heyrətlə vurğulayır: «...Nədən danışırsa-danışsın... elə təsəvvür yaranırdı ki, bütün sivilizasiya Qarayevin ovcundadır. Özü də ensiklopedik məlumatlar səviyyəsində deyil – dərindən mənimsənilmiş tərzdə, on haldan doqquzunda-heyranedici orijinal yozumda. Bəstəkarın beynində sanki informasiya şüalarını tamamilə qeyri-adi şəkildə işləyib istehsal edən bir qurğu yerləşdirilmişdir».

Bəli, Qarayev bütün eşitdiklərini və gördüklərini dərhal mənimsəmək, özününküləşdirmək, bədii üslubu ilə uzlaşdırmaq kimi keyfiyyətə malik idi. Əxz etdiyi biliklər bəstəkarın daxili dünyasını, demək, yaradıcılığını xeyli zənginləşdirir, dolğunlaşdırırdı. Yaradıcılıq isə bəstəkarın etirafına görə, «dünya ilə münasibətlərin ifadəsi üçün bir vasitə» idi.

Maraq dairəsinin genişliyi, dolğun və gərgin mənəvi həyat Qarayevin müraciət etdiyi mövzular, janrlar və üslub modellərinin müxtəlifliyində bariz əksini tapır. Bəstəkarı Nizami və Şekspir, Ömər Xəyyam və Puşkin, Servantes və Nazim Hikmət, P.Abrahams və M.Bulqakov, E.Rostan və Səməd Vurğun kimi müxtəlif dövrləri, ədəbi ənənələri təmsil edən şair və yazarların sənət dünyası özünə cəlb edirdi. Hər dəfə yeni mövzu və yeni obrazlar müvafiq olaraq yeni bədii təcəssüm üsulları və üslub xüsusiyyətlərini doğururdu. Belə ki, «İldırımlı yollarla» baletinin parlaq, al-əlvan boyaları «Don Kixot» 2 simfonik qravürlərinin bir qədər təmkinli qrafik cizgiləri ilə, «Alban rapsodiyası»nın  janr əsası aydın duyulan etnoqrafik musiqisi simli kvartetin klassik ruhda üslublaşdırılmış obrazları ilə, «Leyli və Məcnun» simfonik poemasının romantik ab-havası, emosionalllığı Violino konsertinin intellektual lirikası, sərt gözəlliyi ilə növbələşir. Eyni zamanda mövzu rənqarəngliyinə baxmayaraq, Qarayev ilk öncə müasir dövrlə səsləşən problemlərə diqqət yetirirdi.  Bəstəkarın aşağıdakı etirafı səciyyəvidir: «Müasirlik mənim qəlbimi dərindən riqqətə gətirir. Əgər mən keçmiş zamanlarda dünyaya gəlsəydim, bəlkə də bəstəkar olmazdım».


2. 2000-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının səhnəsində «Don Kihot» simfonik qravürlərinin musiqisi əsasında eyniadlı balet tamaşaya qoyulmuşdur. Baletmeyster – G.Kovtun.



Səhifələr:


 

  ©Copyright by Musigi Dunyasi