~ Sonoteka ~

 

RUS / ENG/ FR/ DEU / SPAN

 

 

Azərbaycan
bəstəkarları
>>>

 


QARA QARAYEV

5

Bu dövrdə Qarayev də ağır, üzücü düşüncələrə qatlaşır, 40-50-ci illərin əsərlərinə tənqidi nəzər salıb, yaradıcılıq yolunun səmtini dəqiqləşdirmək zəruriyyəti ilə qarşılaşır.

Sənətkarı düşündürən, narahat edən problemləri aydın təsəvvür etmək üçün onun bioqrafiyasından bir faktı xatırlatmaq gərəkdir.

1961-ci ildə Qarayev sovet bəstəkarlarının nümayəndə heyətinin tərkibində ABŞ-a səfər edir. Los-Ancelos beynəlxalq musiqi festivalında bəstəkarın «İldırımlı yollarla» baletindən ikinci süita ifa olunur. Qarayevi festivalda səslənən əsərlərin üslub, texnika baxımıdan rəngarəngliyi, SSRİ-də uzun müddət yasaq edilən Şönberq metodunun fərdi yozumu hallarının bolluğu heyrətləndirir.

ABŞ-dan qayıtdıqdan sonra Qarayevin kədərli etirafı kifayət qədər səciyyəvidir: «Musiqidə biz əlli il geri qalmışıq». Lakin eyni zamanda Los-Ancelosda eşitdikləri Qarayev axtarışlarına güclü təkan verir. Bütöv xarakter, möhkəm iradə sahibi olan bəstəkar yaradıcılıqda kəskin dönüş həyata keçirib «musiqidə mən özümü amansızcasına sındıra bildim», - yazır. O, gəncliyə xas ehtirasla, cəsarətlə yeni sahillərə doğru istiqamət alır, SSRİ-də birincilər sırasında 12-tonluq texnikanı araşdırıb tədbiq etməyə başlayır.

Həmin dönüşün yaradıcılıq nəticələri son dərəcə inandırıcıdır: Üçüncü simfoniya (1964) və Violino konserti (1967) sovet musiqisinin mərhələvi əsərləridir, bir çox görkəmli ifaçıların təfsirində yaşayırlar.

R.Şedrin bu əsərlərin tarixi əhəmiyyətini vurğulayaraq yazır ki, SSRİ Bəstəkarlar İttifaqının plenumlarında çıxışları, habelə konkret yaradıcılığı ilə Qarayev  bütün sovet musiqisinin əvvəlki dövrə nisbətən 60-cı illərdə daha təbii yol ilə inkişaf etməsində mühüm rol oynadı.

Əlbəttə, bəstəkar texnikaya kor-koranə riayət etmir, yeni səs təşkili sisteminin ənənəvi formalarla, milli leksika ilə uzlaşdırılmasının mümkünlüyünü isbat etməyə çalışırdı. O zaman Qarayevin maraqlı ideyaları bol idi. Məsələn, bəstəkar təkrar olunmayan on iki tondan ibarət sıranı Azərbaycan ladlarının səs qatarları ilə birləşdirərək «seriya texnikasına əsaslanan muğam» yaratmaq yollarını arayırdı.

Özünün səmimi etirafı – Violino konsertində isə Qarayev daha əhəmiyyətli bir məsələni həll edir – milli musiqi təfəkkürü prinsiplərini təcəssüm etdirməyə müvəffəq olur. Təsadüfi deyil ki, zahirən milli əlamətlərdən məhrum olan bu əsər Azərbaycan xalqının ən ümdə keyfiyyətlərinin – onun təfəkkür tərzinin, xarakterinin, temperamentinin təzahürü kimi qavranılmışdır.

Qarayev musiqisinin emosional məzmunu 60-cı illərin əsərlərində zərər çəkirmi? Məsələ burasındadır ki, «sakit və pak hissləri sevirəm» - deyən Qarayevin erkən əsərlərində belə daxili ciddilik ehtiraslara üstün gəlirdi. Ümumiyyətlə, bəstəkar bəzi qərarlaşmış fikirləri təkzib edərək musiqisində özünəməxsus Şərq aləmi yaradır: burada hisslərin, rənglərin, ritmlərin bütün əlvanlığına baxmayaraq, emosiyalar deyil, dərin psixologizm, incə intellekt hökmranlıq edir. Tənqidçilərin fikrincə, Violino konsertinin fəlsəfi məzmunu ilk növbədə Şərq sənətinin intellektual gücünü üzə çıxarır, «Şərq müdrikliyi» deyilən sehrli qüvvəni təcəssüm etdirir.

Qarayev dahi bəstəkar olmaqla yanaşı, böyük mütəfəkkir, parlaq natiq, sərrast söz ustası idi. Onun elmi-publisistik irsi – 40 il ərzində yazdığı çeşidli məqalələr, oxuduğu məruzələr millilik və beynəlmiləllik, ənənə və novatorluq, gənc nəslin tərbiyəsi və s. önəmli problemlərin dərin elmi şərhini verir.

Qarayev musiqi tarixinə yeni milli bəstəkarlıq məktəbinin yaradıcısı kimi daxil olmuşdur. 1946-cı  ildə Moskva Konservatoriyasını bitirdikdən sonra o, Azərbaycan Konservatoriyasında kompozisiya sinfinə rəhbərlik etməyə başlamış, həyatının 30-dan artıq ilini bu ağır və məsuliyyətli işə sərf etmişdir. Qarayev bəstəkarlıq məktəbi kimi bütün dünyada məşhur olan bu məktəbin 70-dən artıq yetirmələri arasında Azərbaycan musiqisini öz nailiyyətləri ilə zənginləşdirən  sənətkarlar – V.Adıgözəlov, T.Bakıxanov, P.Bülbüloğlu, A.Dadaşov, E.Dadaşova, F.Əlizadə, İ.Hacıbəyov, , R.Həsənova, H.Xanməmmədov, S.Ibrahimova, F.Qarayev, , A.Məlikov, M.Mirzəyev, X.Mirzəzadə, O.Zülfüqarov bir çox başqaları vardır. Azərbaycan Respublikasının mustəqillik əldə etdikdən sonra dünya bədii prosesinə inteqrasiyasının sürətləndiyi bir dövrdə Azərbaycan bəstəkarlarının əsərləri ən nüfuzlu beynəlxalq festivallarda daha tez-tez səslənir, özü də müasir Qərb musiqisi ilə rəqabətdə böyük müvəffəqiyyətlər qazanır. Bu isə ilk növbədə Qarayev məktəbinin, onun sənət və pedaqoji prinsiplərinin qələbəsidir.

Qarayevin adı Azərbaycanda böyük ehtiramla, məhəbbətlə əhatə olunub. Onun xatirəsini əbədiləşdirmək məqsədilə Bakı prospektlərindən birinə, metro stansiyasına, musiqi məktəbinə, gəmiyə, Dövlət Kamera orkestrinə bəstəkarın adı verilib.

Maddi xarakter daşıyan abidələrdən başqa Qarayev şərəfinə ucaldılan saysız-hesabsız musiqi abidələri daha önəmlidir. Burada çeşidli ithaf xarakterli əsərləri, bəstəkarın adını daşıyan «XX əsr musiqisi» festivallarını, pianoçu R.Rzayevanın «Qarayev dövrəsi» konsert proqramını qeyd edək. Həmin proqramda refren rolunu Ustadın prelüdləri oynayır, epizodları isə müxtəlif nəslə mənsub Azərbaycan bəstəkarlarının əsərləri təşkil edir. Özü də bu proqram daima yeniləşərək Qarayev dövrəsinin demək olar ki, hüdudsuzluğunu nümayiş etdirir.

Bəstəkara həsr olunmuş ədəbiyyatın həcmi ildən-ilə artır, onun əsərləri məşhur ifaçıların, F.Qasımovanın, F.Bədəlbəylinin repertuarını bəzəyir.

Dünya mədəniyyəti tarixinə öz nəhəng, cəsarətli və heyrətamiz nailiyyətləri ilə  daxil olmuş XX əsr musiqisində Qara Qarayevin, şübhəsiz, özünəməxsus yeri var. İllər ötəcək, qərinələr dolanacaq, gələcək nəsillər Qarayev musiqisi çeşməsindən bəhrələnəcək, ifaçılar onun əsərlərində yeni çalarlar üzə çıxaracaq, tədqiqatçılar bədii kəşflərinin mahiyyətinə varmağa çalışacaqlar. Milliyyətindən, əqidəsindən asılı olmayaraq planetimizin müxtəlif güşələrində yaşayan insanlar Qarayevin nurlu, nəcib, xeyirxah sənəti ilə görüşdən sarsılacaq, mənən saflaşacaq, gözəlləşəcəklər.


Səhifələr:


 

  ©Copyright by Musigi Dunyasi