~ Sonoteka ~

 

RUS / ENG/ FR/ DEU / SPAN

 

 

Azərbaycan
bəstəkarları
>>>

 


QARA QARAYEV

4

Hər dəfə bu və ya digər məqsədi reallaşdırarkən Q.Qarayev çeşidli üslub modellərinə üz tutur: onu qədim bəstəkarların kontrapunkt sənətinin ciddiliyi və caz improvizasiyalarının çılğınlığı, barokko musiqisinin aydın strukturları və Azərbaycan muğamlarının lad qanunauyğunluqları, Şostakoviç, Prokofyev və ya Stravinskinin üslub kəşfləri və dodekafoniyadakı fikir intizamı, Bah polifoniyasının məntiqi və populyar musiqi janrları, o cümlədən rok-musiqinin ritmləri eynilə maraqlandırır, özünə cəlb edirdi.

Məsələn, 70-ci illərin əvvəlində bəstəkar fransız dramaturqu Edmon Rostanın «Sirano de Berjerak» əsəri əsasında «Çılğın qaskoniyalı» müziklini yaradaraq klassisist intonasiya və janrları, romantik harmoniyanı müasir pop-musiqinin ritmləri (biq-bit) ilə qəfil tərzdə uzlaşdırmışdır.

Prelüd silsiləsi janrında XX əsr musiqisinin ən ali nailiyyətlərinə aid edilən 24 fortepiano prelüdü Q.Qarayev üslubunun məxsusi ensiklopediyası adlandırıla bilər. Burada bəstəkarın bədii kəşfləri çoxdur. O, müxtəlif musiqi janrlarının xüsusiyyətlərini, məsələn, xalq rəqsini, laylanı, matəm marşını, mahnını qəfil tərzdə müasir ifadə vasitələri, klassisist musiqinin elementləri və ya caz intonasiyaları, harmoniyaları ilə calaşdırıb tamamilə orijinal obrazlar ərsəyə gətirir. Qarayev neobarokkosuna gözəl nümunə – sonuncu altı prelüddə qədim musiqi forma və janrları – fuqa, polifonik variasiyalar, xoral, passakalya istifadə olunur. Mövzu və beş variasiyadan ibarət B-dur prelüdündə Azərbaycan xalq musiqisinin səciyyəvi intonasiyaları Skarlatti ruhunda üslublaşdırmaya məruz qalır.

Lakin hansı üsluba üz tutursa-tutsun, ən başlıcası  odur ki, bəstəkar əxz etdiyini yaradıcılıq süzgəcindən keçirir, bütün təsirləri ümumi məxrəcə – öz təkrarsız yazı ədasına tabe etdirir, tamamilə orijinal bədii tam ərsəyə gətirirdi. Odur ki, müxtəlif dövrlərə aid əsərlərin hamısını ümumi cəhətlər – forma yığcamlığı, emosional ciddilik, musiqi obrazlarının saflığı, xalq musiqisinə yaradıcı münasibət birləşdirir. Özü də Qarayev təkcə dünya təcrübəsindən faydalanmaqla kifayətlənmirdi. O, Avropa professional musiqisini öz bədii kəşfləri, o cümlədən məxsusi modal harmoniyası ilə zənginləşdirirdi.

Qarayev musiqisi janr baxımından da çox zəngindir. Bəstəkar üçün iri və kiçik, mürəkkəb və asan janrlara bölgü yoxdur. O, instrumental musiqinin miqyaslı formaları – simfoniya, simfonik poema, konsert və kino, teatr üçün musiqiyə, müxtəlif sənət növlərinin mürəkkəb sintezinə əsaslanan opera, balet, muzikl və vokal miniatür, mahnıya eyni tələbkarlıq və ciddiyyətlə yanaşırdı. Janrından asılı olmayaraq Qarayevin bir çox əsərlərində onun musiqi təfəkkürünün ümdə keyfiyyəti – simfonikliyi özünü aydın göstərir. Bəzən bəstəkar qayəsi mövcud qəliblər çərçivəsinə sığmayaraq janr adlarının dəqiqləşdirilməsini tələb edirdi. Məsələn, «Don Kixot»un tamamilə orijinal konsepsiyasını həyata keçirərkən bəstəkar başqa sənət növünün üslub xüsusiyyətlərini əsas götürmüş və bu əsəri simfonik qravürlər adlandırmışdır.

Simfonik qravürlər Qarayevin məşhur rus rejissoru Griqori Kozintsevin «Don Kixot» filminə yazdığı musiqi əsasında meydana çıxıb. Ümumiyyətlə, bəstəkar kinodakı işinə eynilə ciddi, məsuliyyətlə yanaşır, burada da simfonik əsərləri ilə rəqabət aparmaq iqtidarında olan nümunələr yaradırdı. Həmin fikrə ən gözəl illüstrasiya «Uzaq sahillərdə»  bədii filminin emosional ümumiləşdirmə qüvvəsinə malik çoxobrazlı, çoxmənalı musiqisidir. Özü də bəstəkarın kino üçün musiqisi bir qayda olaraq ekrandan ayrılıb, müstəqil həyat sürməyə başlayırdı. Məsələn, «Qoyya» filminə Qara Qarayevin oğlu Fərəc Qarayevlə birgə yazdığı musiqi böyük ispan rəssamının faciəvi həyatına həsr olunmuş tammetrajlı simfoniyanın yaranışını doğurmuşdur.

Qarayev sənətini araşdırarkən «bəstəkar və zaman» problemini də diqqətsiz qoymaq olmaz. Yaşadığı ziddiyyətli, mürəkkəb zaman bəstəkarın yaradıcılıq axtarışlarının səmtinə, onun müzakirə etdiyi mövzulara, nəhayət, bütövlükdə taleyinə böyük təsir göstərmişdir.

Zahirən Qarayev tərcüməyi-halı tamamilə qayğısız və xoşbəxt görünür. Artıq 50 yaşında o, bir çox fəxri adların, mükafatların sahibidir, sovet musiqisinin ən nüfuzlu nümayəndəsi, klassiki kimi tanınır. Lakin həyatın gözəl üz tərəfi arxasında hətta faciəli adlandırıla bilən tale – totalitar ölkədə yaşayan sənətkar aqibəti özünü açıq-aşkar göstərir.

Stalin dövrünün mədəniyyət sahəsindəki inzibatı-amirlik metodlarına əsaslanan siyasəti sənətkarı azad yaşayıb-yaratmaq, istədiyi kompozisiya texnikasını, musiqi dilini seçmək imkanından məhrum edirdi. Prokofyevi, Şostakoviçi qondarma novator, formalist, xalqdan uzaq musiqi yaradan müəlliflər kimi damğalayan 1948-ci il Kommunist Partiyasının qərarının əks-sədası Azərbaycana da gəlib çatmışdır. Bəzi başqa Azərbaycan bəstəkarları ilə yanaşı, o zaman artıq iki dəfə Dövlət mükafatı laureatı Qarayev 1948-ci il mətbuatında «formalist təmayül»ün nümayəndəsi kimi tənqid olunur. Naşı müəlliflər bəstəkarı xalq musiqi ənənələrinə riayət etməməkdə, melodik materialın mücərrədliyində, dissonansların bolluğunda və s. «günahlar»da o ki var ittihamlandırırdılar. Belə tənqidə, görünür, Qarayevin ilk iki simfoniyası əsas vermişdir. Silsilə yozumu, musiqi dilinin təravəti baxımından nəinki Azərbaycanda, bütün keçmiş sovet məkanında irəliyə, gələcəyə boylanan bu əsərlər o zaman, əlbəttə, anlanıla, asan qavranıla bilməzdi. Belə ki, qırx beş il sonra, 1988-ci ildə Bakıda Qarayevin adını daşıyan «XX əsr musiqisi festivalı»nda səslənən Birinci simfoniya heç də üstünü toz basmış «muzey eksponatı» kimi deyil, musiqi toxumasının orijinal, öz dövrü üçün cəsarətli təşkili ilə seçilən «canlı» əsər kimi qarşılandı. İstər-istəməz belə bir sual meydana çıxır: görəsən, Qarayevi qədəm qoyduğu yoldan məcburi döndərib daim «lazımi səmtə» istqamətləndirməsəydilər, sənətkarın yaradıcılıq irsi hansı şəkil alardı?

Lakin, budur, 60-cı illər gəlib çıxdı. İqlim  bir qədər mülayimləşdi, SSRİ və Qərb dünyası arasında dəmir pərdə aradan götürüldü, ölkəyə xaricdən axıb gələn informasiyanın həcmi xeyli artdı. 1962-ci ildə Straivnskinin SSRİ-yə gəlişi və misilsiz qastrolları zamanı dinləyicilər gec də olsa XX əsr sənətinin nəhənglərindən birinin parlaq, son dərəcə təravətli musiqisini özləri üçün kəşf etdilər. Həyatda, sənətdə meyarlar dəyişir, çox şey, yaxın keçmiş belə təzədən dəyərləndirilir, yeni kumirlər – Şönberq, Berq, Vebern, avanqardın ikinci dalğasının ideyaları beyinlərə, ürəklərə hakim kəsilirdi.


Səhifələr:


 

  ©Copyright by Musigi Dunyasi