~ Çap nəşrləri ~
~
Metodiki işlər~

 

 

 

TARİYEL MƏMMƏDOV
MUSİQİ FOLKLORUNUN TOPLANILMASI,
YAZIYA ALINMASI VƏ QORUNMASI HAQQINDA


İÇİNDƏKİLƏR


Xalq arasında iş usulları.


3

Xalq arasında işləmək etnomusiqişünasdan böyük entuziazm, səbr, inadkarlıq və hazırcavablıq tələb edir. Bu keyfiyyətlər olmadan xalq ifaçıları ilə əlaqəyə girmək mümkün deyil. Xüsusilə tədqiqatçıdan asılı olmayan hadisələrin gedişini də nəzərə almaq lazımdır. Artıq qeyd edildiyi kimi, etnomusiqişünas öz elmi araşdırmalarında xalq yaradıcılığının kompleks şəkildə öyrənilməsi metoduna üstünlük verir. Bununla əlaqədar olaraq, xalq arasında müşahidə apararkən, tarixi və coğrafi xarakterli məlumatlar, mühiti şəraiti, musiqi məişəti və ifaçılıq şərtləri nəzərə alınmalıdır.

Xalq arasında iş prosesi nəzərdə tutulmuş məkana yetişən kimi başlanır. Belə ki, araşdırıcı burada yaşayan xalq ifaçılarını müəyyən edir və onlarla ünsiyyət yaradır. Folkloru toplamaq işinin, xalq ifaçılarının repertuarının öyrənilməsi və səsyazmanın təşkili məsələlərinin uğurlu həlli üçün ünsiyyət qurmaq vacib şərtdir. Toplayıcının tədqiqat aparılan yerə ənənəvi bayramlar və mərasimlər keçirilən zaman getməsi daha məqsədəuyğundur. Lakin bu zaman bir sıra çətinliklər də meydana çıxır. Çünki belə mərasimə dəvət alıb, sadəcə tamaşacı olmaq mümkündür. Digər tərəfdən isə dəvətsiz gəlib mərasimə qoşularaq çəkiliş aparmaq, suallarla camaata müraciət edərək, onların diqqətini yayındırmaq fərqli münasibət yaradır.

Bəzi folklor toplayıcıları gizli çəkiliş aparmağa üstünlük verirlər. Lakin bundan çox nadir hallarda istifadə etmək olar. Məsələn, dəfn mərasimində açıq – aşkar çəkiliş aparmaq, aparaturadan istifadə etmək yersiz hərəkətdir. Bununla yanaşı, ağı və mərsiyə janrının öyrənilməsi üçün müşahidə aparmaq zəruri şərtdir. Etnomusiqişünaslar bu musiqili mərasimin yazılmasında çətinlik çəkirlər. Ona görə ki, təbii icra edildiyi şəraitdən kənarda bu mərasim öz funksiyasını itirir və mərasimin obyektiv təcəssümünü yaratmaq mümkün olmur.

Müasir dövrdə folklorun nümayişi adi hal almışdır. Buna görə də xalq arasındakı qədim mərasim bilicilərinə musiqi folklorunun – mərasimlərdə səslənən mahnı və rəqslərin yazıya, lentə alınaraq xalqın tarixinin qorunması yolunda mühüm əhəmiyyətə malik olduğunu başa salmaq və çəkiliş aparmaq üçün icazə almaq çətin deyil. Folklor toplayıcısı ifaçını psixoloji cəhətdən hazırlamalıdır ki, mahnı ifaçının adət etdiyi şəraitdə səslənsin.

Bəzən ekspedisiyaya hazırlaşarkən yerli ənənələr haqqında materialların öyrənilməsi tədqiqatçının köməyinə gəlir və o, öz bilgilərindən istifadə edərək, xalq ifaçıları ilə ünsiyyət qura bilir. Etnomusiqişünas informatora sadə və aydın dildə, elmi terminlərdən istifadə etmədən məqsədini anlatmalı, nə kimi nümunələri yazmaq istədiyini başa salmalıdır. Bu, çox vacibdir. Lakin folklor materialını toplamaq və yazmaq işinə ifaçının təklif etdiyi nümunələrdən başlamaq lazımdır. Bundan sonra toplayıcı öz razılığını bildirərək, tədricən söhbəti onu maraqlandıran məqama yönəltməlidir. Adi insani keyfiyyətlər, həssaslıq, səmimilik və sədəlik bu işdə folklorçuya çox kömək edir.

Folkloristikada müşahidədən daha çox eksperimentlə qarşılaşmaq olur. Qeyd etmək lazımdır ki, folklor musiqisinin adi qaydada yazılışının aparılması artıq eksperiment hesab olunur. Çünki bu cür yazılış müəyyən şəraitdə aparılır, belə ki, bunun üçün ifaçıların müəyyən bir yerdə toplanması, səhnə şəraitinin yaradılması, ifaçıların repertuarının qabaqcadan razılaşdırılması, yazı prosesinin texniki təchizatı tələb olunur. Bütün bunlar müşahidə aparılarkən artıq hazırlanır. Nəzərə almaq lazımdır ki, bu, mövcud təbii məişət şəraitinə çox yaxınlaşır. Buna görə də folklorşünaslıqda, onu nəzəri cəhətdən natura eksperimenti adlandırırlar.

Natura eksperimenti yığım mərhələsində musiqi folklorunun tədqiqində ən geniş yayılmış metodlardan biridir. Əksər hallarda natura eksperimenti zamanı toplanan materialları tarixi mənbələri düzgün əks etdirən obyektiv materiallar hesab etmək olar. Bəzən natura eksperimenti tədqiqatın mümkün olan yeganə forması da ola bilər. Onun köməyi ilə materialı toplama prosesi sürətlənir, musiqi janrlarının qeydə alınması məsələləri araşdırılır. Elə janrlar var ki, onları natura eksperimentindən kənarda yazıya almaq məqsədəuyğun deyil. Belə janrlardan biri dastandır, çünki o, hər şeydən əvvəl, dinləyici auditoriyasına ünvanlanır, canlı ünsiyyətdən doğan psixoloji atmosfer mühüm əhəmiyyət kəsb edir.

Natura eksperimenti ilə yanaşı, folklorşünaslıqda və musiqi folkloristikasında laboratoriya eksperimenti forması da geniş istifadə olunur.

Laboratoriya eksperimenti xüsusi şəraitdə qarşıya qoyulan məsələlərə uyğun olaraq şəxsi metodik aparatın istifadəsi üçün zəruri şərtləri irəli sürür. Bu metod folklorun dinamik təbiətini, onun professional cəhətlərini araşdırmağa imkan verir. Laboratoriya eksperimenti, müşahidə metodundan fərqli olaraq, nəzərdə tutulmuş folklor təzahürünün öyrənilməsinə mane olan əlavə hadisələrin ləğvinə gətirib çıxarır. Burada söhbət araşdırılma zamanı lazımsız elementlərdən təmizlənmiş və laboratoriya şəraitində yaradılmış «təmiz» məhsulun modelləşdirilməsindən gedir. Bu, sözsüz ki, nəticələrin alınması prosesini tezləşdirir və eksperimentin sxemləşdirilməsinə imkan yaradır.

Əgər eksperiment müşahidə ilə qovuşdurulursa, o zaman xüsusilə məhsuldar nəticələr verir. Eyni bir hadisənin araşdırılması zamanı bir metoddan digərinə keçid daimi və təsadüfi cəhətləri bir-birindən ayırmağa yol açır.

Laboratoriya eksperimenti öz məqsədlərini həyata keçirmək üçün «dəqiq» elmlərin metodoloji istiqamətlərini, o cümlədən, öz səciyyəvi cəhətlərinə görə həmin metodların işlənilməsi yoluna qədəm qoyan ictimai elmlərin istiqamətlərini qəbul edir. Belə istiqamətlərdən biri sosiologiyadır. Folklorşünaslığın musiqili təmayülü ümumi fizikanın bölmələrindən birini musiqi akustikasını öyrənir. Onun klassik nümunəsinə V.Belyayevin əsərlərində rast gəlmək olar. O, xalq çalgı alətlərinin ölçülərini, o cümlədən, tar alətinin ölçülərini vermişdir.

Folklor əsərinin bilavasitə təcəssümü bir çox faktorlardan: ifaçının savad səviyyəsindən, psixikasından, səmimiliyindən, əhval – ruhiyyəsinin dəyişməsindən, ümumi dünyagörüşündən asılıdır. Buna görə də natura eksperimenti çox zaman ifaçı üçün qeyri – adi şəraitdə keçirilir. Burada müxtəlif subyektiv faktorlar nəzərdə tutulub: informatorun etnomusiqişünas tərəfindən göstərilən etimadı doğrultmaq istəyi, hadisə yerində olan kənar şəxslərin reaksiyası və s.

Subyektiv faktor eksperimentçinin özü, onun ümumi professional hazırlığı ilə bağlıdır.

Folklor əsərinin daxili və xarici elementlərlə qarşılıqlı əlaqəsinin tam mənzərəsini açıqlamaq üçün çox vaxt onun ayrı-ayrı cəhətlərini nəzərdən keçirmək lazım gəlir.Bu zaman hər hansı bir hadisənin təkrarən fiksasiyası yaxşı nəticə verir. Bu şərtlə ki, təkrarlanma xüsusi hazırlanmış şəraitdə həyata keçirilsin.

Xüsusi eksperiment şəraitinin yaradılmasının iki üsulunu qeyd edə bilərik. Birincisi, yaradıcılıq prosesi ilə bağlı hadisələr yığımında komponentlərdən birinin ixtisar olunması ilə bağlıdır. Bu komponent musiqiyə aid ola da bilər, olmaya da bilər.Belə ki, ritmikaya zahiri təsirləri aydınlaşdırmaq üçün aşağıdakı eksperimentə yer vermək olar: melodiyanı müşayiət edən hərəkətdən tamamilə imtina etmək. İkinci üsul isə baş verən musiqi hadisəsinə ona xas olmayan əlamətləri cəlb etməyi nəzərdə tutur, məsələn, mahnının bir parçasının başqa yüksəklikdə oxunması. Bununla lad sistemində intonasiya xüsusiyyətləri müəyyən olunur.

Belə bir özünəməxsus eksperimentin qeyd olunması vacibdir. Həmin eksperimentin məğzi ondan ibarətdir ki, təkrar yazılış müəyyən vaxt keçdikdən sonra, mütləq dəyişdirilmiş şəraitdə həyata keçirilməlidir. Bu, xalq yaradıcılığının inkişafındakı tarixi istiqamətlərin və onun ümumiyyətlə həyatda baş verən dəyişikliklərlə əlaqəsinin açılmasına imkan verir.

Müşahidə və eksperiment xalq arasında folklor tədqiqatının əsas forması olan natura eksperimentini əvəz etmir. İlk iki metod yalnız diqqəti səciyyəvi məsələlərə yönəldir. Bundan sonrakı kabinet mərhələsindəki metodlar isə köməkçi, aydınlaşdırıcı, dəqiqləşdirici əhəmiyyət daşıyaraq, verilmiş musiqi folkloru hadisəsi haqqında təsəvvürlərin genişlənməsinə və dərinləşməsinə xidmət edir.

GIRIŞ:    səhifələr     1    2     3     4     5     6     7    8