Müasir folklorşünaslığın
əsas müddəalarından biri bütün
folklor əsərlərinin nota yazılması
tələbindən ibarətdir. Ancaq folklorun
təkcə nadir mətnli nümunələri
deyil, həmçinin, adi, artıq elmə
məlum olan nümunələri də
yazılmalıdır. Nəzərə
almaq lazımdır ki, etnomusiqişünaslıqda
təkcə forma və məzmununa görə
tam, bütöv nümunələr deyil,
eyni zamanda, pis qorunub saxlanılmış,
korlanmış, zədələnmiş
nümunələr də elmi maraq kəsb
edir. Verilmiş fakt öyrənilən
ərazidə bu və ya digər folklor
əsərinin mövcudluğuna dəlalət
edir. Dağınıq formalı əsərlərin
yazılması şifahi xalq yaradıcılığının
həyat prosesi, onun məruz qaldığı
dəyişlmələr və dağıntılara
dair maraqlı nəticələr əldə
etmək imkanı verir. Çox zaman hətta
əsərin dağılmış variantı
bir neçə elə dəqiq cəhətləri
qoruyub saxlayır ki, bunlar elmi nəticələr
üçün olduqca mühüm əhəmiyyət
kəsb edir.
Şifahi
xalq yaradıcılığı nümunələrinin
nota yazılması metodikasında variantların
mövcudluğu diqqət mərkəzinə
çəkilir. Xalq mahnısının
hər bir yeni yazılan variantı maraq
doğurur. Burada müəyyən bədii
dəyərə malik cəhətləri
aşkarlamaq mümkündür.
Musiqi
folklorunun nota yazılması metodikasının
ən başlıca tələblərindən
biri nümunələrin yalnız ifa olunan
zaman yazılmasından ibarətdir.
Folklor
əsərlərini yadda saxlayıb sonra
nota yazmaq isə metodikanın ciddi surətdə
pozulması deməkdir: toplayıcı
əsərə qulaq asır, sonra onu necə
yadda saxlayırsa, o şəkildə də
nota yazır. Sözsüz ki, elə vəziyyət
ola bilər ki, ifa zamanı mahnını
nota salmaq mümkün deyil, məsələn,
yolda olarkən və ya kənddə işıq
sönən zaman ola bilər və s. Buna
görə də eşitdiyin nümunəni
yadda saxladığın kimi yazmağa
məcbur olursan. Əgər ifa zamanı
hər bir şərait varsa, folkloru həmin
vaxtda yazmaq lazımdır. İfaçılara
müraciətlə, əsərin təkrarən,
daha əlverişli şəraitdə bir
daha ifasını xahiş etmək də
olar. Çünki elə əsər ola
bilər ki, onları metodikanın tələblərinə
uyğun nota yazmaq vacıbdir.
Daha
bir mühüm metodik göstəriş
mövcuddur: xalq yaradıcılığına
aid hər hansı əsəri ifa edərkən,
informatorun çıxışını
kəsmək olmaz, folklor toplayıcısı
da bu yaradıcılıq prosesinə mane
olmamalıdır. Verilmiş metodik üsulun
pozulmasını bu işə yeni qoşulan
folklor toplayıcıları belə izah
edirlər ki, ifa zamanı nota yazmanı
çatdıra bilmirlər. Buna görə
də ifaçıdan bir qədər yavaş
oxumasını xahiş edirlər. Və
yaxud çalışırlar ki, ifaçıdan
folklor mətninin xüsusi diqqət tələb
edən yerlərini (nəqərat, təkrarlanma,
intonasiya xüsusiyyətləri və s.)
aydınlaşdırsınlar. Bunun üçün
mətnə aid bütün suallar onun ifasından
sonra verilir. Əgər toplayıcı
yazıb çatdıra bilmirsə, onda mətndə
boş yerlər qoymalıdır. Əsər
ifa olunub qurtarandan sonra nəzərdən
qaçmış sözlər və izahlar
ora yazılmalıdır. Həyata keçirilmiş
not yazısının düzgünlüyünü
yoxlamaq üçün ifaçıdan əsərin
təkrar olunmasını xahiş etmək
olar. Düzdür, bu üsuldan çox az-az
hallarda istifadə etmək lazımdır:
əgər hər hansı bir səbəbdən
not yazısı uğursuz və keyfiyyətsiz
alınarsa. Çünki əksər hallarda
hər dəfə ifa etdikcə, ifaçılar
mahnının mətnini dəyişirlər.
Folklor
əsərini bilavasitə nota yazarkən
onu tamamlamaq lazımdır. Hətta yazılan
janr nümunəsi hər hansı səbəbdən
toplayıcının məqsədlərinə
cavab verməsə də. Çünki yazının
yarımçıq kəsilməsi ifaçının
yaradıcılıq əhval – ruhiyyəsinə
mənfi təsir göstərir, bəzi
hallarda isə onlar gələcək əməkdaşlıqdan
imtina edirlər. Bununla yanaşı, elə
hallar da olur ki, toplayıcı üçün
maraqsız olan ilk nümunənin ifasından
sonra informator qiymətli materiallarla çıxış
edir.
Folklor
əsərini yazıya alan zaman ifaçını
əhatə edən şəraitin və
ifa prosesinin təbiiliyinə nail olmaq lazımdır.
Əlbəttə ki, toplayıcı folkloru
real şəraitdə, məsələn,bayram
və ya toy zamanı yazmağa nail olarsa,
bu daha böyük uğur hesab edilir. Lakin
belə xoşbəxt təsadüflər
isə o qədər də çox olmur.
Buna görə də çox zaman folklorun
təbii ifaçılıq formalarını
canlandırmaq lazım gəlir. Bununla əlaqədar
olaraq, yazı zamanı dinləyicilərin
də mühüm rolu nəzərdə
alınmalıdır. Yazıya alma ilə
məşğul olan folklorçudan başqa,
dinləyicilərin də olması, onların
replikaları ifaçıya yaxşı
təsir edir, onu gümrahlandırır,
yaradıcılığını və
istedadını hərtərəfli nümayiş
etdirməyə ruhlandırır. Digər
tərəfdən, dinləyici auditoriyasının
təqdiredici, tərifli nidaları özlüyündə
çox qiymətlidir. Onlara əsaslanıb
düzgün nəticə çıxartmaq
olar ki, hansı əsər, əhali arasında
necə qarşılanır; məsələn,
xalq dastanında söylənilənlər
inam doğurur, alqışlanır və
ya əksinə, necə münasibət
yaradır. Buna görə də musiqi folkloristikasında
təkcə folklor nümunələrinin
deyil, həmçinin, dinləyicinin münasibətini
bildirən replikaların da yazıya alınması
əhəmiyyətlidir.
Lakin
bütün hallarda, zəruri deyil. Məsələn,
lirik mahnıları dinləyici olmadan da
yazmaq olar. Musiqi folklorunun toplanmasında
isə ifaçı ilə təklikdə
işləmək tövsiyə olunur. Bundan
ələvə, yadda saxlamaq lazımdır
ki, müxtəlif səbəblərdən
(utancaqlıq, gülüş hədəfinə
çevrilmək qorxusu və s.) bəzi
informatorlar folklor toplayıcısı ilə
auditoriyanın iştırakı olmadan
təklikdə görüşüb, öz
bilik və bacarığını nümayiş
etdirməyə üstünlük verirlər.
Əgər ifaçı özünü
təbii şəraitdə hiss edərsə,
yalnız o zaman folklor mətninin yazılışı
metodik cəhətdən düzgün alınacaq.
Bu zaman toplayıcının informatorun
inamını qazanması, folklor sahəsində
bilgilərini nümayiş etdirməsi,
yazı prosesi üçün təbii şəraiti
yaratması bacarığı, maqnitofon,
diktofon, videokamera qarşısında və
ya hər hansı bir sözü və
deyilən zərbi – məsəli yazmağa
hazır olan adi kağız – qələmi
görərkən utanıb – çəkinən
ifaçını ələ almaq bacarığı
mühüm rol oynayır.
Yazıya
alınan hər bir məlumatı sənədləşdirmək
vacibdir. Folklor əsərlərinin not yazılarını
onların janr və növlərindən
asılı olaraq tərtib etmək lazımdır;
məsələn, mahnı janrı şerin
mətnində bölgülər nəzərə
alınaraq, bəndlər, misralar, nəqərat
və s. qeyd olunaraq yazılır. Nəsr
nümunələrində abzaslar dialoq
və vasitəli nitq aydın göstərilməlidir.
Musiqidən danışarkən, iki xüsusiyyəti
nəzərə almaq lazımdır. Bunlar
tədqiqat üsulları ilə bağlı
meydana çıxır. Birincisi, notlaşdırılan
üslub əlamətləri ilə (səsyüksəkliyi,
ritmika, kompozisiya, temp), ikincisi isə notlaşdırılmayan
(tembr, aqogika, səsçıxarma üsulları)
əlamətlərlə bağlıdır.
Lakin onların arasında kəskin sərhəd
yoxdur. Notlaşdıran
ifadə vasitələri (səsyüksəkliyi,
ritm, temp, forma) əslində təxmini
qeyd olunur. Onu da deyək ki, folklorçunun
texniki təchizatı müasir elmin tələblərindən
geri qalır, bunu bütün etnomusiqişünaslarımız
etiraf edirlər. Bu səbəbdən də
dəqiq notlaşdırma problemi (və
ya nota yazılma, transkripsiya) ən aktual
problem kimi ön plana çıxır.
Notlaşdırma
xalq mahnı yaradıcılığına
aid əsərlərin yazılması sahəsində
yerinə yetirilən ən mürəkkəb
işlərdən biridir. Toplama işi
kimi, mahnı folklorunun nota yazılmasının
da özünəməxsus metodikası
vardır. Və bu metodika dövrdən,
folklorun yazılma vasitələrindən
asılı olaraq dəyişir. Folklor
materialının toplanmasına nisbətən,
onun nota yazılması xalq musiqisinin tədqiqi,
onun özünəməxsusluğunun dərk
olunması ilə daha sıx bağlıdır
ki, bu da şərti olaraq not yazısında
öz əksini tapır. Folklorçunun
nota yazılma metodlarından asılı
olaraq, orijinalda not yazısının vəziyyətini
şərh etmək mümkündür,
yəni onun əsas cizgiləri saxlanılacaqmı,
o, xalq mahnısındakı gözəl
obrazlı estetikanı bədii cəhətdən
real şəkildə əks etdirəcəkmi,
və ya o, məzmundan daha artıq, əhəmiyyətsiz
detalları təcəssüm etdirən
naturalist xarakter kəsb edəcək, ya
da not yazısı orijinalı tanınmaz
bir vəziyyətə salacaq.
Təsadüfi
deyil ki, folklorun toplanılması və
nota yazılması işində müxtəlif
xalqların musiqi mədəniyyətini
təmsil edən görkəmli bəstəkarların
böyük rolu olmuşdur. Onların əksəriyyəti
eşitməklə yadda saxladıqları
nümunələri nota yazmışlar.
Bir çox bəstəkarların fərdi
yaradıcılıq üslubunun formalaşmasında
onların doğma xalq musiqi yaradıcılığının
milli xüsusiyyətlərinin dərindən
dərk etmələri xalq musiqisi nümunələrini
toplamaları və nota yazmaları mühüm
əhəmiyyətə malikdir. Onların
tərtib etdikləri mahnı məcmuələrinin
mahiyyəti və tükənməz həyatiliyi
də məhz bununla bağlıdır.
Elə S.Rüstəmovun, Q.Qarayevin, T.Quliyevin,
F.Əmirovun, N.Məmmədovun, R.Zöhrabovun,
T.Məmmədovun məcmuələrini
yada salmaq kifayətdir (burada M.Balakirevin,
N.Rimski-Korsakovun, Bela Bartokun da məcmuələrini
xatırlatmaq yerinə düşər).
Musiqi folkloru nümunələrinin nota
yazılması onların yeni musiqi dilinə
çevrilməsi və ona müasir şərhlər,
izahlar verilməsi deməkdir. Son otuz-qırx
il ərzində çapdan çıxmış
folklor məcmuələrində və
bu sahədəki tədqiqatlarda not yazılarının
keyfiyyətinə çox fikir verilir. Bu
tendensiya folklorun toplanması ilə məşğul
olan müxtəlif elmi müəssisələrin
fonduna yığılmış not yazılarında
da müşahidə olunur. Belə bir tendensiya
musiqişünasların not yazılarında
xalq havalarının milli özünəməxsusluğunu
hərtərəfli və tam şəkildə
əks etdirmək meyli ilə bağlıdır.
Təkrar yazılar əsasında detalların
dəqiqləşdirilməsilə həyata
keçirilən notlaşdırma elmi materiallar
bazasında xalq musiqi ənənələrinin
öyrənilməsi perspektivlərini açır.
Çoxvariantlı
yazı metodundan istifadə ansamblın
ifasındakı bütün səslərin
dəqiqliklə nota salınmasına imkan
verir.