~ Çap nəşrləri ~
~
Metodiki işlər~

 

 

 

TARİYEL MƏMMƏDOV
MUSİQİ FOLKLORUNUN TOPLANILMASI,
YAZIYA ALINMASI VƏ QORUNMASI HAQQINDA


İÇİNDƏKİLƏR


5

Digər not yazıları da folklorçular qarşısında yeni məsələlər qoyur ki, onların həll olunması xalq mahnı yaradıcılığının gözəl nümunələrinin dərindən dərk olunmasına yardım edir. Nota salınma praktikasında havaların səsyüksəkliyi, quruluşunun və metro-ritmik şəklinin göstərilməsi zamanı bir sıra çətinliklər yaranır. Buna görə də folklorçular maqnitofon lentinə alınmış yazıları nota salarkən bəzi əlavə işarələrdən istifadə edirlər. Nəticədə bir qədər mürəkkəb not yazısı sistemi meydana gəlir ki, burada ayrı-ayrı elementlərin mənası anlaşılmır. Bundan əlavə, müasir folklorşünaslar təkcə musiqi səslərini deyil, həmçinin, xalq ifaçılığındakı sintkretik cəhətləri, səs, nitq sədalarını da göstərməyə çalışırlar. Azərbaycan xalq mahnılarının, aşıq havalarının maqnitofon lentindən nota yazılması zamanı elə hallarla qarşılaşmaq olur ki, lad daxilində yarımton həcmində pillələr artırılır və əksildilir, və ya müxtəlif yüksəklikli lad pillələri qarşılaşdırılır. Folklorçu bu artırılma və əksildilmələri ox işarələrinin (­¯) köməyi ilə və ya şərti olaraq, alterasiya işarələri ilə qeyd edir.

Belə halların öyrənilməsi üçün çox zaman təkrar yazı metodlarından istifadə olunur. Havanın intonasiya kökündən yayınmasının təsadüfi hal olması da nəzərdən qaçırılmamalıdır. Musiqi folkloristikası tarixi aspektli elm olmaqla digər məsələlərlə yanaşı, mədəniyyətin sənədləşdirilməsinə də xüsusi diqqət verir. Xalq incəsənətinin etnomusiqişünaslar tərəfindən reallaşdırılmış hər bir nümunəsi ciddi şəkildə pasportlaşdırılır. Pasportlaşdırmada aşağıdakı maddələrin olması vacib şərtdir: 1) əsər kimin ifasından yazılıb (soyadı, adı, atasının adı); 2) ifaçının milliyyəti; 3) ifaçının yaşı və ya anadan olduğu il; 4) doğulduğu il; 5) təhsili; 6) sənəti; 7) əsərin yazıldığı yer (şəhər, rayon, vilayət, kəndin adı); 8) əsərin kim tərəfindən yazıya alınması (folklorçunun soyadı, adı); 9) yazılma tarixi.

Pasport məlumatlarından başqa, hər bir yazıya alınmış mətnə bir sıra şərhlər əlavə olunmalıdır: ifaçının folklor əsərinin janr mənsubluğu barədə məlumatı (bu, çox zaman elmi müddəalarla uyğun gəlmir); informatorun əsərə münasibəti; əsər hansı məişət şəraitində ifa olunmuşdur; hal–hazırda mövcuddurmu və ya yaddaşlarda qalan bir nümunə kimi nota yazılmışdır. İnformatorun ifa etdiyi əsərlərin kimdən və harada öyrəndiyini də dəqiqləşdirmək vacibdir. Folklorçular yerli ənənələrin təyin olunmasında çox tez-tez səhvlərə yol verirlər. Ona görə ki, xalq mahnı ifaçıları repertuarın haradan yarandığı ilə maraqlanmırlar. Onların yaradıcısı isə respublikanın digər rayonlarından bura köçüb gəlmiş yaşlı adamlar da ola bilər.

Şərhlər folklorun xalq məişətində mövcudluğunun dəqiq təsvirini yaratmağa imkan verir. Bu baxımdan ifaçıların özlərinin folklor haqqında fikirlərini öyrənmək çox vacıbdir. Onların bir yerdə toplanmış fikirləri alimlər üçün zəngin və maraqlı tədqiqat materialıdır.

Çox zaman folklor toplayan şəxslər təkcə şərhlərlə kifayətlənməyərək, öz müşahidələri əsasında ifaçıların yaradıcılıq portretini və tərcümeyi halını yazır, burada onların repertuar və sənətkarlıq xüsusiyyətlərinə aydınlıq gətirən maraqlı faktları və məlumatları diqqətə çatdırırlar.

İfaçının yaradıcılıq portretinin yazılması çətin işdir. Folklorçu kimi yeni işə başlayan şəxslərin əsas səhvi ondan ibarət olur ki, yaratmaq istədikləri ifaçı obrazında səciyyəvi cəhətləri aşkara çıxara bilmirlər. İnformatorun portreti üzərində işlərkən, folklorçu yaddan çıxarmamalıdır ki, o, folklor bilicisinin xasiyyətnaməsini yazır. Buna görə də, hər şeydən əvvəl, o, belə bir cəhətə diqqət yetirməlidir ki, folklorun mövcud təsviri fonunda yaradılan portret hansı xüsusiyyətləri dəqiqləşidirə və izah edə bilər. Eyni zamanda, ifaçının folklor sahəsindəki bilgilər nə dərəcədə onun tərcümeyi-halı ilə uyğundur. Beləliklə, ifaçıların yaradıcılıq xasiyyətnamələrinin tərtib olunması, hər şeydən əvvəl, folklor bilicisinin şəxsiyyətinin təhlilidir. İnformatorların yüksək professional səviyyədə yazılmış portretləri qiymətli elmi sənədlər kimi istifadə oluna bilər.

Əgər ifaçıların portretinin yaradıllasına tam şəkildə nail olmaq mümkün deyilsə, folklorçının xalq ifaçısının yaradıcılığına aid ayrı – ayrı müşahidələri, onların həyat yolu barədə məlumatları da böyük maraq kəsb edir.

Tədqiq olunan yerlərin tarixi – etnoqrafik xarakteristikasına aid kiçik oçerklər də müəyyən elmi əhəmiyyətə malikdir. Belə oçerklərdə verilən məlumatlar çox müxtəlif ola bilər: kəndin yerləşdiyi ərazi, onun şəhərdən hansı məsafədə uzaqlığı, böyüklüyü, nə vaxtdan öyrənilməyə başlanılmışdır, yaşlı adamların sayı, gəlmələrin hansı ərazilərdən köçüb burada məskunlaşması, əhalinin milli tərkibi, əhalinin məşğuliyyəti – iqtisadiyyatla və kənd təsərrüfatı ilə məşğul olmaları, kənddəki klub, kitabxana və ya mədəniyyət ocaqları haqqında məlumatlar maraqlıdır.

Folklor toplayıcıları xüsusilə həmin yerin tarixini əks etdirən əfsanə və rəvayətlərə də diqqət yetirməlidirlər. Bütün metodik – etnoqrafik oçerklər yalnız konkret faktlarla, onları toplayanların kənd həyatı ilə və əhalinin yaşayış tərzi ilə bağlı dəqiq müşahidələrlə zəngin olduğu halda mühüm əhəmiyyət kəsb edir. Bu da etnomusiqişünaslara folklorda təzahür edən mürəkkəb halları izah etməyə kömək göstərir.

GIRIŞ:    səhifələr      1    2     3     4     5     6     7    8