~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

HAVACATIN VƏ ŞE’RİN VƏZNİ

1

Azərbaycan xalq şe’ri heca («barmaqhesabı») vəzni əsasında qurulur. Bu cəhətdən Azərbaycan xalq şe’ri tonik, sillabotonik, əruz və başqa vəznli şe’r sistemlərindən fərqlənir. Heca vəznli şe’rin yaranması türk dillərində aqqlütinasiyalı sözdüzəltmədən irəli gəlir58.

Aşıq şe’rində ən geniş yayılmış quruluşlar 7 hecalı bayatı, 8 hecalı gəraylı və 11 hecalı qoşmadır. Azərbaycan şe’ri dilində hecaların nizamlanması misraların bərabərhecalılığı ilə bağlıdır. Misradakı hecaların sayı, bölmələrə ayrılmalar şe’rin vəznini müəyyən edir.

Belə təşkiletmədə sezura yaxud sözlərarası fasilənin (ara) böyük əhəmiyyəti var. Sezuranın (durğunun) şe’r misrasında yeri müxtəlifdir və sözün (sözlərin) yerləşməsi və mə’na yükündən asılıdır. Məsələn:

Yerindən, yurdundan ayrılan könül,
Arabir vaxt tapıb ağlasın gərək.
Əzizi, əzbəri qırılmış kimi
Yas tutub qaralar bağlasın gərək.

Şe’rin quruluşu 11 hecalı qoşmadır. Heca bölmələrini belə ayırmaq olar:

3 + 3 + 5 = 11
      6 + 5 = 11
3 + 3 + 5 = 11

      6 + 5 = 11

Beləliklə, Azərbaycan xalq şe’ri fasilələr yolu ilə yarımmisralara ayrılır. Belə bölünmədə ağırlıq mərkəzi daha uzun fasilə (xarici sezura) ilə bitən ikinci yarımmisraya düşür.

Mətnin heca bölmələrinə (birləşmələrinə) ayrılması həm də şe’rin musiqili ifa ən’ənələrindən asılıdır. Yarımmisraların arasındakı fasilə anları, görünür ki, vaxtı ilə ayağın yerə vurulması ilə müşayiət olunurdu. Bu cür və oxşar hərəkətlər şe’r-nəğməyə vəzni müəyyənlik gətirirdi.

Türkoloqlar həmişə xalq şe’rinin ahəngdarlığına diqqət yetirirlər. Ahəngdarlıq isə qafiyələrin bolluğundan irəli gəlir və şe’rin vəznini möhkəmləndirən başlıca vasitədir. Qafiyə misranın hüdudlarını göstərir, misranı tamamlayan sözlər məhz qafiyə sayəsində aydın səslənir.

Qafiyə şe’rin vəzni bütövlüyünü nəzərə çarpdırır və sonuncu fasilənin dərki ayrı-ayrı misraların bir bənddə birləşərək bütöv qavranmasına imkan yaradır.

Qafiyə mətnin müxtəlif bölmələrində — misranın (yaxud şe’rin) başlanğıcında (anaforik), içəridə (üfqi) və sonunda (tamamlayıcı) ola bilər. Adi, tavtoloci, amonimik qafiyə növləri də mövcuddur. Onlar arasında ikinci sözün təkrarı, birincinin qafiyələnməsindən ibarət və «rədif» adlanan xüsusi növ daha çox seçilir.

Azərbaycan aşıq şe’rinin özünəməxsus cəhətlərindən biri də şe’r quruluşlarının çoxnövlüyüdür ki, öz-özlüyündə bu müəyyən şe’r bəndləri (yaxud beyt) sistemini, qafiyələnən söz basmaqəliblərini, şe’r yaradıcılığının vəzni, leksik (təcnis), fonetik (dodaqdəyməz və dildönməz), yeni quruluş düzəldici (cığalı təcnis, qoşma-bayatı, ayaqlı qoşma və s.) xüsusiyyətlərini özündə birləşdirir59.

Azərbaycan aşıq şe’rində klassik Şərq kvantitativ şe’r sistemi olan əruzun nümunələrinə də rast gəlinir ki, bu sistem uzun və qısa hecaların müəyyən, nizamlanmış ardıcıllığına əsaslanır.

Uzun heca dedikdə, uzadılmış saitli açıq yaxud qısa saitli qapalı hecalar nəzərdə tutulur. Əlbəttə, əruz vəzninin başlıca müddəalarından burada ətraflı söhbət gedə bilməz, lakin bir sıra cəhətlərə diqqət yetirilməlidir.

Ərəb qrammatikası və şe’r vəznlərinin təməlini əl-Xəlil (təxminən 718—791-ci illər arasında yaşayıb) qoysa da, onun əsərləri bizə gəlib çatmamışdır. Lakin şagirdi Sibavayhinin öz ustadının mühazirələri əsasında yazdığı kitabda əruz vəzninin əsasları şərh olunur.

AŞIQ HAVALARI MUSİQİ QURULUŞUNUN ƏSASLARI. HAVACATIN VƏ ŞE’RİN VƏZNİ:   səhifələr  1    2    3    4    5    6   7