~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
IV HİSSƏ

DASTAN YARADICILIĞI

Dastan bədii formasında ifadə olunan xalq epik yaradıcılığı həqiqəti bədii ən’ənə çərçivələrində özünəməxsus şəkildə modelləşdirir, tarixi keçmişi istədiyi şəkildə elə tərzdə təşkil edir ki, burada çoxəsrlik təcrübə xalqın idealları, iradəsi və baxışları ilə birləşir.

Aşıq yaradıcılığının bütün xüsusiyyətlərini özündə təcəssüm etdirən dastanın adının özü də müəyyən əlaqə, rabitə yaradır, çünki əsasən türk xalqlarının əksər epik dastanlarının adları onların qəhrəmanlarının və ya qəhrəmanların atalarının adları ilə bağlıdır.

Azərbaycan xalqına belə dastanlardan tanış olanları çoxdur. Məsələn, «Dədə Qorqud», «Koroğlu», «Qara Məlik», «Qaçaq Nəbi», «Qatır Məmməd» və s.

Qədim tarixi dövrlərdə epik yaradıcılıq sənəti «oğuznamə», «hekayət», «xəbər», «qissə», «nağıl» və s. kimi adlar daşıyıb.

Bədii məzmun baxımından Azərbaycan dastanlarını üç növə ayırmaq olar: qəhrəmanlıq («Dəli Alı», «Qaçaq Kərəm», «Səttarxan»), sevgi «Tahir və Zöhrə», «Aşıq Qərib», «Leyli və Məcnun») və öyüd-nəsihətverici («Alıxan—Pəri», «Səlim şah») dastanlar1.

Bir qayda olaraq, dastan ifası giriş — «ustadnamə» ilə başlanır və «duvaqqapma» ilə tamamlanır. Sonuncunun son bəndində aşıq öz adını yaxud dastan yaradıcısının adını (ləqəbini) bildirir. Adətən «duvaqqapma» «Baş müxəmməs» havası ilə oxunur.

Dastanın girişində üç ustadnamə isə, öz növbəsində «Divanı», «Təcnis» və «Qaraçı» kimi havalara oxunur və məzmunca ifaçının öz sələfləri — böyük ustadları yad edib şöhrətləndirməsi və dinləyicilər üçün nəzərdə tutulan nəsihətlərindən ibarətdir.

Dastan yaradıcılığında aşıqlar müxtəlif şe’r quruluşu və janrlarından — Gözəlləmə (tə’rifnamə), Şikayətnamə, Deyişmə (hərbə-zorba, qıfılbənd, bağlama), Oxşatma, Vücudnamə və s.2 istifadə edirlər.

Deyişmənin ən parlaq nümunələrindən «Koroğlunun Dərbənd Səfəri» qolundakı hərbə-zorbanı misal gətirmək olar. Burada ustad Aşıq Hüseyn Saraclının və onun şagirdi Aşıq Sədi Ulaçlının ifasında altı bəndlik «Misri» havasında qədim hərbə-zorbanın dinamik inkişaf imkanları əyani şəkildə nümayiş etdirilir73.

Aşıq saz çala-çala dastanı reçitativ-ariya formasında nəql edir. Belə oxu tərzi dastanın bədii forması ilə izah olunur: nəql olunan əhvalat qəhrəmanın və dastanın digər iştirakçılarının dilindən oxunan nəsihətamiz döyüş nəğmələri ilə müşayət edilir.

Tarixi dastanlarda mətnin dəqiq mə’lumatlarını mühafizə edib saxlamaq zərurəti başqa janrlara nisbətən daha güclü surətdə özünü göstərir.

Təbiidir ki, iste’dadlı aşıqlar dastanın üzərində yenidən işləyərkən obrazı yaxşılaşdırmağa, onu hazırkı dövrlə sıx əlaqələndirməyə, aktuallaşdırmağa, onun sosial istiqamətini kəskinləşdirməyə, konfliktini modernləşdirməyə çalışır, lakin hər halda onun həqiqi, dəqiq məzmununu qoruyub saxlamaq zərurətinə xeyli əməl edirlər.

Qədimdə bunu dastan biliciləri tələb edirdilər: təsvir olunan hadisələr onlara yaxşı mə’lum idi, çünki kollektiv və onun üzvlərinin hamısı bütün tarixi informasiyanın daşıyıcıları idilər.

Mə’lumdur ki, aşıq dinləyicilərin tələblərinə və zövqlərinə uyğun olaraq dastanın mətnini dəyişdirir. O, öz nağılını qısalda və uzada bilər, dastana yeni epizodlar əlavə edə bilər və yaxud ayrı-ayrı epizodları inkişaf etdirə bilər.

Aşıq dastanı yaxşı bilən qocalar qarşısında məzmunu bir cür, gənc dinləyicilər qarşısında isə tamamilə başqa cür təfsir edə bilir. O, dastanın mətnini əzbərləyib oxumur, müəyyən ssenari üzrə improvizə edir; burada variasiya momentləri ilə yanaşı, ən’ənəvi ümumi yerlər («epik klişelər») də olur.

Məsələn: döyüş səhnələri, bahadırlıq yarışları, atın tə’rifi və s. Aşıq şübhəsiz ki, mövcud poetik ən’ənə ilə bağlı olan improvizə şərhlərindən, üslub formalarından, təşbeh, müqayisə, mübaliğə və sairədən köməkçi vasitələr kimi daim istifadə edir.

DASTAN YARADICILIĞI:    səhifələr    1    2    3    4