~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
IV HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

DASTAN YARADICILIĞI

XVII əsr hadisələrinin bilavasitə iştirakçıları üsyan etmiş cəlalilərin 23 başçısının adını çəkir. Bunların arasında Koroğlunun (bu, indi aşıqlar tərəfindən dönə-dönə oxunan çoxlu mahnılar qoşmuş həmin Koroğludur), min nəfərə başçılıq edən Gizir oğlu Mustafa bəyin (bu, Koroğlunun öz mahnılarında dəfələrlə yad etdiyi yoldaşıdır) adını xüsusilə qeyd edir.

Tarixçinin göstərdiyi 23 başçı arasında Kosa Səfər və Tanrı-Tanımazın adlarına da rast gəlirik; bunlar da dastanda Koroğlunun dostları və silahdaşları kimi təsvir olunurlar.

Bu günə qədər gəlib çatmış sənədlərə əsaslanarkən güman etmək olar ki, həqiqətən XVI əsrin axırları — XVII əsrin əvvəllərində Koroğlu ləqəbində Rövşən adlı bir şəxs yaşamışdır ki, bu da onun konkret bir tayfaya mənsub olduğuna dəlalət edir.

Belə ki, 1579—1581-ci illərə aid sənədlərdə deyilir ki, hökmdar Bolu müəyyən muzd alaraq Koroğlunu azad etmişdir. 1585-ci ildə bir fərman verilmişdir; həmin fərmanda Koroğludan və onun tutduğu əməllərdən bəhs edilir və göstərilir ki, onu hökmən tə’cili surətdə tutmaq və zərərsizləşdirmək lazımdır.

1581-ci il tarixli bir sənəddə qarətçilər dəstəsinin başçısı olan Koroğlu (Rövşən) adlı bir adamdan söhbət gedir. Bütün göstərilən sənədlərdə Koroğlunun silahdaşlarından Həsən bəy (dastanda qəhrəmanın oğludur), Gizir oğlu Mustafa, Dəmirçioğlu, Bəzirgan və Eyvazın adı çəkilir; bu adlara və başqa bir neçə ada dastanda daim rast gəlmək olur76.

XIX əsrin bir sıra tədqiqatçıları Koroğlunun tarixi şəxsiyyət olduğunu göstərir və bununla əlaqədar maraqlı mülahizələr söyləyirlər.

Azərbaycanın böyük alim və mütəfəkkirlərindən biri, Koroğlunun nəğmələrinə və onun haqqındakı rəvayətlərə yaxşı bələd olan Abbasqulu ağa Bakıxanov 1837-ci ildə yazırdı ki, Koroğlu Türkiyə ilə İran sərhədləri arasında yaşayıb, onun igidliyi hələ də xalq dastan və rəvayətlərində mədh edilir.

Namə’lum bir müəllif «Qafqazın qədim sakininin qeydlərindən» adlı məqaləsində böyük ehtiramla qeyd edir ki, Koroğlu misilsiz şücaət göstərmiş xalq sərkərdəsi, əsl saz və söz ustası olmuşdur.

Azərbaycan nağılçı müğənnilərinin (aşıqlarının) ifasını yazıb və 1842-ci ildə «Koroğlu» dastanını ingilis dilində nəşr etdirmiş Gilandakı rus səfiri A.Xodzko isə xüsusi olaraq qeyd edir: «Koroğlu poeziyası özündə Koroğlunu xalqın-həmvətənlərinin yaddaşında əbədi olaraq yaşatmaq üçün zəruri olan şərtləri birləşdirmişdir».

«Koroğlu» dastanına 1856-cı ildə yazılan və N.Q.Çernışevskiyə aid edilən resenziya çox maraqlıdır. Həmin resenziyada Çernışevski Koroğlunu milli qəhrəman və şair hesab edir.

Resenziyada dastanın necə yarandığından, Koroğlu haqqındakı nəğmələrin dildən-dilə keçərək müğənni və aşıqlar tərəfindən indiyədək oxunduğundan, xüsusən Koroğlunun döyüşqabağı oxuduğu mahnıların geniş yayıldığından bəhs olunur.

Aşıqlar «bu mahnıları təkrar edərkən onların nə vaxt, nə münasibətlə yarandığını izah edirlər və beləliklə bu qəhrəman haqqında bütöv epik dastanlar silsiləsi yaradılır».

Çernışevski göstərir ki, Azərbaycanda Koroğlunun adı ilə bağlı yerlər vardır və bu da xalq kütlələri arasında onun çox məşhur olduğunu sübut edir. Çernışevskinin oxuculara aşıladığı başlıca fikir dastanın tarixiliyini və onun qəhrəmanının konkret tarixi şəxs olduğunu təsdiq edir.

«Koroğlu» dastanı real tarixi həqiqətlə əlaqədardır. Dastanda təsvir olunan hadisələr o dövrün ictimai-siyasi mənzərəsini əks etdirir77.

«Koroğlu» dastanındakı nəsr hissələri musiqi ilə ifa olunan nəzmi hissələrlə mürəkkəb surətdə birləşir. Bu iki sistem birlikdə fəaliyyət göstərir və dastan formasındakı əsərin bədii dili ilə sıx surətdə bağlıdır.

Nağıl hissəsindən havalara keçərkən aşıq həmişə aşağıdakı ən’ənəvi, hazır sözlərdən istifadə edir: «Dedi», «Sizə kimdən deyim», «Aldı sazı, görək nə dedi», «Sazı sinəsinə basıb, dedi» və s.

Belə bir fakt da aydın olur ki, dastanın nəsrlə nağıl olunan hissəsi üstünlük təşkil edir, çünki dastanın nəsrlə olan hissəsi başlıca əhvalatlardan xəbər verir: bu hissədə əsas hadisələr şərh olunur, qəhrəmanın və dastandakı digər şəxslərin real və əfsanəvi igidlikləri təsvir edilir.

DASTAN YARADICILIĞI:    səhifələr    1    2    3    4