~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 

IV
HİSSƏ


DASTAN YARADICILIĞI

Lakin bütün bunlara baxmayaraq dastandakı hadisələrin şərhində epik havalar az mühüm rol oynamır; bu havalar dastanda iştirak edən şəxslərin emosional vəziyyətini səciyyələndirir.

Dinləyicilərin diqqətini nağılın ən mühüm yerlərinə cəlb edir. Dastandakı musiqili poetik əlavələr, bir tərəfdən baş verən hadisələrə qəhrəmanın münasibətini bildirməli, digər tərəfdən isə nağıl olunan hadisəyə emosional cəhətdən bəzək vurmalıdır.

«Koroğlu» dastanında da, başqa dastanlarda olduğu kimi, epik havalar ümumiləşdirilmiş mə’na daşıyır: qəhrəmanlıq, əzəmət, təntənə ifadə edir. Ona görə də epik havaların bu ümumiləşdirilmiş xarakteri onları poetik mətndən ayırıb, yeni sözlərlə də oxumaq imkanını verir.

«Koroğlu» dastanında həm qəhrəmanın xarakteristikası ilə əlaqədar əsas havalardan («Cəngi Koroğlu», «Misri Koroğlu», «Bozuğu Koroğlu», «Döşəmə Koroğlu», «Dübeyti Koroğlu», «Dəli Koroğlu» və «Qanlı Koroğlu»), həm də başqa havalardan («İrəvan çuxuru», «Qaraçı», «Bəhməni» və s.) istifadə olunur.

Dastanın strukturunda epik havaların meydana çıxması onun bədii formasında ən gərgin hissələrdəndir. Yuxarıda adları çəkilən havalardan hər biri prozaik mətnlə birlikdə vahid bir qəhrəman Koroğlu obrazının yaranmasında iştirak edir, bütövlükdə dastanın dinamik inkişafına kömək göstərir78.

«Koroğlu» dastanı aşıqlar tərəfindən Koroğlu haqqında ayrıca dastan kimi ifa olunan bir çox qollardan ibarətdir: bu qolların hər biri qoç Koroğlunun və onun sadiq yoldaşlarının qəhrəmanlığı haqqında bir nağıldır.

Dastanın strukturunda sücet inkişafının sərbəst xarakter daşıması, görünür, belə bir şərtdən irəli gəlir ki, «Koroğlu» dastanının yaranmasının iştirakçıları dastanda təsvir olunan hadisələrin fasiləsiz xronologiyasından istifadə etməmişlər.

Azərbaycan xalqının sosial yaddaşı siyasi-iqtisadi həyat hadisələrini bütövlükdə deyil, mühüm əhəmiyyət kəsb edən ayrı-ayrı epizodlar şəklində qavramışdır.

Nəsri mətn (söyləmə) və musiqili şe’r tərtibli dastan quruluşu, — o cümlədən də, «Koroğlu» dastanının kompozisiya quruluşu — onun nəsr və nəzm hissələri ilə yanaşı, aşığın oxuduğu havacatın imkan daxilində yazıya alınmasını tələb edir.

Aşığın ifa etdiyi havacatın ən azı üç bənddən (üç şe’r bəndinə uyğun) ibarət olduğunu nəzərə alaraq, hər dəfə oxuma və çalğını nota salmağı lazım bilmirik. Əyanilik üçün havanın bir bəndini yazıya almaq kifayətdir, lakin nəzərə alınmalıdır ki, hər yeni ifa aşığın yaradıcılıq fəhmi sayəsində yeni şəklidəyişmələrin (variantların) yaranması deməkdir.

Nümunə üçün «Koroğlu» qollarından biri olan «Durna telinin» bir parçasını göstərə bilərik.

DASTAN YARADICILIĞI:     səhifələr    1    2    3    4