~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
IV HİSSƏ

DURNA TELİ DASTANI

Bəli, mənim əzizlərim!

Qərəz, Koroğlu bildi ki, uşaqları bu gün asacaqlar. Dəlilərə hay vurdu, hamı atlandı. Yavaş-yavaş şəhərə tərəf sürməyə başladılar.

Bir az da getmişdilər, gördülər bir qoca kişi biçin biçir. Amma elə ağlayır, elə ağlayır ki, yaş gözündən dolu kimi tökülür.

Koroğlu yaxın gəlib soruşdu:
— Ay əmi, niyə ağlayırsan?

Qoca heç başını da qaldırmayıb dedi:
— Neynirsən? Səndən ki, mənim dərdimə dərman olmayacaq, çıx yolunla get!

Qoca sözü nə qədər yayındırmaq istədisə, Koroğlu əl çəkmədi. Kişi gördü olmayacaq, axırda dedi:
— İndi ki əl çəkmirsən, qabaqca mənə de görüm sən kimsən? Bu başındakı dəstə-tifaq nədi?

Koroğlu dedi:
— Mən Muradbəyli tərəflərdənəm. Buradan mal almağa gəlmişik. Yollar şuluqdu deyin belə yaraqlı-yasaqlı gəlmişik.
Qoca Muradbəyli sözünü eşidəndə bir fikrə cumdu. Dedi:
— Yaxşı, deyirsən ki, Muradbəyli tərəfdənsən. De görüm, Koroğlunu tanıyırsan, ya yox?
Koroğlu gördü qocada söz var. Dedi:
— Tanıyıram. Niyə tanımıram!

Qoca dedi:
— İndi ki, tanıyırsan, mənə de görüm Koroğluya dost adamsan, ya düşmən?
Koroğlu dedi:
— Dost olarıq. Nə var ki? Bu şeyləri məndən niyə soruşursan?
Qoca dedi:
— Bala, düzdü, mən nə Rüstəm zal olmuşam, nə Giziroğlu Mustafabəy deyiləm, nə də Koroğluya tay olan deyiləm. Amma cavanlığımda mən də özümə görə bir kişi olmuşam. Sözümü başa düş ey!.. Belə mərd olmuşam. Düşmənə arxa çevirməmişəm.

Kişi bir az dayandı. Yengi ilə gözünü silib dedi:

— Bizim bu Bağdadda bir paşa var. Adına Aslan paşa deyərlər. Çox namərd, çox müxənnət, çox da hiyləgər adamdı. İndi üç gündü ki, Koroğlunun üç dəlisini tutub zindana salıb. Dünən car çəkib xəbər verib ki, bu gün onları asdıracaq.

Bala, doğrusu ki, mən elə mərd oğulların belə namərd əlində ölməyini qəbul eləyə bilmirəm. Əgər mərdi-mərdana meydan açsaydı, təkbətək vuruşub öldürsəydi, mənə yer eləməzdi... Neynim, qocalığın üzü qara olsun. İndi mənim yüzdən artıq yaşım var. Əlimdən bir iş gəlmir.

Atalar deyiblər, adam əli ilə iş görə bilmədi, güc verər dilinə. Dil də ki, oldu bağlı, ixtiyarı oldu bəylər, paşalar əlində, onda əlac qalır gözə. adam dəm verir gözünün yaşına.

Qoca sözünü qurtaran kimi Koroğlu dəlilərə hökm elədi ki, qocaya kömək eləsinlər. Dəlilər tutuquşu kimi doluşdular zəmiyə. Bir suiçim saatda qocanın bütün taxılını biçib-dərzləyib, yığdılar bir tərəfə. Qoca mat-mat baxırdı ki, yox, bu, düşmənçiliyə oxşamır.

Elə ki, dəlilər qurtardılar, Koroğlu qocaya dedi:
— Qoca, bil və agah ol! Dediyin Koroğlu mənəm. İndi bu saat sənin o Aslan paşanın ürəyinə bir od qoyacağam ki, məhşərəcən yansın. Biz bu saat şəhərə girəcəyik. Sən də bir böyük xurcunla Aslan paşanın xəzinəsinin qabağında məni gözlərsən.

Koroğlu bunu deyib dəlilərə hay vurmaq istəyirdi ki, yola düşsünlər, qoca dedi:

— Koroğlu, ayaq saxla, görürəm ki, Aslan paşa səni yaman qəzəbləndirib. Odu ki, gözlərin qızıb. Ancaq şəhərə belə girmək olmaz. Səni tanıyarlar. Sən özün şəhərə tək gir. Adamların da qoy beş-beş, on-on olub camaata qarışsınlar, elə girsinlər.

DURNA TELİ DASTANI:     səhifələr    1    2    3    4