~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

QURULUŞ

1

Aşıq sənətinin sinkretik sənət göstəricilərindən biri musiqi ilə sözün (şe’rin) qarşılıqlı əlaqəliliyinin quruluş xüsusiyyətləri ilə müəyyənləşir. Bu da havacatın quruluşlaşmasını şərtləndirir.

Poetik mətn—şe’r havanın quruluşunda bilavasitə öz əksini tapır. Yə’ni şe’rin mə’nadaşıyıcı bölgüləri müvafiq musiqili bölgülərə, məsələn, şe’r misrası — melodik misraya, daha mürəkkəb düzümlü şe’r bəndi isə melodik bəndə uyğundur.

Bədii-mə’na daşıyan hər bir melodik bənd havanın quruluşunun biçimlənməsində öz iştirakı ilə yanaşı, havacatdakı başqa melo-bəndlərdən özünü, bir növ, məhdudlaşdırır (ayırır). Bitkin quruluşlu melobəndlər ən’ənəvi havacatda tipik mahnı bəndlərini (kupletlərini) xatırladır ki, belələrinin quruluşu tərkiblərində melodik misraların sayı və düzülüşü ilə şərtlənir.

Geniş miqyaslılığı və bitkin quruluşu ilə fərqlənən mahnı bəndi-kuplet vokal musiqisi baxımından ən geniş yayılmış musiqi quruluşu olan perioda — dövrə uyğun ola bilər. Belə period-dövrlər adətən melodik misraların cütlərini (poetik dövrə, yarımbənd) birləşdirən iki cümlədən ibarət olur.

Mə’lumdur ki, kuplet (bənd) quruluşu varlığının başlıca şərti onun məzmununun daimi yeniləşməsindədir. Şe’rin bədii-məzmun dəyişkənliyi musiqi bəndlərinin quruluşunda şəklidəyişmələrə (variantlığa) səbəb olur. Beləliklə, dəyişkən mətn «quruluş düzəldən amilə» (Y.Xolopov) çevrilir.

Bundan savayı, ən’ənəvi aşıq havalarının quruluşu tam şifahilik şəraitində təşəkkül tapıb (yetkinləşib). Ən’ənəvi havaların müxtəlif təfsirləri (yaradıcı, özümlü ifaları) eyni havaların ayrı-ayrı variantlarının yaranmasına səbəb olur. Lakin, eyni zamanda aşıq yaradıcılığına xas olan havacatın tanınma dərəcəsi daim saxlanılır.

Bu halda kupletin (bəndin) sabitliyi çərçivəsində havanın müəyyən quruluş ünsürləri yeniləşir, şəklidəyişmələrə uğrayaraq melodik məzmunu zənginləşdirirlər.

Məsələn, aşıqlar havacatın bədii tə’sir gücünü artırmaq üçün kuplet (bənd) daxilində birünsürlü və çoxünsürlü-təzadlı musiqili ibarələrin şəklidəyişmələrindən və tərkibdəyişmələrindən tez-tez faydalanırlar.

İfa zamanı aşıqların bir qayda olaraq işlətdikləri çoxnövlü, ən’ənəvi başlanğıclar («zaçin»), vokal bağlama-əlavələr («svəzki-dopolneniə»), əlavə-nəqarat və əlavə-kodalar kuplet (bənd) quruluşuna birbaşa cərəyanetmə (birbaşa, aramsız inkişaf) xüsusiyyətləri verir. Beləliklə, ardıcıl yeniləşmə və zənginləşmə ən’ənəvi havaların quruluşca variantlı kuplet (yaxud şəklidəyişən bənd) adlandırmağa imkan verir.

Qeyd edək ki, bir melodiya daxilində şəklidəyişən törəmələrin təhlili zamanı çalğı müşayiətinin nəzərə alınmaması ən’ənəvi havacatın tam bədii varlıq kimi dəyərləndirməyə imkan vermir. Çünki, ilk növbədə, öz başlıca vəzifəsi (səsin təkrarlanması, araçalğıları, məqam çalarlarının və melodiyanın harmonik təsdiqi) ilə yanaşı, çalğı musiqi ifaçılığı bənd şəklidəyişmələrinin (variantlı kupletlərin) cəmlənməsində, yekunlaşdırılmasında iştirak edir.

Digər tərəfdən, saz çalğısı ümumi havacat biçimlənməsində bir sıra aşağıdakı gərəkli vəzifələri yerinə yetirir: 1) çalğılı müqəddimələr (giriş) və koda-sonluqlar; 2) vokal bölmələrdən sonra gələn imitasyon çalğı yolları (yamsılamalar); bağlama-əlavələr və, nəhayət, ayrı-ayrı kupletlər arasında kulminasiyalı bölmələr70.

Ən’ənəvi havacatda variantlı kuplet (bənd) quruluşunun növlərini nəzərdən keçirək.

Variantlı kuplet quruluşunun ən sadə növü təkünsürlü (tək elementli, təkhissəli) melodik ibarələrin çoxsaylı şəklidəyişməli təkrarlamalarından ibarətdir. «Paşaköçdü» havasının (¹15) quruluşunun planı məhz bu xüsusiyyətləri sezdirir71:

 

AŞIQ HAVALARI MUSİQİ QURULUŞUNUN ƏSASLARI. QURULUŞ:   səhifələr   1    2    3    4