~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 

IV
HİSSƏ

DURNA TELİ DASTANI

Hanı mənim qoç Koroğlum,
Gələ girə bu meydana!
Çəkəndə misri qılıncı
Qəbzəsi qana boyana!

Qırat bir burdan atıla,
Müxənnət ölkən çapıla!
Koroğlu burda tapıla,
Hərəniz qaça bir yana!

Ondan üzünü Aslan paşaya tutub dedi:

Dəmirçioğlunu dindir,
Suçunu boynuna mindir,
Bizi ki, dəlini öldür,
Paşam, qıyma Eyvaz xana!

Elə bu dəmdə Koroğlu özünü saldı meydana. Aslan paşa gördü ki, budu, bir aşıq çiynində saz girdi ortalığa.
Dedi:
— Ayə, yanşaqsanmı?
Koroğlu dedi:
— Bəli, paşam, yanşağam.
Aslan paşa dedi:
— Ayə, heç Koroğlunun sözlərindən bilirsənmi?
Koroğlu dedi:
— Ay paşa, izin ver, sənə söz oxuyum, söz olsun. Koroğlu nə adamdı ki, onun sözü belə məclisdə oxuna?!
Paşa dedi:
— Yox, sən bilmirsən! Mən Koroğlunun üç dəlisini tutmuşam. Bu şadyanalıq da onun şadyanalığıdı. İndi sən bir az Koroğlunun sözlərindən de ki, onların ürəkləri açılsın.

Koroğlu dönüb dar ayağındakı dəlilərə baxdı. Gördü onlar üçü də Koroğlunu tanıyıblar. Dəmirçioğlu gözünü zilləyib bir dar ağacına, Bəlli Əhməd də bir dar ağacına.

Bildi ki, onlar qollarının açılmağına bənddilər ki, ağacları dibindən çıxarıb işə başlasınlar. Dönüb Eyvaza baxdı. Gördü yox, Eyvaz özgə haldadı. Dar ağacının dibində dayanıb gözlərini zilləyib Koroğluya. Özü də sevindiyindən gözləri dolub. Koroğlu onu belə görəndə ürəyi tab gətirmədi. Dedi («Cəngi Koroğlu»):

Canım paşa, gözüm paşa,
Paşa, qoy gəlsin Eyvazı!
Budu sənə sözüm paşa,
Paşa, qoy gəlsin Eyvazı!

Koroğlu sözünü tamam elədi. Dönüb dəlilərə baxdı, gördü hamısı hazır dayanıb işarə gözləyir. Özləri də elədilər, elədilər ki, acıqlarından dodaqlarını gəmirib bığlarını çeynəyirlər. Bir dəfə meydanı fırlandı. Dəlilər hərəkətə gəldilər. Koroğlu bir dəli nə’rə çəkib dedi («Bozuğu Koroğlu»):

Hoydu, dəlilərim, hoydu,
Yeriyin meydan üstünə!
Havadakı şahin in kimi,
Tökülün al qan üstünə!

Koroğlu oxuya-oxuya əlini bığına çəkdi. Dəlilər töküldülər. Ara qızışdı. Koroğlu bir həmlədə özünü Aslan paşaya çatdırdı. Misri qılıncın çəkilməyi ilə Aslan paşanın başının yerə düşməyi bir oldu. Dəlilər tənabları qılıncladılar. Eyvazı, Dəmirçioğlunu, Bəlli Əhmədi azad elədilər.

Bundan sonra Koroğlunun əmriylə hamı atlanıb sağ-salamat Çənlibelə tərəf yol başladılar. Siz də sağ olun, xoşbəxt olun!

DURNA TELİ DASTANI:     səhifələr    1    2    3    4