~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
IV HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

DASTAN YARADICILIĞI

İdeya-mövzulu və obrazlı — kompozisiyalı fenomen olan dastan carçı, tribun olub, xalqın tarixi taleyini, onun keçmişinin xalq-poetik konsepsiyasını dinləyicilərə çatdırmalıdır.

Qəhrəmanlıq eposu janrı müəyyən poetik formada toplanmış konkret sosial — tarixi-mədəni şəraitdən doğulur. Epik formada birləşən və hadisələrdən xəbər verən xalq mahnıları əhvalatların sadəcə qeydiyyatçısı olmamışdır.

Onlar kütlələrin ideologiyasının ifadəçisi olan müğənnilərin müəyyən əhval-ruhiyyəsini əks etdirir. Qəhrəmanlıq eposunda, həm də ümumiyyətlə folklorda təsvir olunan tarixi hadisələr onların özü və onların obrazları haqqında xatirədir.

Bu hadisələr dinləyicilərin şüuruna tə’sir edir, onları vətənpərvərlik ruhunda tərbiyə edir, qəhrəmanlara oxşamağa sövq edir.

Azərbaycan xalqının dünya epik inciləri xəzinəsinə daxil olmuş ən geniş yayılan və dildən-dilə düşən nümunələrindən biri «Koroğlu» dastanıdır.

Koroğlu haqqındakı xalq qəhrəmanlıq dastanı XVI əsrin axırları və XVII əsrin əvvəllərində Azərbaycan ərazisində baş vermiş real tarixi hadisələri özündə əks etdirir.

Bu dastan üsyan etmiş xalqın başçısı, cəsur döyüşçü Koroğlunun adı ilə bağlıdır; Koroğlu özünün bütün qüvvə və bacarığını xalqın xidmətinə və onu xarici və daxili düşmənlərdən müdafiə işinə vermişdir.

Bu qəhrəman təkcə qılıncı ilə deyil, həm də sazı-sözü ilə qalib gəlir. Onun nəğmələri düşmənə qarşı qəzəb və kin oyadır, ədalət naminə mübarizəyə, mərdlik və qəhrəmanlığa çağırış kimi səslənir.

Müdrik və qorxmaz igidlər sərkərdəsinin şan-şöhrəti çox-çox uzaqlara yayılmışdır. Onun şə’ninə qoşulan nəğmələr, rəvayətlər və dastanlar dillər əzbəri olmuş, ölkələr dolaşmışdır.

Koroğlu haqqındakı dastanlar əsrlər boyu Orta Asiya və Qazaxıstan, Qafqaz, Yaxın Şərq və Balkan ölkələrinin bir sıra türkdilli və digər xalqları arasında geniş yayılmışdır74.

Yuxarıda deyilənlər görkəmli Azərbaycan bəstəkarı, illi professional yazılı musiqisinin banisi Üzeyir Hacıbəyovun aşağıdakı sözləri ilə obrazlı surətdə təsdiq olunur: «Yaxın Şərq ölkələrində Koroğlu haqqında bir neçə epik dastan yaranmışdır.

Yüzlərcə nənə öz nəvələrinə Koroğlu haqqında nağıllar danışır, yüzlərcə aşıq el şənliklərində onun şə’ninə mahnılar oxuyur. İndi Koroğlunun adı xalqın dilində qəhrəmanlıq rəmzinə çevrilmişdir»75.

Koroğlunun adına biz ilk dəfə İran hökmdarı I Şah Abbasın (1587—1629) dövründəki hadisələrdən bəhs edən tarixçi alimlərin əsərlərində rast gəlirik; I Şah Abbasın Azərbaycana dair siyasəti, bir tərəfdən, onun mərkəzləşdirilmiş İran hakimiyyətinə tabe etdirilməsi ilə, digər tərəfdən isə farsların Azərbaycanın sərvətlərindən və münbit torpaqlarından öz tamahları üçün maksimum istifadə etmək cəhdi ilə səciyyələnir.

Alimlər cəsur Koroğlunun da adı çəkilən qiyamlara çox diqqət yetirirlər: təsvir edilən hadisələrdə Koroğlu qiyamın bilavasitə başçısı kimi göstərilir.

Azərbaycan, İran, Türkiyə ərazilərini bürüyən «cəlalilər hərəkatı» o toranlıq dövrdə parlaq bir alov kimi şö’lələndi. Bu hərəkat «Koroğlu» dastanının motivləri və sücet xəttinin inkişafı ilə səsləşir.

«Cəlalilər» əvvəlcə 1519-cu ildə Tokat ətraflarında Şeyx Cəlalın rəhbərliyi ilə baş vermiş üsyanın iştirakçılarına deyirdilər. Sonralar «cəlali» sözü «qiyamçı», «iğtişaşçı», «quldur» sözlərinin sinoniminə çevrilmişdir.

Cəlalilər hərəkatının ən böyük üsyanları Qara Yazıcı — Dəli Həsən (1599—1603), Qələndər oğlu (1606) və Canqolada oğlu (1607) üsyanları idi.

Artıq 1608—1610-cu illərdə Cənubi və Şimali Azərbaycan ərazisində, xüsusilə Naxçıvan diyarında cəlalilər hərəkatı «xalis kəndli hərəkatı xarakteri almışdı». Üsyançı dəstələr azərbaycanlılardan, Türkiyə və İranın içərilərindən olan qaçqınlardan ibarət idi. Bu hərəkatın özü antifeodal xarakter daşıyır və dini motivlərə əsaslanmırdı.

DASTAN YARADICILIĞI:    səhifələr    1    2    3    4