Musiqi folkloru nümunələrinin toplanılması,
nota yazılması və qorunub saxlanlıması
metodikası həmişə aktual və
həyatidir. Çoxsaylı elmi nəşrlər
– məqalələr və tədqiqat əsərləri
bu problemin genişliyini və çoxcəhətliliyini
sübut edir. Azərbaycanda sonuncu yüzillik
ərzində çap olunmuş musiqi folklorunun
janr rəngarəngliyini – mahnı, rəqs,
dastan və s. əks etdirən not məcmuələrinin
sayı az deyil. Xalqın mənəvi mədəniyyətinin
yazıya alınmış bu səhifələri
- «sənədləri» həm elmi sahələrdə,
həm də pedaqoji sahədə – tədris
prosesində geniş tətbiq olunur. Bununla
belə, incəsənətin, sözün
əsil mənasında, xalqın məişəti
ilə bağlı olan bu özünəməxsus
sahəsinin araşdırılmamış,
«ağ ləkələrlə» örtülmüş
cəhətləri çoxdur. Musiqi folkloru
öz səciyyəvi dinamik həyatını
yaşayır, insanların süuruna və
düşüncəsinə təsirini
qenişləndirir, onların fəaliyyətini
emosional cəhətdən zənginləşdirir.
Eyni zamanda, onu yaradan mühitlə, şəraitlə
sıx qarşılıqlı əlaqədə
olub, ənənələrin nəsildən
– nəslə ötürülməsində
mühüm əhəmiyyət kəsb
edir.
Hər
dövrdə texniki imkanlardan, metodoloji bazadan,
bilik səviyyəsindən, xalqın təcrübəsinin,
dünyagörüşünün və
istedadının məcmusu olan qiymətli
sənət abidələrinin tədqiqatçıları
qarşısında qoyulan vəzifələrdən
asılı olaraq, musiqi folkloru mətnlərinin
toplanılması, nota salınması və
qorunması metodikasının yeni tələbləri
irəli sürülür. Buna görə
də həll olunmalı problemlər və
onların reallaşdırılması
yollarının axtarışı bu günün,
XXI əsrin tələblərinə uyğunlaşdırılmalı
və şübhəsiz ki, müasir Azərbaycan
musiqi folklorşünaslığının
təcrübəsindən və ümumiyyətlə,
dünya təcrübəsindən istifadə
olunmalıdır.
«Folklor» sözü ingiliscədən tərcümədə
«xalq müdrikliyi», «xalq hikməti» deməkdir.
Bu termin ilk dəfə 1846-cı ildə
arxeoloq U.C.Tomson tərəfindən irəli
sürülmüşdür. Folklor anlayışı,
folklorşünaslıq elminin əsas daşıyıcısı
kimi, bir çox ölkələrin alimləri
tərəfindən izah olunub. Lakin bu terminin
müxtəlif şərhlərinə
baxmayaraq, folklor ümumi mənada, şifahi
xalq yaradıcılığı, xalq incəsənəti
məcmusu, xalqın həyat fəaliyyətinin
rəngarəng formaları – əsrlərlə
yaradılan və qorunan adət – ənənələr
və mərasimlər kimi başa düşülür.
Folklor
xalq kütlələrinin maddı – mənəvi
mədəniyyətidir. Belə ki, o, özündə
həm mahnı, rəqs və s. kimi bədii
yaradıcılıq formalarını,
həm də xalq arxitekturası, tətbiqi
sənət, təsviri incəsənət,
plastika və s. bu kimi maddi sənət
sahələrini qovuşdurur. Bu cür
polifunksionallıq, yəni estetik və
təcrübi funksiyaların qovuşması
xalqın həyat fəaliyyətinin ənənəvi
sistemli şəkildə təşkilinin
və idarə olunmasının bünövrəsini
qoymuş, incəsənətin xüsusi
bədii obrazlı növü olan folklorun
vəhdətini, tamlığını
təmin etmişdir.
Folklor
– xalqın ictimai baxımdan şərtlənmiş
və tarixən inkişafda olan yaradıcı
fəaliyyətinin formaları kimi musiqi
elminin bir sahəsi sayılan folklorşünaslığın
predmetini təşkil edir. Onu da deyək
ki, bu elm etnoqrafiya, tarixşünaslıq,
filologiya və mədəniyyətşünaslığın
qovuşduğu müstəvidə yerləşir.
Folklorun musiqili – bədii mətnləri,
xalq məişətinə daxil olmuş
ənənəvi mahnı və rəqslər
musiqi folkloristikasında öyrənilir.
Qeyd
etmək lazımdır ki, məhz iyirminci
əsrdə musiqi folkloristikası tətbiqi,
empirik sənətdən müstəqil
elm sahəsinə çevrilmişdir. Bu
zaman folklorun fiksasiyasının yeni metodikasının
meydana gəlməsi az rol oynamamışdır.
Yeni metodikada əvvəlcə səsyazma
texnikasından, daha sonra stasionar səsyazmadan
istifadə nəzərdə tutulur. Bu texniki
irəliləyiş müəyyən dərəcədə
xalq musiqisinin kompleks şəkildə,
yəni xalq həyatının incəsənət
funksiyasına malik digər ictimai-bədii
metodları ilə bağlı surətdə
araşdırılmasına imkan verdi.
Müasir
elmlər, bir qayda olaraq, sadəcə qonşuluq
münasibətlərində qalmayıb,
çarpazlaşır, qovuşur, çoxtərəfli
bilik obyektinə çevrilir. Bu cür metodoloji
bağlılıq yeni elm sahələrinin
də yaranmasına xidmət edir. Belə
ki, folkloristika etnoqrafiya ilə birlikdə
etnofolkloristikanın, linqvistika ilə birlikdə
linqvofolkloristikanın, sosiologiya ilə
birgə sosiofolkloristikanın, semiotika ilə
birlikdə isə folklorun semiotikası
kimi sahələrin səciyyəvi məsələlərinin
həllinə yönəldilir. Öz növbəsində,
musiqi folkloristikası etnomusiqişünaslıq
kimi komparativ elm sahəsinin yaranmasına
təkan vermişdir.
Müxtəlif
ölkələrdə və müxtəlif
tarixi dövrlərdə folkloristika fərqli
adlar daşımışdır. Etnomusiqişünaslıq
– ənənəvi musiqi mədəniyyəti
nümunələrinin fiksasiyası (yazıya
alınması) və sistemləşdirilməsinə
həsr olunmuş elm kimi musiqi etnoqrafiyasında,
musiqi etnologiyasında, müqayisəli
musiqişünaslıqda öz əksini
tapır. Etnomusiqişünaslıq termini
1950-ci ildə hollandiyalı Y.Kunst tərəfindən
tətbiq edilmişdir. Verilmiş elmi istiqamət
bilavasitə xalq musiqisinin öyrənilməsi
ilə bağlı elm sahələrinə
– musiqişünaslıq, akustika, etnoqrafiya,
folkloristika, sosiologiya, psixologiya, biologiya
və mədəniyyətşünaslığa
inteqrasiya edilir.
Musiqişünas
üçün müasir xalq yaradıcılığı
formalarının və əsrlərlə
xalq tərəfindən qorunub saxlanılan
bədii irsin qarşılıqlı münasibətini
müəyyənləşdirmək ən
çətin məsələlərdən
biridir. Bu gün də folklorşünaslar
əsasən xalqın çoxəsrlik yaradıcılıq
prosesinin nəticələrini toplayır
və öyrənirlər. Onların diqqətini
zamanın sınağından çıxaraq,
xalqın yaddaşında yaşayan ümumiləşmiş
tipik obrazlara malik kamil əsərlər
cəlb edir. Buna görə də etnomusiqişünaslıqda
əvvəlki nəsillərin kollektiv yaradıcılıq
təcrübəsini şifahi şəkildə
təcəssüm etdirən və həyatla
sıx bağlı olan xalq musiqisinin ənənəvi
formalarının öyrənilməsinə
meyl özünü doğruldur. Öz
növbəsində, xalq yaradıcılığı
müasir musiqi məişətinin digər
təzahürlərindən, mühitin
ictimai dəyişikliklərindən, folklor
ənənələrinin daşıyıcılarından
təcrid olunmuş surətdə araşdırıla
bilməz. İntensiv informasiya seli (radio,
televiziya, kino), əhalinin bir hissəsinin
daimi miqrasiyası folklor irsinin daşıyıcılarına
və xalq musiqi formalarına çox təsir
edir. Bu səbəbdən əsil xalq musiqisi
sahəsinə, «qoruğuna» daxil olan folklor
toplayıcısı bəstəkar mahnılarının
intonasiyaları ilə, muğam ornamentlərinə
bürünmüş aşıq havaları
ilə qarşılaşır.
Bəs
etnomusiqişünas musiqi folkloru sahəsində
nəyi üzə çıxarıb nota
yazmalıdır? Sözsüz ki, müasir
dövrdə yüksək bədii səviyyəli
folklor irsinə daxil olan, xalq mahnı və
rəqs ənənələrinin həyatiliyinə
dəlalət edən bütün nümunələr;
xalq yaradıcılığındakı
yeniliyi – ənənə və müasirliyi
səciyyələndirən cəhətlərə
ilk növbədə diqqət yetirilməlidir.
Musiqi folklorunun toplanılması və
nota salınması işinə bu cür
yanaşma tərzi nəinki elmi tədqiqatlar
üçün, həm də onun bəstəkarlıq
və ifaçılıq təcrübəsində
yaradıcılıqla təcəssümü
üçün geniş üfüqlər
açır.