~ Çap nəşrləri ~
~
Metodiki işlər~

 

 

 

TARİYEL MƏMMƏDOV
MUSİQİ FOLKLORUNUN TOPLANILMASI,
YAZIYA ALINMASI VƏ QORUNMASI HAQQINDA


İÇİNDƏKİLƏR

 

Musiqi folklorunun qorunması.
Arxiv fondlarının yaradılması.


6

Folklorun audiovizual surətdə qorunub saxlanılması çətin və məsuliyyətli bir məsələdir. Onun uğurlu həlli üçün folklor üzrə metodist xalq yaqadıcılığına aid əsərlərin ifasını maqnitofon lentinə yazmaq, onları nota salmaq, siyahiya almaq və fondlarda qorumaq qaydalarını dərindən bilməlidir.

Folkloru toplama işində maqnitofon lentinə yazılma prosesi ən məsuliyyətli andır. Toplayıcı artıq yazılma prosesində əsəri təhlil etməli, mahnının formasından asılı olaraq, ifaçılıqda özünü göstərən variantlı dəyişmələrdən asılı olaraq, onun yazılmasını davam etdirməyə və ya dayandırmağa qərar verməlidir. Bundan sonra folklorçu havanın intonasiya xüsusiyyətlərini dəqiqləşidirmək zərurəti qarşısında yenidən, bir müddət sonra təkrarən səsyazmanı həyata keçirə bilər.

Folklor materialının qorunması və gələcəkdə istifadəsi üçün (nota yazılması, öyrənilməsi və praktiki tətbiqi) səsyazmanın keyfiyyəti böyük əhəmiyyətə malikdir. Xüsusilə yaxşı keyfiyyətli aparatura vasitəsilə, otağın akustikasından asılı olaraq, mikrofonla işləmək bacarığı, səsyazma zamanı onun ifaçıya tərəf düzgün istiqamətləndirilməsi nəticəsində əldə olunan səsucalığı, aydın səslənmə çox vacibdir.

Azərbaycan folklorçularına bu sahədə müəyyən üsullar – boş otaqda çox kəskin səslənmənin qarşısını almaq üçün mikrofonu yumşaq bir yerə qoymaq, üstünü yaylıqla örtmək kimi üsullar məlumdur. Səsyazmanın səviyyəsi daim nəzarət tələb etdir. Belə ki, səsyazma zamanı ifaçı səsinin ucalığını dəyişə bilər. Səsyazmadan əvvəl ifaçıya onun kiçik bir səhvindən, artıq söz və ya hərəkətindən yazının korlanacağı barədə xəbərdarlıq edilsə də, belə hallar tez-tez baş verir. Buna görə də bir çox etnomusiqişünaslar tamaşaçı olmayan yerdə işləməyə üstünlük verir və səsyazma zamanı maneəçilik törədə bilən bütün halların qarşısını alırlar (kənar səslərdən qorunmaq üçün qapını, pəncərəni bağlayırlar). Lakin belə hallar da olur ki, səsyazma zamanı kənar səslər elə mahnının ifası zamanı onu əhatə edən təbii şəraitin bir hissəsinə çevrilir.

Xalqın tarixini və mədəniyyətini özündə qoruyan, tədqiqatlarda və təcrübədə istifadə olunan, zəruri şəraitdə saxlanılan tam dəyərli səsyazıları aşağıdakı tələblərə cavab verməlidir. Səsyazma qəbul olunan texniki səviyyədə həyata keçirilməlidir, yəni yazı zamanı səsin gərginliyi aradan götürülməli səsin mütənasibliyi təmin olunmalıdır. Bundan əlavə, səsyazmanın maneəsiz (kənar səs-küy, danışıq, öskürək və s. yolverilməzdir) olması vacibdir, hərçənd ki, ekpedisiya şəraitində bu həmişə mümkün deyil. Bütün bunlar səsyazma aparaturasının səfərə çıxmazdan əvvəl və nəzərdə tutulan yerə gəldikdən sonra diqqətlə yoxlanılmasını və hazırlanmasını tələb edir.

Xalq yaradılıcığı nümunələrinin qorunub saxlanılması işində səsyazma fondunun yaradılması mühüm məsələdir. Lakin maqnit lenti zaman keçdikcə deformasiyaya uğradığı üçün not yazıları fondunun yaradılması, folklor mətnlərinin notlaşdırılması xalq musiqi mədəniyyəti abidələrinin qorunub saxlanılmasına xidmət edir. Bundan başqa, fonoqram fondu ilə yanaşı, not fondunun yaradılması folklor əsərlərinin elmi və tərcübi məqsədlərlə daha geniş miqyasda istifadə olunmasına imkan verir.

Fondun materialları musiqi folkloristikasında müqayisəli-tarixi, genetik tipoloji, areal və digər aspektlərdə aparılan tədqiqatlara cəlb oluna bilər. Not yazıları fondunun bazasında ən müxtəlif elmi – təcrübi problemlərin həlli yollarını aramaq olar: verilmiş regionun və ya onun bir hissəsinin yerli musiqi repertuarının tam şəkildə müəyyən olunması; onun janr tərkibinin araşdırılması; buradakı mövcud xalq çalğı alətlərinin öyrənilməsi və onlarda çalğı vərdişlərinin aşılanması, yerli mahnı üslubunu gözəl bilən bir neçə tanınmış ifaçının repertuarının müəyyənləşdirilməsi; ifaçılıq üslubunun lokal cəhətlərinin («yerli üslüb», yerli folklor dialekti) qeyd olunması; bu və ya digər janrı, yaxud bir mahnının yayılma sərhədlərinin xəritəsinin tərtibi; bir mahnının daha çox mümkün variantlarının ifası və öyrənilməsi maraqlı və vacıb məsələlərdəndir. Ən mühüm təcrübi əhəmiyyətli məsələ isə yerli xalq mahnı və instrumental melodiyalardan ibarət iri həcmli repertuar məcmuəsinin nəşridir ki, buraya həmin regionda mövcud janrların ən səciyyəvi və bədii cəhətdən parlaq nümunələri daxil edilə bilər.

Fondun materialları folklorun təbliği işində əsas rol oynayır. Ondan, həmçinin, ifaçılıq praktikasında və pedaqoji prosesdə istifadə oluna bilər. Eyni zamanda, o, elmi – metodik mərkəzlərin fəaliyyətində müəyyən yönümlü xüsusi məsələlərin həllinə kömək edir. Bütün yuxarıda sadaladığımız cəhətləri Bakı Musiqi Akademiyası Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının nəzdindəki Xalq musiqisi kabinetinin fəaliyyətində görmək mümkündür.

GIRIŞ:    səhifələr      1    2     3     4     5     6     7    8