~ Çap nəşrləri ~
~
Metodiki işlər~

 

 

 

TARİYEL MƏMMƏDOV
MUSİQİ FOLKLORUNUN TOPLANILMASI,
YAZIYA ALINMASI VƏ QORUNMASI HAQQINDA


İÇİNDƏKİLƏR


Folklortoplama işi.
Hazırlıq mərhələsi. 

2

Tədqiqatçının folklortoplama işi tədqiqat obyektinin (öyrəniləcək ərazinin, yazılacaq nümunələrin), məqsəd və vəzifələrinin müəyyənləşdirilməsi ilə başlayır.

Folklor toplama işinin birinci mərhələsində xalq musiqi nümunələrinin məqsədyönlü şəkildə toplanılması və nota salınması zəruri şərtdir. Xanəndə və xalq çalğı alətləri ifaçıları ilə görüşdən, onların ifasından alınan ilk parlaq və dərin təəssürat folklorçunun gələcəkdə xalq musiqi yaradıcılığının hansı sahəsinə maraq göstərəcəyini müəyyən edir.

Musiqi folkloru nümunələrinin toplanılması və nota yazılması işinin hazırlıq mərhələsində folklorçunun fəaliyyət marşrutunun, tədqiqat üçün nəzərdə tutulan məkanın dəqiqləşdirilməsi də mühüm şərtlərdən biridir. Hazırlıq mərhələsində folklorçu toplama işinin əsas qaydalarından birinə riayət etməlidir ki, bu da tədqiqat aparılacaq rayonda hansı istedadlı ifaçıların yaşadığı barədə qabaqcadan məlumat toplamaqdan ibarətdir.

Təcrübədə sınanmış belə bir üsul mövcuddur. Yerli ziyalılara, müəllimlərə, klub işçilərinə, bədii özfəaliyyət dərnəklərinin rəhbərlərinə, yerli hakimiyyət orqanlarına – mədəniyyət şöbəsinin başçılarına müraciət edərək, istedadlı ifaçılar haqqında məlumatlar əldə etmək olar.Bundan əlavə, hazırlıq dövründə seçilmiş məkanın mövcud təsvirləri ilə, etnoqrafik və tarixi məlumatlarla, həmin rayonda əvvəllər toplanmış və nota yazılmış folklor nümunələrinin musiqi və ədəbi mətni ilə tanış olmaq vacibdir.

Təcrübə göstərir ki, bu cür qabaqcadan hazırlıq mərhələsi olmadan folklorçu – etnomusiqişünas çox çətin bir vəziyyətə düşə bilər. Çünki o, xalq yaradıcılığına dair maraqlı faktları və qiymətli mənbələri nəzərdən qaçırarsa, onun tədqiqatı zahiri, ötəri xarakter kəsb edər. Saysız – hesabsız materialların qabaqcadan öyrənilməsi isə bu sahədəki gələcək fəaliyyətinin detallarını dəqiqləşdirməyə, ekspedisiyanın məqsədlərini genişləndirməyə imkan yaradar. Bütün bunlar, eyni zamanda, gələcək ekspedisiyanın tərkibini, marşrutunu, iş metodlarını müəyyənləşdirmək ücün böyük əhəmiyyətə malikdir.

Bundan başqa, daha bir məsələni dəqiqləşdirmək vacibdir. Təcrübəmə arxalanaraq deyə bilərəm ki, bəzi etnomusiqişünaslar təklikdə işləməyə üstünlük verirlər. Lakin müasir dövrdə mövcud fakltar sübut edir ki, ekspedisiya vasitəsilə tədqiqat aparmaq həm təcrübi, həm də elmi baxımdan daha artıq nəticələr verir.

Belə ekspedisiyanın tərkibində mütləq səs texniki, foto, video və kino çəkilişləri aparan şəxs olmalıdır. Həmçinin, rəqs sənəti ilə bağlı musiqi folkloru nümunələrinin düzgün yazılışını təmin etmək üçün ekspedisiyanın tərkibinə xoreoqraf daxil edilə bilər. Poetik və nəsr səpkili mətnlərin yazılması üçün filoloqun, dialektlər üzrə mütəxəssisin cəlb olunması mümkündür. Ekspedisiyaya təcrübəli etnomusiqişünas rəhbərlik etməlidir ki, materialların müəyyən olunması, seçilməsi, yazılması işini istiqamətləndirə bilsin və həyata keçirsin, həmçinin, mövcud vasitələrdən istifadə edərək, metodoloji bazanı tənzimləsin və möhkəmləndirsin.

Müasir təcrübədə folklorun toplanması və yazılması bir neçə istiqamətdə həyata keçirilir. Onlardan biri seçilmiş məkanın birtərəfli ( dar çərçivədə ) və ya ümumi şəkildə öyrənilməsidir ki, bu da musiqi folklorunun yerli ənənələrinin ən səciyyəvi əlamətlərinin üzə çıxarılması və repertuarın ( xalq mahnıları və rəqslərinin ) maksimal dərəcədə əhatə olunması ilə bağlıdır.

Yarımstasionar istiqamət mütəxəssislərin təkrarən həmin yerə getməsini nəzərdə tutur. Bu cür iş tərzi daha effektli sayılır. Lakin əlavə maddi – maliyyə xərcləri və daha ciddi hazırlıq tələb edildiyinə görə hər zaman onun həyata keçirilməsi mümkün olmur.

Mərhələli tədqiqat istiqaməti isə digər folklorşünaslar tərəfindən toplanmış xalq mahnı, rəqs və başqa şifahi ənənəli musiqi nümunələrinin yenidən öyrənilməsi ilə bağlıdır ki, bu da xalq yaradıcılığının canlı inkişaf prosesini və təkamülünü izləməyə imkan verir.

Artıq deyildiyi kimi, etnomusiqişünaslıq komparativ bir elmdir, maraq dairəsinə və tədqiqat metodlarına görə ona yaxın olan elm sahələri ilə govuşur. Buna görə də xalq məişətinin kompleks tədqiqi metodu ilə çalışan ekspedisiyanın formalaşdırılmasını təcrübədə çox tətbiq etmək lazımdır. Baxmayaraq ki, hazırkı tövsiyələr folklorşünas musiqiçilərə aiddir, onlarla yanaşı, etnoqrafların, sosioloqların, linqvistlərin və başqa ixtisasçıların bu işə cəlb olunması daha çox fayda verər.

Ekspedisiyanın bu forması bir mütəxəssisin – musiqişünasın təkbaşına çətinliklə gördüyü işdə – xalq məişətinin daxildən hərtərəfli və tam surətdə öyrənilməsində böyuk əhəmiyyət kəsb etməklə yanaşı, həmçinin, professional səviyyənin yüksək göstəricisi kimi özünü büruzə verir.

GIRIŞ:    səhifələr     1    2     3     4     5     6     7    8