~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR

GIRIŞ  

2

Havacatın tərkib hissəsi kimi, klassik aşıq şe’ri qaydaqoyuculuq (normativ) vəzifəsini yerinə yetirir. İnsan və onun varlığı haqqında vahid şəklə salınmış təsəvvürlər keçmişlərin bədii təcrübə daşıyıcısı olan aşığın şüurunda əks olunaraq, Azərbaycan xalqının ən qədim şifahi musiqi sənətindən başlanğıc alan bədii-zövqi görüşlərin, üsulların və qanunauyğunluqların (kanon) təsdiqlənməsinə və gücləndirilməsinə xidmət edir.

Şübhəsiz ki, bütün adı çəkilən qəliblər bədii dili məhdudlaşdırsa da, digər tərəfdən aşığın üzərinə ən’ənəvi mövzularda və bədii vasitələrdə sələflərini ötüb keçmək və poetik üslubu təkmilləşdirmək öhdəliyi də qoyur. Şifahiliyə gəldikdə isə, akademik B.Asafyev bu anlayışa musiqi ən’ənəsi baxımından təfəkkürün özəl xüsusiyyəti kimi yanaşırdı.

Özünün «Ïóòåâîäèòåëü ïî êîíöåðòàì» («Konsertlərin soraq kitabçası») kitabında o həmin anlayışı «... yazıyaalma məqsədi olmadan yaradılan, əzbərdən ifa olunan və yaddaşda saxlanılan musiqi» (şifahi ən’ənəli musiqi — T.M.)2 kimi aşkarlayır.

Şübhəsiz ki, ən’ənəvi bilik, təcrübə, mənalı-yaşantılı informasiya və onun ifadəliliyinin şifahi təbiəti ancaq folklorun canlı ifası və bilavasitə qavrayışı zamanı bütövlükdə və tamdəyərli şəkildə aşkarlana bilər.

Məhz ən’ənəvi aşıq havalarının yaşadılması mətnlərin yığılıb toplanması ilə bağlı deyil: şifahi yaşayan və ötürülən havaların sayı az-çox sabit olub, kollektiv yaddaşın imkanları ilə məhdudlaşır.

Yeni havaların yaradılması öncə yaradılanlardan bə’zilərinin yaddaşdan silinməsi və sıradan çıxması demək olardı. Həmin səbəbdən mədəni ən’ənələrin qorunub saxlanması və inkişafı ancaq mədəni irsdə indiyədək mövcud olan mətnlərin daim bərpası yolu ilə həyata keçirilə bilər.

Bu baxımdan şifahi ən’ənə Azərbaycan mədəniyyəti çərçivəsində, bütövlükdə götürsək, bir mətnə («invariant/variant» şəklində) oxşadıla bilər. Yeniliklər ən’ənəvi mətnin şəklidəyişməsi və, ən başlıcası, bunun mədəni inkişafın yeni-yeni mərhələlərinə qoşulması ilə başa gəlib.

Hər bir hava ən’ənə baxımından tam əsaslanmış olsa da, ifaçının özünün şərhi ilə, özünün duyduğu və yozduğu şəkildə ifa olunur.

Havacatın mətni həyat şəraiti; ifaçı aşığın sənətkarlıq səviyyəsi; ifanın məkanı və baş verdiyi şərait; nəhayət, yerli ən’ənələrdən asılıdır. Minlərlə ağızdan-ağıza, ifaçıdan-ifaçıya keçən aşıq havalarının saysız şəklidəyişmələri olur və olmalıdır. Və bu saysızlıqlar arasında hansınasa üstünlük verməyə əsas da yoxdur.

Lakin onları, bir sıra amilləri nəzərə almaqla, tutuşdurmaq olar. Həmin amillərdən ifanın ən’ənəyə yaxınlıq dərəcəsini, aşığın şəxsiyyəti və fərdiyyətini, bədii ifadənin dolğunluğu və parlaqlığı dərəcəsini, ifaçılıq ünsürlərinin kamil işlədilməsi dərəcəsini qeyd etmək olar.

Yuxarıda deyilənlər baxımından və türk bədii mətnlərinin ötürülmə ən’ənələrini nəzərə alaraq, «şifahilik» anlayışının folklor əsərlərinin varlığı, yaşama qaydası (üsulu) kimi tə’yini qarşıya qoyulan məqsəd çərçivəsində dəqiqləşmə tələb edir.

Gerçəklikdə danışmaq eşidilmək gümanı ilə şərtlənir. Qədim türklərin şüurunda ünsiyyət anlayışı iki tərkib hissənin — səs və eşitmənin birliyindən ibarət  olub. Türk lüğəti tərkibində «tan/tın» fe’li törəmələr «eşitmə» bildirirlər.

Altayca «tında» — dinləmək», «qulaq asmaq» mə’nasındadır; xakasca «tınqo», uyğurca «tingit», qazaxca «tında», azərbaycanca «dinlə», Türkiyə türkcəsində «dinle» də «maraqla dinləmək, qulaq asmaq» deməkdir.

Söyləmə (danışma) və eşitmə bağlılığı mahiyyətcə biliyin (informasiyanın) vahid mənimsəmə və ötürmə qurğusu (sistemi, mexanizmi) yaradır. Şifahiliyə arxalanan türk ən’ənəsinə görə, səs və eşitmə düşünmə ilə əlaqələnirlər.

Bu səbəbdən də, xalq-professional musiqisi haqqında danışılanda, burada mədəni irs daşıyıcılarının musiqili-poetik mətnləri, bədii-üslub vasitələrini, ümumiyyətlə, bütün biliklərin ötürülməsində şifahi (yaddaş) — eşitmə ən’ənəsini əsas götirmək lazımdır3.

GIRIŞ:    səhifələr      1     2