Ənənəvi instrumental ansambllar.
Özbəkistanda
ansambl ifaçılığı zəngin
ənənələrə malikdir. Bu ənənələr
müxtəlif tərkibli ansamblların
ifaçılıq imkanları, akustik –
tembr xüsusiyyətləri və daşıdığı
funksiyalarla bağlıdır. Bütün
bunlardan asılı olaraq, ənənəvi
ansambllar iki qrupa bölünur: 1) kəskin
və ucadan səslənən musiqi alətlərindən
ibarət ansambllar; 2) nisbətən yumşaq
səslənməyə malik alətlərdən
ibarət ansambllar.
Birinci
qrupa aid instrumental ansambllar qədimdə
olduğu kimi, müasir dövrdə də
surnay, karnay və naqoradan (və ya doyradan)
ibarətdir. Onlar, əsas etibarilə açıq
havada çıxış edirlər. Ənənəvi
xalq bayramlarını, kütləvi tamaşaları
(kəndirbazları, kukla tamaşalarını)
müşayiət edən bu ansamblların
çıxışı tətbiqi xarakter
daşıyır. Keçmişdə bu
cür ansambllar hərbi yürüşləri
də müşayiət edirdi. Bu halda onların
tərkibi şəraitdən və icra
etdiyi funksiyadan asılı olaraq dəyişikliyə
uğrayır. İkinci qrupa isə bütün
digər alətlər daxildir. İkinci
qrupdakı alətlər tam tərkibdə
çox nadir hallarda – böyük bayramlarda,
xüsusi təntənəli hallarda istifadə
edilir. Çox zaman onlar kamera tərkibli
olur: makomların vokal şöbələrinin
ifası zamanı tanbur və doyra; xalq
rəqslərinin və ailə şənliklərində
qadın rəqslərinin müşayiətində
dutar istifadə olunur. Xarəzmdə isə
epik rəvayətlərin – dostanların
müşayiətində balaman, dutar və
gicak öz yerini tapır.
Lokal
üslublar.
Özbək xalqının musiqi irsində
dörd əsas lokal üslub – Xarəzm,
Buxara – Səmərqənd, Fərqanə
– Daşkənd, Surxandarya – Kaşkadarya
– müşahidə olunur. Bu lokal üslubların
yaranması bu və ya digər ərazidə
etnik qruplaşmalar və ictimai – ekoloji
həyat şəraiti nəticəsində
baş vermişdir.
Özbəkistanın
cənub vilayətlərinin (Surxandarya,
Kaşkadarya) əhalisi hələ yaxın
keçmişdə, ölkənin digər
əyalətlərindən fərqli olaraq,
köçəri həyat tərzi keçirərək,
əsasən heyvandarlıqla və bəzən
əkinçiliklə məşğul olmuşlar.
Buradan da bu vilayətin musiqi folklorunda maldarların
əməyi ilə bağlı mahnılar,
keçmişdə isə köçəri
həyat tərzi ilə bağlı mahnılar
üstünlük təşkil edirdi. Xalqın
musiqi həyatında baxşılar – epik
rəvayət – dostan ifaçıları
mühüm yer tutur. Musiqi alətlərinin
məhdudluğuna baxmayaraq, digər ərazilərdən
fərqli olaraq, bu ərazidə dombra aparıcı
musiqi aləti kimi çıxış edir.
Surxandarya
və Kaşkadarya ərazilərindən
fərqli olaraq, Orta Asiyanın mədəniyyət
mərkəzləri sayılan Buxara və
– Səmərqənddə özbək
musiqi irsinin digər spesifik cəhətləri
özünü göstərir. Onlar həm
yaradıcılığın mövzu
və janrları, həm də musiqi həyatının
xarakteri ilə bağlıdır. Buxara
və Səmərqənd lokal üslubunun
əsas fərqləndirici xüsusiyyəti
musiqinin və musiqi ifaçılığının
differensasiya olunaraq şifahi ənənəli
professional musiqiyə və xalq musiqisinə
(bilavasitə folklor) bölünməsidir.
Xalq musiqisinin adları naməlum qalan daşıyıcıları
ilə yanaşı, burada professional musiqiçilər
– xanəndə (hafizlər) və musiqi
aləti ifaçıları, makomların
və şifahi ənənəli professional
musiqinin digər janrlarının bacarıqlı
ifaçıları böyük yer tutur.
Eyni zamanda sazandalar – xanəndə və
rəqqasə qadınlar, məzmununa görə
müxtəlif kiçik həcmli rəqs
– mahnıların ifaçıları çox
məşhurlaşmışlar.
Bu
ərazilərdə, həmçinin, zəngin
musiqi alətləri, mərasim musiqisinin
rəngarəng formaları mövcuddur.
Burada həmçinin, ən yaxşı
ifaçıların istirakı ilə evlərdə
musiqi və poeziya gecərinin keçirilməsi
də geniş yayılmışdı.
Şəhər həyat tərzi xanəndə,
rəqqasə və musiqi aləti ifaçıları
ansambllarının populyarlaşmasına
şərait yaratmışdır.
Buxara
və Səmərqənd vilayətlərinin
özbək musiqi folkloru tacik musiqisi ilə
ümumi cəhətlərə malikdir.
Ayrı-ayrı janr və formalar tarixi taleləri
oxşar olan bu iki xalqın – özbək
və tacik xalqlarının musiqi yaradıcılığının
məhsuludur. Şaşmakom kimi böyük
inkişaflı silsilə əsər buna
parlaq misaldır.
Xarəzm
lokal üslubu Buxara – Səmərqənd
üslubu ilə ümumi cizgilərə
malik olsa da, hər seydən əvvəl,
öz koloritinə görə fərqlənir.
Bu da ifa olunan mahnıların intonasiya –
melodik quruluşunda və təfsirində
özünü büruzə verir. Xarəzm
üslubunun türkmən və Azərbaycan
musiqisi ilə ümumi cəhətləri
mövcuddur.
Xarəzmin
xalq musiqisinin səciyyəvi lokal xüsusiyyətləri
dostan ifaçılığı ilə
bağlıdır. Əgər Özbəkistanın
bütün vilayətlərində dostanlar
adətən reçitativ – deklamasiya və
ya reçitativ – oxuma xarakterli ifa tərzinə
malikdirsə, Xarəzmdə onların ifasında
mahnıvarilik özünü aydın
şəkildə göstərir. Burada
dostanlar dutarın müşayiətilə
ifa olunur (digər ərazilərdə isə
dombradan istifadə olunur). Çox vaxt isə
ənənəvi ansambllara da dostan ifaçılığında
yer verilir, ansamblın tərkibi balaman,
qicak və dutardan ibarətdir, bəzən
ansambla dombra da daxil edilir.
Xarəzmdə
musiqi alətləri arasında balaman geniş
yayılmışdır. Eyni zamanda, burada
dombradan, demək olar ki, istifadə edilmir.
Xarəzm üslubunun özünəməxsus
xüsusiyyətlərindən biri kimi,
burada XIX ərsin ikinci yarısında birsıralı
qarmon alətinin geniş yayılmasını
qeyd etməliyik.
Bu
günə kimi bu ərazidə istifadə
olunan ayrı-ayrı xalq çalğı
alətləri özünəməxsus
quruluşu və tembr xüsusiyyətləri
ilə diqqəti cəlb edir. Məsələn,
Xarəzm dutarı özünün konstruksiya
və akustik – tembr xüsusiyyətlərində
görə Özbəkistanın digər
vilayətlərində, bilavasitə Fərqanədə
mövcud olan dutar növlərindən
fərqlənir.
Fərqanə
vadisinin musiqi folkloru da səciyyəvi cəhətləri
ilə fərqlənir. Burada forma baxımından
sadə, kiçikhəcmli, lakin mövzusuna
görə çoxcəhətli olan mahnılar
xüsusi yer tutur. İçkari1
adlanar qadın
mahnıları çox populyardır. İnkişaflı
formaya və deklamasiyalı – reçitativ
quruluşa malik mahnı janrı – panıs
aşula (və ya katta aşula) bu ərazinin
sırf lokal cəhəti hesab olunur. Qeyd
etdiyimiz janr Daşkənd vilayətində
(Tacikistanda isə Xocəntdə) geniş
yayılmışdır. Səciyyəvi
yerli cizgilər oxuma manerasında, xanəndə
və instrumental ifaçılardan ibarət
ansambllarda da özünü büruzə
verir. Xalqın həyatının müəyyən
tarixi şəraitdə inkişafı
ilə bağlı meydana gələn səciyyəvi
yerli üslubların çarpazlaşmasından
yaranaraq, vahid milli mədəniyyətə
qovuşmuş və özbək xalqının,
özbək millətinin formalaşması
prosesində mühüm əhəmiyyət
kəsb etmişlər.
Xalq
və xalq – professional musiqiçiləri.
Özbək
xalq musiqi irsinin yaradıcıları adları
naməlum olan xalq ifaçıları və
professional musiqiçilərdir. Özbək
musiqi sənətinin geniş janr rəngarəngliyi
sayəsində professional xanəndə
və instrumental ifaçılar müəyyən
bir sahədə ixtisaslaşmışlar.Belə
ki, makom ifaçıları xanəndə
və çalğıçıların
böyük bir qrupunu təşkil edərək,
öz növbəsində vokal və ya
instrumental hissələrin bilicilərinə
və ifaçılarına bölünmuşlər.
O cümlədən, vokal ifaçılığında
Saraxbor, Savt kimi makom bölmələrinin
ifaçıları da ayrılırlar.
Mahnı janrının ifaçıları
(katta aşula və s.) da fərqləndirilir.
Kütləvi xalq tamaşalarını
müşayiət edən musiqiçilər
sənət yönümünə görə
seçilirlər. Fərqanə – Daşkənd
üslubunda özünəməxsus mahnı
janrının – katta aşula ifaçıları,
bir qayda olaraq, makom ifa etmirdilər və
əksinə. Dostan ifaçıları
– şair və baxşılar xüsusi
məktəb yaratmışlar.
Buxarada
görkəmli şaşmakom ifaçıları
tanınmışlar ki, onlardan da yaşlı
nəslə mənsub xanəndə Ota
Calol Nasırov, çalğıçı
Ota Qiyas Abduqani, Səmərqənddən
xanəndə Xoca Abduləziz Rəsulov,
Daşkənddən Soraxim Soumarov, və
başqalarını onların şagirdləri
olan xanəndə və çalğıları
qeyd etmək olar. Bu istedadlı musiqiçilər
öz yaradıcılığında özbək
musiqi irsinin ən yaxşı nümunələrini
təbliğ edirlər. Eyni zamanda, onlar
ənənəvi özbək musiqi ifaçılarını
da hazırlayırlar, milli ifaçı
kollektivlərinin yaranmasında, respublikanın
konsert həyatında iştirak edirlər.
Onlardan
bir çoxu özbək musiqi irsini respublikanın
sərhədlərindən kənarda da
böyük uğurla təbliğ etmişlər.
1.
İçkarı – evin qadınlara məxsus hissəsi.
|
|