~ Çap nəşrləri ~
~
Metodiki işlər~

 

 

 

TARİYEL MƏMMƏDOV
ÖZBƏK XALQ VƏ ŞİFAHİ
ƏNƏNƏLİ PROFESSİONAL MUSİQİSİ


 

 

İÇİNDƏKİLƏR


4

Yallanın ikinci növü isə, əksinə, inkişaflı melodiya ilə xarakterizə olunur. Onlarda kupletin nəqəratla çərçivəyə alınması özünü göstərmir, lakin unison xorun solo oxuması ilə növbələşməsi xarakterikdir. Burada müğənni özü rəqs etmir, bu rolda rəqqasə (və ya rəqqas) çıxış edir.

Aşula geniş nəfəsli melodiyaya (çox vaxt axıcı, lirik) malikdir, onun diapazonu böyük olub, ritmin sinkopalı şəkildə verilməsi müşahidə olunur. Aşulanın mətn əsasını: barmak xalq şer forması deyil, həm də əruz1  kimi professional şer forması təşkil edir. Bu mahnı janrının melodiyası şerin mətnini tam əhatə edir. Şerin mətni lirik – məhəbbət mövzusunda olub, bəzən fəlsəfi düşüncələri, bəzən də qəm – kədər hisslərini ifadə edir. (nümunə8).

Aşulanın daha çox inkişaflı nümunələri şifahi ənənəli professional musiqiyə daxildir. Bura, həmçinin aşula janrının başqa bir növu – katta aşula (böyük mahnı) və ya ponıs aşula (kiçık boşqabla, sini ilə ifa olunan mahnı) da aiddir.

Katta aşula deklamasiya xarakterli melodiyası, geniş diapazonu (üç oktavaya qədər), musiqi materialının mürəkkəb improvizasiyalı inkişafı və metrin pərakəndəliyi ilə səciyyələnir.

Katta aşula, adətən, iki və daha çox müğənni – hafiz, özbək xalqının mahnı yaradıcılığında bu janrın peşəkar ifaçıları tərəfindən ifa olunur. (nümunə 9).

Bütün adları çəkilən mahnı janrlarının instrumental variantları da ola bilər, bu zaman onların səciyyəvi melodik – intonasiya, lad – tonal metroritmik əsası saxlanılır. İnstrumental variantlarda alətin xarakterik xüsusiyyətləri və ifaçılıq imkanlarının təcəssümü ilə yanaşı, melodiyanın fakturasında instrumental təfsirin spesifikası, mövcud formaları (solo və ya ansambl) öz əksini tapır. Bundan başqa, ayrı-ayrı qısa mahnı melodiyaları çox vaxt kifayət qədər inkişaflı forma kəsb edir ki, bu da instrumental pyeslər üçün səciyyəvidir. Sırf instrumental pyeslərdə də böyük janr rəngarəngliyi diqqəti cəlb edir, bura həm müəyyən şəraitlə bağlı, (mərasim, təntənəli bayram, tamaşa və s.), həm də hər vaxt ifa olunan, ansambl və solo ifa üçün nəzərdə tutulan janrlar aiddir.

Özbək xalq musiqisinin lad cəhətinə toxunarkən, qeyd etmək lazımdır ki, burada həm melodiyanın diapazonuna bərabər məhdud çərçivəli, seksta, kvinta, kvarta interval həcmində ladlara, həm də iki – iki yarım oktava həcmində diapazona malik melodiyanın əsasını təşkil edən diatonik ladlara təsadüf olunur.

Özbək xalq musiqisində xromatizm elementlərinə rast gəlinir ki, bu da «məsafədə xromatizm» şəklində özünü göstərir. Ladın II, III, VI və VII pillələri daha çox xromatik dəyişikliyə məruz qalır ki, bu da nəticədə müxtəlif diatonik ladların qoruşmasına gətirib çıxarır. Məsələn, ionik (III pillənin xromatizmi), ionik və miksolidik (VII pillənin xromatizmi), eolik və dorik (VI pillənin xromatizmi), eolik və frigik (II pillənin xromatizmi), dorik və miksolidik ladların qovuşmasını görə bilərik.

Özbək xalq mahnılarının və instrumental pyeslərin melodiyası, demək olar ki, həmişə aşağı sabit səsdə yüksələn – enən hərəkətli geniş melodiyadan və aşağı istiqamətli gedişdən sonra bitir.Özbək xalq melodiyalarında yüksələn hərəkət həmişə aşağı istiqamətli melodik hərəkətlə tənzimlənir.

Melodik hərəkətin pilləvari düzülüşü yuxarı istiqamətli sıçrayışlarla ardıcıllaşır, sıçrayışlar, əsasən melodiyanın əvvəlində özünü göstərir. Mahnı və instrumental pyeslərin melodiyalarının quruluşuna gəlincə, qeyd etmək lazımdır ki, onlara mütənasiblik, dəqiqlik, sezuranın aydınlığı xasdır.

Əsasən unison şəklində inkişaf edən özbək musiqi irsində (dütar, dombra və tambur üçün pyeslər istinalıq təşkil edir, çünki burada ikisəslilik elementləri mövcuddur) melodiyanın özünəməxsusluğu, hər şeydən əvvəl, onun əsasını təşkil edən özək – motivin xarakterindən və tətbiq olunan inkişaf üsullarından (variasiya, sekvensiya və s.) asılıdır.  


1. Əruz – Şərq şerinin kvantitativ sistemi olub, misrada uzun və qıza hecaların növbələşməsinə əsaslanır.


 

GIRIŞ:   səhifələr    
1  
 2    3    4    5     6     7     8     9     10     11     12