Özbək xalqının qədim köklərə
malik musiqi irsi bizim günlərdə də
janr rəngarəngliyini və monodik ifadə
vasitələrinin zənginliyini qoruyaraq
yaşadır. O, özündə xalq (bilavasitə
folklor) və şifahi ənənəli
professional musiqi yaradıcılığını
qovuşdurur. Bura quruluşuna və melosuna
görə inkişaf etmiş mahnılar
və instrumental pyeslər daxildir. Mühüm
yeri dastanlar – qəhrəmani və qəhrəmani-lirik
məzmunlu epik rəvayətlər tutur.
Özbəkistanın musiqi alətləri,
musiqi ifaçılığı formaları
ilə, musiqi ənənələri ilə
sıx bağlı olan instrumental musiqi
janrları rəngarəngliyi və zənginliyi
ilə seçilir.
Xalq musiqisi
Özbək
folkloru, bütün xalqlarda olduğu kimi,
zəhmətkeş kütlənin fikir
və qayğılarının ifadəsi,
onların məişətinin və zövqünün,
ictimai və milli azadlıq mübarizəsinin
əksi olmuşdur. Özbək xalq musiqisinin
mövzu rəngarəngliyi, janr zənginliyi
və forma müxtəlifliyi də bununla
bağlıdır.
Daşıdığı
funksiyaya və mövcud formalarına uyğun
olaraq, xalq mahnı və instrumental janrlarını
iki böyük qrupa bölmək olar:
1.
Müəyyən şəraitdə və
ya müəyyən vaxtda ifa olunan mahnılar
və instrumental melodiyalar. Bura ailə –
mərazim, əmək və beşik mahnıları,
müxtəlif adət – ənənələr,
kütləvi tamaşalar zamanı ifa olunan
instrumental melodiyalar aiddir.
2.
Hər zaman və hər yerdə ifa olunan
mahnı və instrumental pyeslər. Bura
özbək mahnı janrları olan terma,
koşuk, lapar, yalla və aşula, həmçinin,
analoji planda müxtəlif instrumental pyeslər
daxildir.
Hər
bir qrup səciyyəvi fərqləndirici
cizgilərə malikdir. Belə ki, birinci
qrupa aid mahnı janrlarının ifası
müəyyən şərait və vaxtla
bağlı olub, konkret məişət
funksiyası çərçivəsində
mövzularının genişliyinə
görə fərqlənir. Bu zaman müşahidə
olunan aparıcı mövzudan bir qədər
uzaqlaşma da lirik düşüncələr,
xəyallar və ya ümumiləşdirilmiş
əxlaqi – tərbiyəvi motivlər hüdudundan
kənara çıxmır. Misal olaraq, geniş
yayılmış «Yör - yör» toy
mahnısını göstərə bilərik.
Bu mahnı, adətən, gəlinin bəy
evinə yola salınması zamanı oxunur.
(nümunə1).
Mahnının mövzusu gəlinin tərifləməsi
ilə, ailə həyatına, bəy evində
gəlinin davranış qaydalarına dair
məsləhətlərlə bağlı
olub, mətndə obrazlı – poetik qarşılaşdırmalardan
istifadə edilir. Mahnının melodiyası
sadə ikihissəli formadadır. Hər
bir hissə üç tamamlanmış
melodik qurumdan ibarətdir ki, onların da
hərəsi şerin bir misrasını
əhatə edir. Kiçik diapazonlu, metroritmik
cəhətdən dəqiq qruplaşdırılmış
bu cür melodiya, intonasiya özəklərinin
müxtəlifliyinə baxmayaraq, «Yör
- yör» mahnısının bir çox
lokal variantları (Daşkənd, andijan,
namançan, çimkənt və s.) üçün
səciyyəvidir. Adı çəkilən
mahnıdan başqa, digər toy mahnıları
də vardır (məsələn, «Kelin
salom», «Tuy muborak» və s.) ki, onlar da bilavasitə
toy mərasiminin adət – ənənələri
ilə bağlıdır. Onlardan hər
biri səciyyəvi quruluşa, melodik –
intonasiya əsasına və emosional çalarlara
malikdir.