~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
I HİSSƏ

XALQ-PROFESSİONAL MUSİQİSİ


3

Məzəli xalq meydan tamaşalarından biri də «Qaravəllidir». Xalq arasında yaranan «Qaravəlli» sintetik tamaşa növü kimi özündə musiqi, rəqs, mahnı və dramatik fəaliyyəti üzvi surətdə birləşdirir.

Həmin tamaşaya gözbağlıca, sinədən söz qoşma, lətifə, məzəli əhvalat, nağıl və əfsanə daxil edilə bilər.

Tamaşalarda xalq teatrının ən’ənəvi mənzum ünsürləri aydın nəzərə çarpır. Çox vaxt belə tamaşalar əsərin qəhrəmanlarını və qısaca məzmununu şərh edən aşıq çıxışları — mahnılar və çalğı ilə başlayırdı. «Kilimarası», «Çoban Tapdıq», «Səlim şah», «Qaragöz» kimi kukla teatr tamaşalarının girişini adətən aşıq hekayələri və havacatı təşkil edirdi.

Onu da qeyd etmək yerinə düşər ki, tamaşaçıların əsərin gedişinə qarışması və tə’siri də, səhnədə baş verənlərə şəxsi münasibətləri də böyük əhəmiyyət kəsb edirdi.

Bu amil yerdən söz atma, atmaca şəklində ifadə olunurdu və tamaşanın məzmununda, iştirakçıların çıxışlarında (o cümlədən, atmacalara cavablar şəklində) dəyişikliklərə təhrik kimi qiymətləndirilməlidir.

Musiqi çalmaq fərdi dərk olunan yaradıcılıq prosesidir və bir sıra cəhətlərinə görə folklorun başqa sahələrinə bənzəyir. Həmin bənzəyişlər arasında ən’ənəvilik, kollektivlik, dəyişməz, təmaslı şəkildə ən’ənəni ötürmə kimi cəhətlər başlıcadır və məhz onların sayəsində xalq çalğı (instrumental) musiqisi ancaq ifada yaşayır və yaşadılır. Eyni zamanda o, özünəməxsus professionallığı (peşəkarlığı) ilə də seçilir.

Azərbaycan musiqi mədəniyyəti xalq-professional yaradıcılığının görkəmli simaları ilə olduqca zəngindir7. Əldə olan materialla şəxsi müşahidələri ümumiləşdirərək, nəzərdən keçirilən mövzu baxımından aşağıdakı ümumiləşdirməyə gəlmək olar.

Xalq musiqiçisi — çalğıçı çox zaman özü üçün deyil, dinləyici üçün çalır və bu halda onun ifası «kortəbii» deyil, əksinə, şüurludur.

Çalğıçıların çoxu daxili tərtib tarazlığını saxlamaq şərti ilə, havanı ustalıqla genişləndirib-qısalda bilirlər. Bə’ziləri ifanın gedişindən, şəraitdən və dinləyici zövqündən asılı olaraq daxili nisbəti dəyişir, istənilən məqamları vurğulayır, yə’ni daha aydın nəzərə çarpdırırlar və i.a.

Bütün bunlar yaxşı tə’lim və sonrakı daim yetkinləşmədən irəli gələn geniş təcrübə, bilik və bacarıq sayəsində əldə olunur.

Xalq musiqiçilərinin özünəməxsus peşəkarlığı ifaçılıq məktəblərinin yaranmasında başlıca amildir. Zurnaçıların, balabançıların, nağaraçıların arasında da yerli ən’ənələrə yaxşı bələd olan və öyrədən ustadlar — müəllimlər olub və olmalıdır. Hər bir ustad qavrama tələbləri, tə’lim üsulları (metodikası), öz terminologiyası ilə seçilir.

Professionalizm ictimai sahədə də həyata keçirilir. Xalq musiqiçisi yaşadığı mühitdə də seçilir. Yerliləri onu musiqiçi sayır və o, özü də bunu dərk edir. Onun fəaliyyətinə uyğun olaraq şəxsiyyəti haqqında fikirlər söylənilir.

Xalq musiqiçisi musiqiyə öz adi məşğuliyyəti kimi yanaşır və bunun sayəsində öz dolanışığını tə’min edir. Nəticədə musiqiçilik onun yeganə fəaliyyət sahəsinə çevrilir.

Beləliklə, bilavasitə təmaslı ən’ənəvi sənətdə «xalq yaradıcılığı» və «professional yaradıcılıq» bölgüsü xalq-professional mədəniyyətinin dərəcələrə ayrılması sisteminin daxili cəhətlərindən biridir. Və yuxarıda söylənilən fikirlərdən aşağıdakı nəticəyə gəlmək olar:

— Azərbaycan xalq-professional (o cümlədən də, musiqi mədəniyyəti) fərdi-müəllif yaradıcılığının ictimai-folklor şəkilli təzahürü olub, xalq kütlələrinin dünyagörüşünü əks etdirən şifahi-yazılı ifadəli bədii rabitə (əlaqə) vasitəsidir.

XALQ-PROFESSİONAL MUSİQİSİ:    səhifələr      1     2     3