~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
II HİSSƏ

AŞIQ SƏNƏTİ

5


Musiqili-poetik və şifahi ən’ənəli saz-söz sənətində görkəmli ustadların əbədiləşdirilməsi fəal yaddaşda çoxsaylı nəsillərin bədii təcrübəsinin qorunub saxlanması yolu ilə həyata keçirilir. Deyilənlərə ən sanballı misal olaraq aşıq havacatının adlarını və janrların tə’yinini göstərmək olar.

Hər bir havacat adı aşıq yaradıcılığının, aləmin, kainatı dərketmənin bir cizgisi yaxud özəl bir izidir. Çünki hər bir yaradılan havanın əsasında orada ifadə olunanlarla dinləyici (tamaşaçı) auditoriyasına mə’lum basmaqəliblərin eyniləşdirilməsi durur.

Aşıq havalarının adları 1) şe’r quruluşları — Güllü qafiyə, Təcnis, Təxnis, Müxəmməs, Divanı; 2) tarixi və əfsanəvi qəhrəmanlar, görkəmli ustad-aşıqlar — Koroğlu, Şah İsmayıl Xətai, Kərəm, Qaçaq Nəbi, Mənsur Həllac (Mansırı), Aşıq Bəhmən (Bəhməni), Aşıq Cəlil (Cəlili), Şah İsmayılın böyük qardaşı Sultanəli (Sultanı), Aşıq Duraxan (Duraxanı); 3) coğrafi yer adları — Naxçıvan, Göyçə, İrəvan (İrəvan çuxuru), Borçalı, Şirvan; 4) tayfa adları — Boz ox (Bozuğu), Qaraçı, Ovşar (Ovşarı), Şahsevən (Şahsevəni); 5) bədii (lirik) — poetik anlayışlarla (surətlərlə) — Turacı, Mixəyi, Süsənbəri, Bayramı, Gülabı, Sarıtel, Dolhicran — və, ən nəhayət, 6) igidlik mövzuları ilə (Qəhrəmanı, Cəngi, Sürütmə, Misri və s.) bağlıdır26.

Azərbaycan aşıq sənətinin başlıca mahiyyəti ifaçılardan yüksək peşəkarlıq tələb edir ki, bu da yüzilliklər boyu ustaddan şagirdə, nəsildən nəslə keçən bədii ən’ənələrin canlı ifaçılıq təcrübəsi prosesində təkmilləşməsi yolu ilə əldə olunur. Təsadüfi deyil ki, aşıq adlanmaq üçün keçmişdə ustada şagird olub, uzun müddət (hətta, 12 ilədək) ona «qulluq» etmək lazım gəlirdi.

Ustaddan aldığı bilikləri, götürdüyü vərdişləri tam mənimsədikdən sonra ustad xeyir duası, daha doğrusu, — mənim «zəhmətim sənə halal olsun!» sözləri ilə ustad silləsi «yeyən» şagird artıq şagird deyil, müstəqil və kamil aşıq-sənətkar sayılırdı27. Beləliklə, ancaq yüksək ixtisaslı hazırlıq və tə’lim təcrübəsi nəticəsində aşıq ən’ənələrinin gələcək nəsillərə ötürülməsi və sənətin uzunömürlülüyü tamdəyərli şəkildə təmin olunur.

Bir müəllim kimi bütün ustadların fəaliyyəti mahiyyətcə eynidir, çünki son nəticədə bu fəaliyyət çox mühüm ictimai vəzifənin — ictimai-tarixi təcrübənin gələcək nəsillərə çatdırılması (ötürülməsi) vəzifəsinin gerçəkləşməsinə xidmət edir.

Şagirdlərin təlim-tərbiyəsində «ümumbəşərilik» və «şəxsiyyət» anlayışları çox mühüm yer tutur. Tə’lim-tərbiyədə ümumbəşərilik prinsipi saz-söz sənətinin, ümumiyyətlə, ictimai-tərbiyəvi vəzifələri ilə bağlıdır.

Mərhum Aşıq Əkbər (Cəfərov, 1933—1990) həmişə deyərdi ki, «yaxşı aşıq yetişdirmək istəyirsənsə, gərək əvvəlcə yaxşı insan tərbiyələndirəsən». Şifahi hazırlıq ən’ənəsinin məğzini dərk etmək üçün, ilk növbədə onun məqsəd və xüsusiyyətləri müəyyən edilməlidir.

«Şifahi ən’ənəli tə’lim» anlayışı üç tərkib hissədən ibarətdir: «şifahi-bilik, təcrübə və vərdişlərin ustaddan şagirdə canlı şəkildə ötürülmə (verilmə) üsulu; «ən’ənəvi» təcrübənin varisliyinin, tə’limin üsulu, qaydası və tərzinin dəyişməzliyi; «tə’lim» sözünün özü isə onun peşəkarlıq və tamdəyərlilik, keçilən fənnin — aşıq sənətinin peşəkarlıq və ustadla şagirdin birgə fəaliyyət dərəcələrini aşkarlayır.

Lakin «şifahi» anlayışının özü saz-söz ən’ənəsinin bütöv ictimai-mədəni varlığına daha bir cizgi artırır (bax: III fəsil). Şifahi ən’ənənin tə’sir dairəsi tədris edilən, öyrədilən materialın mənimsənilməsi zamanı tamaşaçı amili hesabına genişlənir. Tə’limin lap ilk mərhələsində aşıqlarda alətə «baxmaq, göz zilləmək» vərdişi meydana gəlir ki, bu da musiqi biliklərinin mənimsənilməsi və yaddaqalması üçün başlıca şərtlərdən biridir.

Görmənin fəallığı sazın quruluşu ilə də bağlıdır: ustadın sol əlinin pərdəli qolda dəqiq mövqeyi, sağ əlinin çoxçalarlı mizrab (təzənə) vurmağı tə’limin əyaniliyini təsdiqləyir.

AŞIQ SƏNƏ:    səhifələr      1     2     3     4     5    6