~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
II HİSSƏ

AŞIQ SƏNƏTİ

4

Saz-söz sənətində işlənən «Baş» sözünün məcazi mənası «başlanğıc», «başlıca», «əsas», «aparıcı» deməkdir və hansısa hissənin (yaxud bölmənin) meydana çıxması, başlanması anını əks edir.

Eyni zamanda burada havanın başlanıb qurtardığı mövzu rüşeyminin çoxsaylı təkrarı, bə’zən isə havanın hər bir tərkib hissəsi nəzərdə tutulur. Terminin başlanğıc funksiyası (vəzifəsi) havaların adları ilə təsdiq olunur: «Baş müxəmməs», «Baş sarıtel», «Baş divanı» və s.

«Orta» termini havacatın orta, mərkəzi hissəsinə işarədir. Burada bütöv hava quruluşunda orta mövqe ilə yanaşı, yüksəklik baxımından «Baş» ilə «Ayaq» arasındakı ortalıq qeyd edilir.

Aşıq ifaçılığında «Orta sarıtel», «Orta müxəmməs», «Orta cəlili» və s. kimi havalar geniş işlədilir. «Ayaq» termininə gəldikdə isə, o sonluq və özül, bünövrə, dayaq deməkdir, yaxud bədii dillə desək, «havanın yaxud havacatın ayağıdır».

Lakin «Ayaq Cəlili», «Ayaq Divanı», «Koroğlu havaları» zildən başlansalar da, aşıqların ən’ənəvi «aşağı» və «yuxarı» haqqında təsəvvürlərinin heç də müasir mə’nada yozulduğu demək deyildir. Çünki həmin havalar «Başdan» yox, «ayaqdan», yə’ni kök simlərdən başlayaraq «Baş»a doğru inkişaf yolu keçirlər.

Üçhissəli yaxud üçüzvlü quruluş — Baş—Orta—Ayaq (bünövrə) aşıq havalarının yaranışının qədim dövrə aidiyyətini bir daha təsdiq edərək bədii baxımdan qədim türklərin inam yeri olan dağ surəti ilə məkan oxşayışını yada salır23.

Hal-hazırda da Azərbaycanda müqəddəs sayılan dağ zirvələri var və əslən türk-oğuz tayfalarından çıxmış müasir azərbaycanlılar həmin zirvələri ziyarət edir, orada dua edirlər.

Onlar arasında Beşbarmaq dağını, Şahdağı və Haçaqayanı (Kiçik Qafqazda), Babadağı (Böyük Qafqaz) xüsusi qeyd etmək lazımdır.

Digər tərəfdən, sazın quruluşca insan bədəni ilə eyniləşdirilməsi də maraqlı faktdır: burada «Baş» dedikdə, qolun «başı», yə’ni simləri çəkən aşıqların («qulaqların») yerləşdiyi hissə; «Orta»—qolun ortası və «Ayaq»— qolun çanağa bərkidildiyi yer nəzərdə tutulur.

Və çox maraqlıdır ki, belə məkan təsəvvürlərində şaman mədəniyyətinin əks-sədası aydın nəzərə çarpır. Şaman ayinlərinin icrasında (qamlamada) dünyanın üç qatına səyahət mühüm yer tutur.

Aşıq sənətinin qədim şamanlıqla bağlılığı aşıqların ustadnamələrdə özündən çox-çox öncə yaşamış ustad sənətkarları yad etməsi ilə də aşkarlanır. Burada qamlayan şamanın «şaman şəcərəsini», keçmişi və gələcəyi sadalaması yada düşür.

Bütövlükdə götürdükdə, söhbət ulu əcdadların xəyalən canlandırılmasından və fəaliyyətdə olan ifaçının tayfa-qəbilə şəcərəsində yerini göstərməkdən gedir.

Qeyd etmək lazımdır ki, şaman çağırışlarının bir xüsusiyyəti də var: əcdadları yad etməklə yanaşı öz adının çəkilməsi ilə aşıq-şaman ruhlar tərəfindən sayılıb qəbul olunduğuna işarə edir24. Mənşəcə ən qədim şaman poetik dili ilə bağlı olan aşıq şe’rində aşığın öz adı möhür bənd (məxləs bənd, tapşırma yaxud xətm) adlanan son bənddə yerləşir.

Aşıq sənətinin qədim türklərin dini inamları ilə bağlılığı şübhəsizdir, lakin məhz son bəndə öz adının əlavə olunması ən’ənəsinə gəldikdə, bunu ilk növbədə Yaxın və Orta Şərq yazılı ədəbiyyatının tə’siri ilə izah etmək olar.

Müəllifin əsil adının təxəllüslə əvəzlənməsi «şe’rin sona çatmasına işarə» kimi XII əsrdən başlayaraq qəzəl janrında mövcuddur.

Təxəllüsün sufi şairlərin yaradıcılığında xüsusilə geniş yayılması onların sənətkar birlikləri (sexləri) ilə sıx əlaqəli olduqlarını göstərir: hər bir sənətkar öz fəaliyyətinin məhsulunu öz adı ilə möhürləməli idi25.

Peşəkar saz-söz sənətində təxəllüs əksər hallarda ustadın dünyaya göz açdığı yerlə bağlıdır: Abbas Tufarqanlı, Şəmkirli Aşıq Hüseyn, Göyçəli Aşıq Ələsgər, Bozalqanlı Aşıq Hüseyn və i.a.

Zahiri görünüşün (Sarı Aşıq, Sarı Zülfüqar, Çopur Ələsgər və s.), əmək fəaliyyətinin (Dəmirçi Hüseyn, Dəmirçi Abbas, Xəyyat Mirzə və s.), mə’nəvi keyfiyyətlərin poetik ifadəsinin (Xəstə Qasım, Bimar İsgəndər, Aşıq Hüseyn Mərdanə, Həsən Pərvanə və s.) də təxəllüsgötürmədə böyük yeri var.

AŞIQ SƏNƏ:    səhifələr      1     2     3     4     5    6