~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
II HİSSƏ

AŞIQ SƏNƏTİ

3


Bəşəriyyətin tarixi inkişafı vaxtilə vahid mədəni-tipli sənətdə və sənətkarda təbəqələşməyə gətirib çıxartdı. Tədqiqatçıların çoxu aşıq sənətinin təbəqələşməsində 3 istiqaməti qeyd edirlər:

Ustad aşıqlar sinkretik aşıq saz-söz sənətinin ən parlaq şəxsiyyətləri kimi özündə şairlik və bəstəkarlıq istedadı, kamil müğənni, çalğıçı, aktyor və hətta rəqs (plastika) sənətkarlıqlarını və ən başlıcası, təcrübəli və müdrik ustadlığı (müəllimliyi) üzvi birləşdirirlər.

İfaçı aşıqlar qədim saz-söz ən’ənələrini yaşadan və onu xalq arasında yayan sənət ustalarıdırlar. Azərbaycan xalqının folklorunun qorunması və inkişafında onların böyük xidməti var21.

Şair-aşıqlar yaxud el şairləri aşıq sənətinin şe’r nümunələrini yaradan, xalq şe’rinin inkişafında misilsiz xidməti olan söz ustadlarıdırlar. Şair-aşıqlar şe’r yaradıcılığında həmişə ən’ənəvi havacata əsaslanırlar. Bu da həmin şe’rlərin ifaçı-aşıqlar tərəfindən çalıb və oxuma yoluyla yayılmasına imkan yaradır.

Sinkretik aşıq sənətində sazın xüsusi yeri var. Adını «sazlamaq» sözündən götürən və maddi mədəniyyətimizin məhsulu olan saz aləti aşığın musiqi təfəkkürü və qabiliyyətinin ifadəçisidir. Saz məhz yaradıcılığın üzvi, ayrılmaz hissəsi, aşıq oxumalarının müşayiətçisi və müstəqil ifa alətidir.

Saz mizrabla (təzənə, plektor) çalınan simli və qəti-müəyyən edilmiş pərdəli alət olub, çanaqlılar ailəsinə aiddir. Onun armudşəkilli çanağının «yemişi» və «qarpızı» növləri var. Alət əl əməyi ilə tut və qoz ağacından düzəldilir. Aşıq terminologiyasında sazın aşağıdakı növləri var: böyük saz (ana saz), cürə saz (qoltuq saz) və ən geniş yayılmış tavar saz.

Sazın yaranma tarixi olduqca qədimdir və çoxsaylı araşdırıcıların fikrinə görə, onun ilk sələfi qopuz adlı alət olmuşdur. Qədim türk-oğuz qəhrəmanlıq dastanı «Kitabi — Dədə Qorqud»da qopuz və onda ifa haqqında mə’lumatlar var. Öz yaranışından saz ictimai və mədəni səviyyəyə uyğun olaraq böyük təkamül yolu keçmişdir.

Aşıq havacatının səlis, keyfiyyətli ifası təkcə aşığın səsi və ifaçılıq imkanlarından deyil, həm də sazın səslənmə keyfiyyətlərindin asılıdır.

Təsadüfi deyil ki, aşıqlar saz hazırlayan sənətkarlara, daha doğrusu, — sazbəndlərə böyük hörmətlə yanaşır, onlara «usta» deyirlər. Saz ustası — sazbənd hərtərəfli iste’dadı olan şəxsiyyətdir.

O, eyni zamanda həm dülgərlik ustası, həm tərtibatçı-rəssam, həm musiqi akustikasının bilicisi, həm də saz-söz sənətinə yaxşı bələd olan çalğıçıdır. Aşıqlar kimi sazbəndlər də, öz sənətini yaşatmaq üçün saz düzəltməyin sirrlərini şagirdlərinə öyrədirlər. Qeyd etmək lazımdır ki, sazı sədəflə bəzəmə işi də ən mahir sazbəndlərə tapşırılır22.

Hər bir aşıq oxşarsız olduğu kimi, onun sazı da oxşarsızdır. Alət öz-özlüyündə yaranışını ifadə edən və şifahi, yazısız ən’ənəli musiqini toplayıb saxlayan abidədir ki, bu abidə xalq terminologiyası vasitəsilə bədii ifadəli mə’lumatların (informasiyanın) qoruyucusu və ötürücüsü vəzifəsini yerinə yetirir.

Saz-söz mədəniyyətinin çoxçeşidliliyi onun yüzilliklər boyu toplanılan sənət təcrübəsi nəticəsində olduqca yetkin şəkil alan təsəvvürlər, anlayışlar və terminlər sistemində təmsil olunub.

Deyilənlərə misal olaraq alətin quruluşunun üçhissəli antropomorf modelini və aşıq havacatındakı bütöv kompozisiyada qarşılıqlı əlaqəli hissələrin zaman-məkan meylliliyini göstərə bilərik.

AŞIQ SƏNƏ:    səhifələr      1     2     3     4     5    6