~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
II HİSSƏ

AŞIQ SƏNƏTİ


6

Belə ki, şagird görmə yolu ilə ustadla canlı təmasda aldığı biliyi hissə-hissə müstəqil qavraya bilir.

Beləliklə, «şifahi ən’ənə» şagirdlərin tə’limi (öyrədilməsi) gedişində «şifahi eşitmə-görmə ən’ənəsinə» çevrilir ki, müasir dildə buna «şifahi-audivizual ən’ənə» deyilir.

Ən’ənəvi aşıq məktəbləri bir neçə baxımdan, o cümlədən etnoqrafik (diyarşünaslıq), tarixi-mədəniyyətşünaslıq və yerli ən’ənə-və xüsusiyyətlər baxımlarından öyrənilməlidir.

Bir sıra tanınmış aşıq məktəbləri, — Göyçə, Tovuz, Borçalı, Gəncə-Şəmkir, Şirvan, Qarabağ, Qaradağ, Təbriz, Urmiya, Çıldır və Dərbənd saz-söz ustaları arasında istər işlədilən havacat və onun ifa üslubunda, istər yerli danışıq və söz-dastan söyləmələrində, istərsə də saz çalğısı, oxuma texnikası, səs yüksəkliyi və səslənmə xüsusiyyətlərində, tək və ansambl (birgə) hey’ətdə çıxışlarına görə biri-birindən fərqlənirlər.

Məsələn, Borçalı, Çıldır və Urmiya aşıqları ancaq təklikdə çıxışa üstünlük verdikləri halda, Tovuz, Gəncə-Şəmkir, Qaradağ sənətkarları həm təklikdə, həm cüt, həm də balabançı ilə məclis keçirirlər.

Şirvan və Təbriz aşıqlarının havacatı və ifa tərzi ilə Göyçə və başqa Qərb aşıq məktəblərininki arasında köklü oxşarsızlıqlar var və i.a.28 Yerli ən’ənələr tayfa-qəbilə birliklərinin mədəni irsini, onların tarixi keçmişini və həmin keçmişdə yaşama şəraitini əks etdirir.

Aşıq sənətini yerli üslub fərqlərinə baxmayaraq, onları zamanın süzgəcindən keçən ən’ənəvi havacat birləşdirir. Ən’ənəvi havacat istər ustad-aşıqların, istərsə də gənc ifaçıların çıxışlarında başlıca yer tutur.

Buna dəlil olaraq ayrı-ayrı aşıq məktəbləri ustadlarının (Göyçə məktəbi — Aşıq Şəmşir, Aşıq Müseyib; Borçalı məktəbi — Aşıq Hüseyn Saraclı, Aşıq Əmrah, Aşıq Kamandar; Tovuz məktəbi — Aşıq İmran, Aşıq Əkbər, Aşıq Mahmud, Aşıq M.Azaflı, Aşıq Əlixan; Şirvan məktəbi — Aşıq Ağalar Mikayılov) ifasından not yazısına alınmış havaları göstərmək olar [16, s. 84—341].

Bunula yanaşı, qeyd etməliyik ki, hər bir ən’ənəvi, bədii cəhətdən bərabərhüquqlu aşıq havasının ayrı-ayrılıqda hər bir ifası sırf fərdi yaradıcılıq hadisəsidir. Havanın mətni yerli ən’ənələrdən, aşığın ifaçılıq səviyyəsindən, ifa məkanından asılı olaraq dəyişə bilər.

Ağızdan-ağıza, yaddaşdan-yaddaşa keçən havacatın saysız şəklidəyişmələri var və hansısa birini əsas götürmək, hansınasa üstünlük vermək düzgün olmazdı. Lakin müqayisə etmək üçün onların hər birindən yararlanmaq olar.

Müqayisə zamanı ifanın ən’ənəyə yaxınlıq (uyğunluq) dərəcəsi, bədii niyyətin əksinin dolğunluğu, təfsilatın işlənmə səviyyəsi əsas amillər kimi nəzərə alına bilər. Lakin bütün fərqlənmələrə baxmayaraq, hər bir ayrıca ifa havanın ümumi varlığı tarixinin bərabərhüquqlu toplananı (cəmlənəni) və tərkib hissəsidir.

Hər bir yerin tarixi və mədəni həyatı, ifaçılıq səpgisinin fərdiliyi aşıq havacatı adlarında variantlığı (dəyişkənliyi) müəyyən edir. Məsələn, «Dübeyt» həm «Baş dübeyt», həm «Köhnə dübeyt», həm «Borçalı dübeyti»; «Vaqif gözəlləməsi» həm «Vaqifi», həm də «Pənah gözəlləməsi»; «Ayaq divanı» — «Osmanlı divanısı», «Bəhri divanısı» və «Meydan divanısı» adlana bilərlər və i.a.29

Şübhəsiz ki, oricinal, yə’ni müəllif yaradıcılığının məhsulu olan havalar da yox deyil. Onlar arasında artıq ən’ənəvi havacat sırasına daxil olmuş «Bağdad dübeyti» (Aşıq Hüseyn Saraclı), «Azaflı dübeyti» (M.Azaflı) və «Mirzə dübeyti» (Cilovdarlı Aşıq Mirzə Bayramov) ilə yanaşı, ancaq müəlliflər tərəfindən ifa olunan «Əkbər gəraylısı», «Əkbər laçıngülü», «Əkbər gözəlləməsi» (Aşıq Əkbər Cəfərov), «İmran Koroğlusu», «Ağbulağı», «Səlminazı» (Aşıq İmran Həsənov), «Azaflı dağları», «Azaflı sənəti», «Azaflı dünyası» (M.Azaflı), «Fəxri» (Aşıq Kamandar) və s. kimiləri də vardır.

Azərbaycan saz-söz sənəti hal-hazırda da öz bədii tə’sir gücünü itirməyib, bu günün mədəni inkişaf prosesində onun da öz yeri var. Əgər ən’ənəvi havacat ancaq yarandığı bölgələrdə səslənirdisə və həmin bölgələr xaricində aşıq sənətini ancaq səfərə çıxmış ayrı-ayrı aşıqlar təbliğ edirdilərsə, bizim dövr artıq bu qapalılığa son qoyub.

Saz-söz sənəti müstəqil dövlət şəraitində vahid Azərbaycan milli mədəniyyətinin tamhüquqlu tərkib hissəsidir30. Üz.Hacıbəyov qeyd edirdi ki, «Aşıq sənəti yaşamalıdır, çünki o xalqa daha yaxın olub, xalqın yaşantılarını xalq musiqisinin başqa növlərindən daha dolğun ifadə edir»31.

Azərbaycan bəstəkarlıq məktəbinin bünövrəsini qoymuş bir şəxsiyyətin sözləri bu gün də dəyərini itirməyib. Saz-söz ocağı olan tarixi-etnoqrafik bölgələrə və sənəti yaşadan ustad aşıqlara diqqət və qayğı, bədii-şifahi ən’ənəli abidələri qoruyub-yaşatmaq Azərbaycan mədəniyyət xadimlərinin şərəfli borcudur.

AŞIQ SƏNƏ:    səhifələr      1     2     3     4     5    6