~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
 
II HİSSƏ

AŞIQ SƏNƏTİ

2

«Aşıq» anlayışının sufi təriqətləri ilə bağlılığı bir çox tarixi faktlarla təsdiqlənir. Sənədlərdən mə’lum olur ki, XIII əsrin sonu — XIV əsrin başlanğıcında oturaq və köçəri türk əhalisi arasında geniş yayılan «bəktaşiyyə» sufi təriqətində istər təriqətə qəbul edilmiş aşıq-mühitlərə, istərsə də onlarla əlaqədə olan digər aşıqlara rast gəlinirdi17.

Bundan başqa, Qəznəvilər (999—1040). Səlcuqlar (XI—XII əsrlər) və Qaraxanilər (XI—XIII əsrlər) dövründə çox nüfuzlu din xadimlərini, sufi təriqəti, ticarət və sənətkarlar birlikləri başçılarını, eləcə də müdrikləri və tanınmış alimləri «şeyx» («şıx») adlandırırdılar.

Bu baxımdan böyük şair Nizami Gəncəvinin «Şeyx Nizami» kimi tanınması onun «axilər» təriqətinə mənsub olduğu ilə izah edilə bilər. Öz növbəsində mə’lumdur ki, Sə’di Şirazi (yaxud «Şeyx Sə’di») 20 il dərviş libasında müsəlman aləmini gəzib-dolaşıbmış.

Bütün bunlarla bağlı belə bir fərziyyə irəli sürülə bilər ki, «şıx» sözünün əvvəlinə «A» artırılması və ondan düzələn «aşıx» qədim türk adlarında hörmət və ehtiram göstəricisi kimi «A» artırmasının işlənmə qaydası baxımından tam qanunauyğundur.

Götürək «Aşina» adını: burada «A» hörmət və ehtiram göstəricisi və «şino» yaxud «çino» — «bozqurd», yə’ni türklərin əfsanəvi əcdadı deməkdir18.

Tarixin yaddaşında daha bir maraqlı fakt vardır. XVI əsrdə türk aləmində hərbi himnlər geniş yayılmışdı. janr baxımından «türkü» adlanan və Şah İsmayıl Xətaini tərənnüm edən bu «türkü»-himnlərin yaradıcılarını «aşiq» adlandırırdılar.

Eyni zamanda xalq arasında həmin sənətkarları «a şıx» deyə çağırardılar. Sonralar fəxri «aşıq» adı saz-söz sənətkarlarının adına əlavə olundu. Məsələn, Aşıq Ələsgərin ustadı Alıya «şıx Alı» da demişlər19.

«Aşıq» sözünün mənşəyi barədə mühakimələri Ə.Bədəlbəylinin «İzahlı monoqrafik musiqi lüğəti»ndə verilən təriflə bitirmək olar:

«Aşıq (ərəb. aşiq — vurğun, məftun) — yaradıcılığında şairlik, nəğməkarlıq, çalğıçılıq (instrumental ifaçılığı), bədii qiraət və rəqs sənətlərini üzvi surətdə, sintetik tərzdə birləşdirən xalq sənətkarı»20.

«Aşıq» sözünün belə geniş mənalı tə’yini yüksək bədii və ictimai-mədəni tutumu olan aşıq sənətinin sinkretik mahiyyətini aydın şəkildə aşkarlayır.

Aşıq yaradıcılığı sinkretizminin xüsusiyyətlərindən biri də tayfa-qəbilə quruluşunda insan təfəkkürünün ətraf mühiti hisslərlə qavramasından asılılığıdır. Yə’ni o zamanlar təfəkkür ancaq əyani-obrazlı-duyğulu şəkildə mövcud idi. Bu da öz növbəsində qovuşuq şəkilli yaradıcılıqla nəticələnirdi.

Aşıq saz-söz yaradıcılığının sinkretik mahiyyəti bir daha təsdiq edir ki, onun yaranması dövrü əmək fəaliyyəti ilə incəsənətin, insanla təbiətin bölünməzliyi; mərasimlə oyunun, işin gedişi ilə yaradıcılığın ayrılmazlığı; mətnin tək oxunaqlı deyil, oynaq olması kimi cəhətlərlə səciyyələnir.

Hətta bu günkü baxımdan yanaşsaq, aşığın fəaliyyətinin tərkib hissələri başqa fəaliyyət növlərində ayrıca ixtisaslaşıb. Aşığın bədii yaradıcılığı aləmin (dünyanın, kainatın) nəzəri və praktiki mənimsənilməsini üzvü surətdə özündə birləşdirir.

Burada şüurun sinkretik bütövlüyü (obyekt—subyekt, insan—təbiət, maddilik—mə’nəvilik, reallıq—ideallıq, rasionallıq—emosionallıq), əl-qol hərəkətləri (cest), alətin çalğısı, mimika, ifaçının paltarı, dil-üslubu ilə melodiyanın qarşılıqlı əlaqəliliyində özünü ifadə edən xüsusi bir sistemdir.

AŞIQ SƏNƏ:    səhifələr      1     2     3     4     5    6