~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

MƏQAM

6

Bütün sadalanan polifonik ifa üsulları bədii mə’na daşıyıcıları olub, musiqili-poetik bədii surət yaradıcılığının ayrılmaz «canlandırıcı» ifadə vasitələridirlər.

Yuxarıda nəzərdən keçirilən aşıq havalarının harmonik məqamı təksəsli (monodik) məqam anlayışından ayrılmazdır. Hər ikisi bir-biri ilə üzvi bağlı olub, bir-birini üzvi tamamlayır.

Öz növbəsində təksəsli (monodik) məqam sazın «dil» (melodik) simləri və onların üzərindəki pərdələrlə sıx bağlıdır. Azərbaycan aşıqları tərəfindən bədii tutumlu adlarla adlandırılan pərdələrin açıq sim üzərində yaratdığı səsdüzümünü nəzərdən keçirsək, monodik məqamın bir sıra cəhətləri aydınlaşacaq:

0                  sazın açıq simi (boş pərdə);
1                  əlavə pərdə (xaric pərdə);
2                  baş pərdə («baş divanı», «dilqəm», «kərəm» pərdəsi də adlandırılır);
3                  orta pərdə («urfanı», «təcnis» pərdə də adlandırılır);
4                  əlavə pərdə;
5                  şah pərdə;
6                  əlavə pərdə;
7                  ayaq pərdə.
8                  çobanbayatı pərdəsi;
9                  əlavə pərdə;
10                kök pərdə (dəmlərin zili);
11                beçə pərdə (zillərin zili);
12                baş pərdənin zili;
13                orta pərdənin zili;
14                şah pərdənin zili;
15                ayaq pərdənin zili (qurtaracaq pərdə).

Göründüyü kimi, əsas pərdələrdən (2, 3, 5, 7, 8, 9, 10, 11 və ilk dördünün zilləri) savayı, səsdüzümün qurulmasında «yarımpərdə», «kor pərdə», «gül pərdə», «rəndələyən pərdələr», «lal pərdə» adlanan əlavələr də iştirak edir.

Burada məşhur musiqişünas, Şərq xalqlarının çalğı musiqisi ən’ənələrinin bilicisi V.M.Belyayevin dediklərini sitat gətirmək yerinə düşərdi: «Diatonik səsdüzümün başlanğıc oktavasını xromatik pərdələrlə doldurma adi bir haldır. Mahiyyəti isə ondadır ki, zil oktava alətin tarixi inkişafının başlanğıc mərhələsini, bəm oktava isə son mərhələni əks etdirir»34.

Əlbəttə, diatonik səsdüzümü pərdələrinin əlavələrlə belə sıx dövrələnməsi (doldurma) əks fikrə əsas verir, bu da sazın səsdüzümünün diatonik deyil, xromatik olmasından ibarətdir. Lakin Y.N.Tülinin qeyd etdiyi kimi, «xalq (milli) məqamları və macor-minor sistemində bütün şəklidəyişmələrdə alterasiya artırmalarının növlərindən asılı olmayaraq, məqam təfəkkürünün tarixi əsasında yeddi pilləli diatonika dayanır». Daha sonra o yazır ki, «məqama səs artırmalarına əslində 7 pilləli özülün üstqurumu kimi baxılmalıdır ki, bu da əsas pillələrin artımı deyil, daha yüksək qəbildə (qaydada) məqam yaranışı deməkdir»35.

Diatonik səsdüzümün əlavə pərdələrlə (yaxud yarımpərdələrlə) genişlənməsi səbəbini aşıq oxumalarındakı geniş melodik bəzəmələrlə bağlamaq daha düzgün olardı. Azərbaycan xalq musiqisində çoxsəsli oxuma ən’ənəsinin yoxluğu üzündən melodik bəzəmə ən əlverişli bədii-üslub yolu olmuş, aşıq ifaçılığında başlıca bədii tə’sir vasitəsinə çevrilmişdir. Bəzəmə üsullarını (yollarını) üç qismə ayıra bilərik: texniki, vibrasiya (titrəyiş) və qlissandolu növlər.

AŞIQ HAVALARI MUSİQİ QURULUŞUNUN ƏSASLARI. MƏQAM:     səhifələr    1    2     3    4    5    6     7    8    9    10     11    12