~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

TARİYEL MƏMMƏDOV
AZƏRBAYCAN
XALQ-PROFESSİONAL
MUSİQİSİ: AŞIQ SƏNƏTİ


İÇİNDƏKİLƏR
III HİSSƏ

AŞIQ HAVALARI MUSİQİ
QURULUŞUNUN ƏSASLARI

MƏQAM

8

Qeyd edək ki, texniki üsullar, vibrato və qlissando zamanı diatonik səsdüzümün pillələrinin yüksəklik dəyişkənliyi eyni zamanda, ardıcıl baş verirsə də, iki oliqoton sıra yaxud tetraxordun qarşılıqlı yayımı (bir-birinə keçmə) zamanı belə dəyişkənlik «dağınıq (seyrəlmiş) halda cərəyan edir» (A.Kastalski) («Borçalı gözəlləməsi» havası, 16, ¹7, x. 26—30):

Diatonik məqamın şifahi mətnin uzada-uzada oxunması əsasında yaranması, avazın (vokalın) çalğıya nisbətən birinciliyi, ilkinliyi fikri bir çox musiqişünasların əsərlərində öz əksini tapıb.

Havacatda melodik inkişafın mahiyyəti bir mərkəz ətrafında dayanıqlı və dayanıqsız məqam pillələrinin qarşılıqlı fəaliyyətindədir. Adətən belə «cəzbetmə mərkəzi» (Y.N.Tülin) aşığın oxumağı bitirdiyi ən bəm səsə düşür. Bə’zi havalarda oxumanın başlıca cəzbetmə mərkəzindən bəmdə səslərə rast gəlinir, lakin bu səslərin də məqam mərkəzindən asılılığı danılmazdır.

Monodiya (təksəslilik) kimi məzmunca tutumlu və bütöv mənalı bir mədəniyyətin tədqiqatçılarından çoxu iddia edirlər ki, tonal dayaq səsi böyük fasilədə (sezurada) — havanın bəndinin sonunda yerləşir. Lakin aşıq havacatında melodiyanın son səsi fiziki-akustik mə’nada dayanıqlı səs kimi dərk olunmur. Çünki Azərbaycan aşıqları istənilən havanı çalğı girişi ilə başlayır və ayaq çalğı (sonluq) yaxud açıq simlərə ardıcıl mizrab vurmaqla bitirirlər.

Bundan başqa, oxuma sazın pərdələrindən birində — havanın «mayesində» bitərsə, çalğı sonluğu açıq simlərin səsləşməsinə «keçid» edəcək. Bir qayda olaraq, saz müqəddiməsinin mövzuyaradıcı başlanğıc müddəası ancaq oxumanın təsdiq edəcəyi melodik və vəzni düstura gətirib çıxarır.

Lakin burada havacatın «mayesi» təsdiqlənir. Əslində havacatı iki cazibə mərkəzi dairəsində — oxumanın monodik mayesi və harmonik çalğının əsas məqam dayaq mərkəzi dairəsində təsəvvür etmək daha düzgün olardı.

Bu cəhət «Məmmədbağırı» (¹ 34), «Təcnis» (¹ 56) və bir sıra başqa havalarda nəzərə çarpır ki, burada oxuma melodiyasının mayesində, sonluq çalğı ayağı (sonluğu) ilə (açıq simlərə doğru) tamamlanmadığından, havanın natamamlığı tə’siri bağışlayır.

Aşıq havacatından monodik məqamların tərtibində, maye ilə yanaşı, ikinci dərəcəli məqam dayaqlarının, müvəqqəti və daimi monodiya səs pərdələrinin həmin maye ilə ayrı-ayrılıqda əlaqələndirilməsi də böyük əhəmiyyət kəsb edir. Əsas məqam mərkəzi kimi harmonik səs toplusunun sabitliyi danılmazdır.

Lakin monodiyanın məqam əsası öz vəzifədaşıyıcı səmtini və əhəmiyyətini dəyişə bilər. Havacatda məqam dayaqlarının çoxcəhətli «işləmə recimi» dəyişkən məqamdaxili əlaqələrdən bilavasitə asılıdır. B.V.Asafyev buna oxşar halları «səs pərdələrinin (məqamdaxili) dəyişkənliyi qanunu» adlandırır ki, burada «öz ətrafındakı pillələri (pərdələri) birləşdirən cəzbedici pərdənin özü yeni sistemə cəlb olunur»36.

Oktava diapazonlu məqamlar ən’ənəvi havacat üçün səciyyəvi deyil. Havacatın əsasını sekundalı, tersiyalı, kvartalı bölmələr — motivlər təşkil edir.

Səs pərdələrinin ambitusu adətən 3—4 trixorddan ibarət olur. Bə’zən iki müxtəlif trixord da birləşə bilər, və ambitus, hətta, beş  və daha artıq səsin melodik inkişaf məntiqinə uyğun müxtəlif birləşmələrindən təşkil oluna da bilər.

AŞIQ HAVALARI MUSİQİ QURULUŞUNUN ƏSASLARI. MƏQAM:     səhifələr    1    2     3    4    5    6     7    8    9    10     11    12