~ Çap nəşrləri ~
~ Libretto ~

 

 

 
Ü.Hacıbəyov
Arşın mal alan
klavir
audio
video

BİRİNCİ PƏRDƏ

Əsgərin evi. Yaxşı bəzənmiş otaq. Əsgər və Cahan xala oturmuşlar. Qapının ağzında nökər Vəli hazır durmuşdur. Musiqi çalndıqdan sonra pərdə qalxır.

I GƏLIŞ
Əsgər, Cahan xala, Vəli.

ƏSGƏR (oxuyur).

¹ 1. Əsgərin ariyası.

klavir
audio
video

Nalədəndir ney kimi avazeyi eşqim bülənd,
Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd. – 2
Qıl mədəd, ey bəxt, yoxsa kami-dil mümkün deyil,
Böylə kim ol dilrüba bidərdidir, mən dərdimənd – 2
Dərdimənd, dərdimənd, dərdimənd – 2
A... a... a...
Nalədəndir ney kimi avazeyi eşqim bülənd;
Nalə tərkin qılmazam ney tək kəsilsəm bənd-bənd.
Qıl mədəd, ey bəxt, yoxsa kami-dil mümkün deyil.
Böylə kim ol dilrüba bidərdidir mən dərdimənd – 2
Dərdimənd, dərdimənd, bidərdidir mən dərdimənd.
Bidərdidir mən dərdimənd,
Böylə kim ol dilrüba bidərdidir mən dərdimənd.
Dərdimənd, dərdimənd, bidərdidir mən dərdimənd.
Bidərdidir mən dərdimənd.
Bidərdidir mən dərdimənd.

CAHAN: Xalan sənə qurban, nə olubdur ki, belə qəmli-qəmli oxuyursan? Adam eşidəndə ürəyi yanır.
ƏSGƏR: Ürəyin yanırsa, görünür ki, sənin ruhun var, ay xala!
CAHAN: Qanmadım nə dedin, xalan sənə qurban. Bir də de, başa düşüm.
ƏSGƏR: Heç, bir elə söz demədim ki, bir də təzədən deyim. İndi sən bura bax, ay xala! Bircə mənə de görüm, axı belə olmaz ki, belə də qalsın. Bu dünya belə gəlib, belə getsə, bəs axırı nə olsun?
CAHAN: Xalan sənə qurban, allaha şükür, dünyaya nə olubdur ki?
ƏSGƏR: Belə deyirəm ki, axı bunun axırı necə olsun? Bəli, böyüdük, başa çatdıq, mal-dövlət hamısı var, amma yenə də bilirsən, bununla adamın işi düz olmur. Nə isə yenə bir şeyə ehtiyac görünür. Düz deyirəm, yoxsa yalan deyirəm?
CAHAN: Xalan sənə qurban, əlbəttə düz deyirsən, amma yenə də əməlli başa düşmədim.
ƏSGƏR: Dediyim aşkar söhbətdir, ay xala, belə, sözün doğrusu, o tərəf bu tərəfimə baxıb görurəm ki, yenə də bir şeyim çatmır.
CAHAN: Buy! Çatmayan bir şey varsa gədəni göndər bazardan alsın, onda nə fikir var ki?..
ƏSGƏR: Sən mən deyəni başa düşmədin. Əşi, mən səninlə böyük şeyin söhbətini eləyirəm, sən bazardan danışırsan. Belə, deyirəm ki, bu cürə dolanacağın axırı nə olsun? Malım var, pulum var, amma pul sahibi gərək özgə bir şeyin də sahibi olsun. Halbuki heç malı, pulu olmayanların görürsən ki, bir sürüsü var.
CAHAN: Xalan sənə qurban, sən bir tacir adamsan, sürünü neyləyirsən?
(Vəli başını bulayır).
ƏSGƏR: Of, ay xala, yenə də bilmədin nə istəyirəm...
VƏLİ: (birdən-birə): Mən bilirəm ağam nə istəyir...
ƏSGƏR: (ona tərəf yönəlir): Ədə, sən də burdasan? Hə, de görüm nə istəyirəm?
VƏLİ: (irişə-irişə): Mən bilirəm sən nə istəyirsən.
ƏSGƏR: Di bilirsən, de, nə dayanıbsan?
VƏLİ:   Sən istəyirsən ki...
(Hırıldayıb sözünün dalını deyə bilmir, tez qapıdan çıxır).

 




  ©Copyright by Musigi Dunyasi