~ Çap nəşrləri ~
~ Libretto ~

 

 

 
Ü.Hacıbəyov
Arşın mal alan
klavir
audio
video
CAHAN:    Buy, dedim ki, ərim on iki ildir ki, ölübdür.
SOLTAN BƏY:   Axı burası var ki, mən də dulam.
CAHAN: Nə olar? Allahın əmridir. Tək sənin başında görünməyib ki?
SOLTAN BƏY: Orasını bilirəm. Amma gəl biz ikimiz bir iş edək.
CAHAN:  Nə iş?
SOLTAN BƏY: Belə iş ki, nə sən dul olasan, nədə mən.
CAHAN:  Nə sayaq eləyək?
SOLTAN BƏY: Nə sayağı var ki? Bir nəfər molla, üç manat pul və bir kəllə qənd işi tamam edər.
CAHAN:  Heç başa düşmürəm ki, nə deyirsən!
SOLTAN BƏY:  Başa düşmürsən? Əcəb dil bilməzsən! Bəs elə isə dürüst qulaq as, gör nə deyirəm, a dil bilməz (oxuyur).

 

¹ 13. Soltan bəyin mahnısı.

klavir
audio
video
Bir at aldım, hər yana çapdım, gəl alım, gəl alım, dilbilməz;
Axır gəlib səni tapdım, maralım, maralım, dilbilməz;
Aman, aman uy, qaşı kaman uy,
Gəl alım, maralım, dilbilməz.
Bir ev tikdim, daş üstədir, gəl alım, maralım; dilbilməz;
Hər nə desən baş üstədir, maralım, maralım, dilbilməz;
Aman, aman uy, qaşı kaman uy,
Gəl alım, maralım, dilbilməz.
Sən dul, mən dul, gəl mənə bənd ol, gəl alım, maralım, dilbilməz.
Hər nə desəm sən razı ol, maralım, maralım, dilbilməz.
Aman, aman uy, qaşı kaman uy,
Gəl alım, maralım, dil bilməz – 2

(Oynayır. Əsgər içəri girir)

 

XV GƏLİŞ
Soltan bəy, Cahan və Əsgər.
ƏSGƏR:      Aha, xalamın da işi düzəldi. Əcəb! (irəli gəlir, oynamaqda olan Soltan bəyin qulağına) Ay bəy, ay bəy, ay bəy! Bir dayan, söz deyirəm (Soltan bəy dayanır), axı belə iş yaxşı deyil. Özgənin arvadına eşqnamə oxuyursan!
SOLTAN BƏY:  Balam sən kimsən, sənə nə?
ƏSGƏR:    Necə mənə nə? Bu mənim xalamdır.
SOLTAN BƏY:   Xalandır? Deməli, arşın malçı sənsən?
ƏSGƏR: Bəli, mənəm.
SOLTAN BƏY:  Çox gözəl, çox pakizə. Balam, heç sənin insafın-zadın yoxdur?
ƏSGƏR:  Nə olubdur ki?
SOLTAN BƏY:  Nə olacaq ki? Bu yazıq arvadı on iki ildir ki, dul saxlayıb ərə vermirsən.
ƏSGƏR (gülümsünür): Nə edim? Bir yaxşı adam tapmıram.
SOLTAN BƏY: Yaxşı adam? Mən! Gəl də, gəl qohum olaq. Mən də dulam.
ƏSGƏR: (kənara): Aha, yaxşı fürsətdir. (Ona) Doğru deyirsən, bəy, ya zarafat eləyirsən?
SOLTAN BƏY:  Tayımsan ki, zarafat eləyim? Lap ürəkdən deyirəm.
ƏSGƏR Yaxşı, bəy, fərz edək ki, mən xalamı verdim sənə, bəs əvəzində sən mənə nə verərsən?
SOLTAN BƏY: Nə verəcəyəm? Sənin muzdun bu ola bilər ki, mənim kimi bəy ilə qohum olarsan. Xalanın da muzdu o olar ki, canı rahat olar. Mənim də muzdum budur ki, savab yiyəsi olaram. Daha bundan artıq nə istəyirsən?
ƏSGƏR:    Yox, bəy, bu sayaq sərf eləməz.
SOLTAN BƏY:  Bəs nə sayaq sərf elər?
ƏSGƏR:  Bax, bəy, indi ki, mənimlə qohum olmaq istyirsən, gəl iki başlı qohum olaq.
SOLTAN BƏY: (təəccüblə). Nə sayaq iki başlı?
ƏSGƏR:   Bu sayaq ki, mən xalamı verim sənə, sən də qızını ver mənə!
SOLTAN BƏY:   (bərk acıqlı). Axmağın biri axmaq! Nə yava-yava danışırsan? (Xəncərindən yapışır).  Mən bəy balası, qızımı arşın mal satana verəcəyəm? Cəhənnəm ol burdan, sən də, sənin xalan da! Qudurğanın birisi, bir şillə çəkərəm ki, dişlərin qarnına gedər, rədd ol gözümün qabağından!!
ƏSGƏR: (arxayınca). Xala, gəl gedək (kənara), arşın malçı Əsgərə qız vermədi, amma tacir Əsgərə verəcəkdir (gedirlər).

 

XVI GƏLİŞ


Soltan bəy tək.
SOLTAN BƏY: Gör nə qudurğan gədədir ki, cürət edib qızımı istəyir. (Xəncərini çəkib yüyürür) Öldürərəm səni, qudurğan oğlu qudurğan! (Qayıdıb fikrə gedir). Yoxdur, yoxdur, məndə bəxt! Arvad əlimə göydən düşən kimi olmuşdu, özü də əsl mən deyən. Hallıca, dulluca arvad ki, iş bir nəfər molla ilə bir kəllə qəndə bənd idi. Mərdümazar oğlu mərdümazar, haradan gəldisə bütün işi korladı (Oxuyur).
  Nə pis oldu halım mənim, gəl alım, maralım, dilbilməz.
Getdi əldən ixtiyarım, gəl alım, maralım, dilbilməz.
(Evə gedir).

 

P Ə R D Ə

 




  ©Copyright by Musigi Dunyasi