~ Çap nəşrləri ~
~ Libretto ~

 

 

 
Ü.Hacıbəyov
Arşın mal alan
klavir
audio
video

II GƏLİŞ
Haman adamlar və Süleyman.

SÜLEYMAN: Cahan xala, kefin yaxşıdırmı? Qovraqsan ki? Vəli, sən necəsən, yaxşısanmı?
(Əsgərə tərəf gedib oxuyur).

¹ 3 Süleymanın mahnısı.

klavir
video

  Nədir sənin dərdin, bu nə ahü-zarıdır?
Nədir sənin fikrin belə tarimarıdır?
Utanma, gəl söylə, belə dərdini mənə,
Nə qüssədir böylə əsər eyləyib sənə
Bu dünyada yoxdur belə dərdi bi dəva
Davasın al dərdin, belə görgilən səfa.
Eşitməmişsənmi belə bir məsəl də var?


Nə arzu varsa belə, axtaran tapar.
Balam nə olub ki, belə qaradinməz durubsan? Yoxsa dünyanın dərdi sənə qalıbdır?

ƏSGƏR:    Ay Süleyman, yaxşı oldu ki, sən gəldin. Axı deyirlər sən bir ağıllı adamsan, gəl görüm sən nə məsləhət görürsən?
SÜLEYMAN: Deməli, sən özün inanmırsan ki, mən ağıllıyam?
ƏSGƏR: İnanıram, amma məsləhət töksən, lap yaxşı inanaram.
SÜLEYMAN: Bir-bir söylə görüm nə olubdur?
ƏSGƏR: Nə olacaqdır, onu fikir edirəm ki, yaxşı, axı bunun axırı nə olsun? Elə bu dünya belə gəlib, belə getsə...
SÜLEYMAN: (onun sözünü kəsir): Dayan, bildim nə istəyirsən?
ƏSGƏR:   Nə istəyirəm?
SÜLEYMAN: Əlbəttə, arvad almaq istəyirsən.
(Hamı təəccüb edir).
ƏSGƏR: Baho, nə bildin?
SÜLEYMAN: Sifətindən görürəm. Onu bilməyə nə var ki? (Cahana) Belədir, belə deyil, xala?
CAHAN: Qadan alım, əlbəttə, belədir.
SÜLEYMAN: Belədir, belə deyil, Vəli?
VƏLİ:   Bəy, əlbəttə belədir.
SÜLEYMAN (Əsgərə): İndi bildin ki, mən ağıllıyam?
ƏSGƏR:   Yarısına qədər bildim. İndi, aşna, bir iş də var. Hərgah ona da bir tədbir töksən, onda bilərəm ki, başdan ayağa qədər ağıllısan.
SÜLEYMAN: Di bir-bir söylə, qulaq asım.
ƏSGƏR:   Bax, Süleyman, mən belə fikirdəyəm ki, qız almaq mal almaq kimi bir şeydir: indi malın pisi, yaxşısı olan kimi...
SÜLEYMAN: Dayan, bildim nə istəyirsən.
ƏSGƏR: Nə istəyirəm?
SÜLEYMAN:  İstəyirsən ki, əvvəlcə qızı görüb, baxıb, sonra alasan.
(Hamı təəccüb edir)

 




  ©Copyright by Musigi Dunyasi