~ Çap nəşrləri ~
~ Libretto ~

 

 

 
Ü.Hacıbəyov
Arşın mal alan
klavir
audio
video
GÜLÇÖHRƏ:  (ağlaya-ağlaya). Ay ata, vallah, ərə getməyə heç könlüm yoxdur. Necə  eləyim, sən məni ərə vermə, qoy evdə qalım.
SOLTAN BƏY:   Qızım, inad olma, atan nə deyir, sən də ona itaət elə! Eləməsən allah səni xoşbəxt eləməz, bədbəxt olarsan. Onu yəqin bil ki, mənim sözüm sözdür. Mən kişiyə söz verdim. Allah qoysa bu gün-sabah nişan qoyular, kəbin kəsilər, toy olar. Gedərsən ərə. Ərin dövlətli, özü yaxşı adam, oğul-uşaq sahibi olarsan, ev-eşik yiyəsi olarsan. Mən də bu qoca vaxtımda bir azca dincələrəm, arxayın olaram. Sən mən deyənə qulaq as!
GÜLÇÖHRƏ:  Ay ata, indi ki, sən istəyirsən mən ərə gedim, qoy onda özüm istədiyimə gedim.
(Asya qorxu və təəccüb içərisində).
SOLTAN BƏY: (təəccüb və heyrət ilə). Qızım, sən istədiyin kimdir, söylə görək?
GÜLÇÖHRƏ:   (oxuyur).

 

¹ 18. Gülçöhrənin etirafı.

klavir
audio
video
  Məni saldı olmaz dərdə, arşın mal alan! Qalmadı heç taqət məndə, yanaram
Gecə-gündüz fikrim-zikrim, arşın mal alan!

Ola bilməz özgə fikrim, yanaram.
Onu görcək aşiq oldum, arşın mal alan
Günü-gündən dərdə doldum, yanaram.
SOLTAN BƏY:  (bərk hirslənmiş). Qızım, arşın mal alan kimdir? (kənara). Yoxsa o xalası olandır?
GÜLÇÖHRƏ:  Mən getsəm ona ərə gedəcəyəm. Onu istəyirəm.
SOLTAN BƏY:  (qışqırır). Nə danışırsan. Axmağın qızı axmaq! Bazarın gədəsinə ərə gedəcəksən? Dəli olubsan nədir? Allaha and olsun, bir sillə çəkərəm ki, dişlərin qarnına gedər. Bəli, Soltan bəyin qızı bir gədəyə aşıq olubdur, bəh-bəh, bəh! İndi bildim ki, nə üçün ərə getmək istəmirsən? Amma onu yəqin bil ki, əgər belə axmaqlasan, atamın goru haqqı, sənə bir toy tutaram, bir toy tutaram ki, nəfəsini bir kərə çəkərsən. Sən mənim namusuma toxunan iş görürsən. Nə haqqın var ki, arşın mal alana baxırsan. Qoy bir o arşın malçı gözümə görünsün! Ona mən bir patron çaxım ki, izi tozu qalmasın! Onu bil ki, mənə Soltan bəy deyərlər! Mən binamusluğu qəbul edən adam deyiləm! Səni də öldürərəm, onu da.
GÜLÇÖHRƏ:  (ağlaya-ağlaya). Ata, vallah, öldür məni canım qurtarsın.
SOLTAN BƏY:  (çığırır). Öldürəcəyəm! Bu papaq mənə haram olsun ki, bir də arşın mal alan adı tutsan səni tikə-tikə doğrayacağam. Belə binamusluq olar ki, mənim qızım bir gədənin birisinə bənd olsun? (ayağını yerə vurur). Dur, bu saat rədd ol gözümün qabağından. İtil buradan binamus!
(Gülçöhrə durub ağlaya-ağlaya gedir).

 




  ©Copyright by Musigi Dunyasi