~ Çap nəşrləri ~
~ Libretto ~

 

 

 
Ü.Hacıbəyov
Arşın mal alan
klavir
audio
video

 

GÜLÇÖHRƏ: (lap heyran qalır). Yenə başa düşmədim. Allah eşqinə, məni başa sal görüm, bu nə kələkdir?
ƏSGƏR:  (gülür). Bax, Gülçöhrə, sənə aşiq olan arşın malçı da mənəm, atanın ərə vermək istədiyi tacir oğlan da. Mən yalandan arşın malı satıb özümə qız axtarırdım ki, axırda səni tapdım və atandan istədim, razılıq verdi. Amma atan bilmədi ki, mən arşın mal satanam. Çünki o əvvəldən məni görməmişdi.
GÜLÇÖHRƏ:  Ay biinsaf! Bəs mənə yazığın gəlmədi ki, bu qədər əziyyət çəkdim! Atam məni öldürməli oldu, öz-özümü boğmalı oldum! Belə bilsəydim səni sevməzdim.
ƏSGƏR:     Bəs burası var ki, bu şadlığımız, bütün o əziyyəti yuyub aparır. Elə deyilmi maralım?
GÜLÇÖHRƏ: (axırda razı olur). Elədir.
ƏSGƏR:  Di gəl gedək. O biri otaqları bir-bir gəzək və xalamı da görək.
(gedirlər, Soltan bəy içəri girir)

 

IV GƏLİŞ
Soltan bəy tək.

SOLTAN BƏY: Vallah, yenə ata ürəyidir, tab gətirmədi. Dedim, gedim görüm, bəlkə qız özünə xəsarət yetirdi. (Ora-bura baxır). Bəs hanı bunlar? Ay uşaqlar, kim var?
(Əsgər daxil olur).

 

V GƏLİŞ
Soltan bəy və Əsgər.

ƏSGƏR:  Salaməleyküm, Soltan bəy! Sən bizə xoş gəlmisən!
SOLTAN BƏY: (əvvəl xoş üz ilə, lakin sonra təəccüb ilə). Balam, sən Əsgərsən, yoxsa o arşın mal satan?
ƏSGƏR: Xeyir, bəy, mən Hacı Mürsəl oğlu Əsgərəm. Sənətim də tacirlikdir.
SOLTAN BƏY:  Deyirəm axı, ancaq mənim gözümə belə cöründü ki, qabağımdakı o gədədir.
ƏSGƏR:  Hansı gədə?
SOLTAN BƏY: Heç, bir gədə var idi, arşın malı satardı.
ƏSGƏR:   Bilirəm, sən istədin ki, onun xalasını alasan. O da əvəzində qızını istədi, sən də acıqlanıb qovdun, elədirmi?
SOLTAN BƏY:  (təəccüb ilə). Elədir... Balam, sən haradan bilirsən?
ƏSGƏR:  Necə bilməyim ki, o mən özüm idim.
SOLTAN BƏY:  (heyrət ilə). Nə danışırsan?
ƏSGƏR:   Bəli, bəli, mən qəsdən elə etdim ki, qızı görüm, sonra alım.
SOLTAN BƏY:  Doğru deyirsən?
ƏSGƏR: Budur, qızın təsdiq edər. (Gülçöhrəni çağırır). Gülçöhrə!
(Gülçöhrə içəri girir, atasınıgörüb yaxınlaşır).

 

VI GƏLİŞ
Soltan bəy, Əsgər və Gülçöhrə.

GÜLÇÖHRƏ:  Bax, ata, həm sən deyən oldu, həm mən deyən. Əsgər bizi kələyə qoydu, sənin acığına, mənim də əzabıma səbəb oldu. Bütün təqsir bundadır.
SOLTAN BƏY:  Hə, indi başa düşdüm. Çox kələkbaz imişsən. Balam, rəhmətlik sənin atan heç belə deyildi. Ya allah (əl verir). Kefin yaxşıdırmı? A qız Gülçöhrə, bəri gəl! (Gülçöhrə gəlir, atası onun alnından öpür). Çox gözəl, çox pakizə, vay səni, Əsgər! Amma əcəb kələkbaz imişsən! (Yadına düşür). Yaxşı, balam, bəs sənin xalan necə oldu? Həqiqət, o, sənin xalan idi? Yoxsa o da kələk idi?
ƏSGƏR:  Xeyir, doğrudan xalamdır.
SOLTAN BƏY:  Özü də duldurmu?
ƏSGƏR: Bəli, duldur.
SOLTAN BƏY:  Di ver gəlsin!
ƏSGƏR:  Gəlsin, nə deyirəm. Gülçöhrə, zəhmət çək, xalamı çağır.
(Gülçöhrə gedir)

 




  ©Copyright by Musigi Dunyasi