~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

Bəstəkarın xatirəsi..
(Məqalələr və xatirələr)

Tərtib edəni- Əhməd Isazadə
Redaktoru - Fikrət Əmirov
Azərbaycan Dövlət Nəşriyyatı
Bakı - 1976

 


Mündəricat

12

Məmməd Arif
Həqiqi xalq sənətkarı

Məşhur rus dramaturqu Ostrovski ingilis ədibi Dikkens haqqındakı qeydlərində deyir ki: «Xalq yazıçısı olmaq üçün yalnız vətən sevgisi kifayət deyildir, sevgi yazıçıya ancaq enerji və hiss aşılayır, məzmun vermir, məzmun üçün bir də öz xalqını yaxşıca tanımaq lazımdır, xalqa qoşulmalı, sözün qısası, onunla ünsiyyət bağlamalıdır».

Bu sözlərdə təcrübədən çıxmış böyük bir həqiqət vardır. Öz xalqını yaxşı tanımayan, onun tarixi keçmişini, həyat və psixolojisini, adət və ən'ənəsini yaxşı bilməyən, ədəbiyyat və sənəti ilə yaxşı tanış olmayan bir adamın sevgisindən nə fayda hasil ola bilər? Vətən və xalq sevgisi ancaq xalqın ruhunu, həyat və məişətini dərindən öyrəndikdən sonra faydalı və səmərəli ola bilir.

Azərbaycan ədəbiyyatı klassiklərinin çoxusu belədir. Onlarda xalq sevgisi xalqla bir nəfəs almaq, onunla gülmək, onunla ağamaq deməkdir. Azərbaycan klassik sənətkarları sırasına daxil olmuş Üzeyir Hacıbəyov da böyük ədiblərimizin gözəl ən'ənələrini mənimsəmişdir. O, Azərbaycan xalqının həqiqi xalq sənətkarlarındandır.

Azərbaycan opera mədəniyyətinin ilk şah əsəri olan «Leyli və Məcnun»un yaranması ideyası haradan doğmuşdu? Ü. Hacıbəyov qeyd edir ki: «Hələ 1897—98-ci illərdə Şuşada «Məcnun Leylinin qəbri üstündə» adlı bir xalq səhnəsi görmüşdüm və bu səhnə məndə bir opera yaratmaq həvəsi oyatmışdı». Bu qeyd çox maraqlıdır. Çox gənc olan Üzeyirin qəlbində xalq tamaşası, xalq xanəndələrinin yaradıcılığı elə bir iz buraxır ki, illər keçdikcə bu, gözəl bar verib,xalqın sənət bağını şənləndirir. Bu tə'sirdən 1908-ci ildə «Leyli və Məcnun» operası yaranır və on illərdən bəridir ki, Azərbaycan operasının milli inkişaf yolunu tə'yin edir.

Ü. Hacıbəyov 1905-ci idən sonra xüsusilə inkişaf edən demokratik fikirlərin fəal təbliğatçısı idi. 0, başqa silahla və başqa vasitələrlə olsa da, böyük realist və demokratik Cəlil Məmmədquluzadənin və Sabirin yolu ilə gedir, onlar kimi Azərbaycan xalqının müqəddəratı ilə yaşayır, onun halına yanır, «öz elmini, biliyini və bütün iste'dad və qabiliyyətini xudadadin millətinin tərəqqisi yolunda sərf edirdi». Burası var ki, Ü. Hacıbəyovun fəaliyyət sahəsi daha geniş idi. Onda böyük realistlərə məxsus gözəl məişətnəvislik məharəti və kəskin satirik qələmi olduğu kimi, xalqın ruh və zövqü ilə həmahəng yüksək bir musiqişünaslıq iste'dadı da vardı. O yalnız «Filankəs» imzası ilə yazdığı duzlu və mə'nalı felyetonları ilə deyil, eyni zamanda öz opera və operettalarının musiqisi ilə də xalqına xidmət edirdi. O, musiqini mə'nalandırır, onu dilə gətirir, dinləyicilərin zövqünü tərbiyə edirdi.

Ü. Hacıbəyov Azərbaycan musiqisinin təşkilatçısıdır, onun qüdrətli əli ilə Azərbaycan mədəniyyətinin inkişafında musiqi öz həqiqi yerini tapmış, öz inkişaf tarixində yüksək bir tərəqqi mərhələsi keçmişdir.

C. Məmmədquluzadə' ilə Sabir Azərbaycan şe'r və nəsrini xəlqiləşdirməyə, ədəbiyyatı geniş əməkçi kütlələrinin şüuruna çatdırmağa müvəffəq oldularsa, Ü. Hacıbəyov musiqini xəlqiləşdirdi, onu geniş əməkçi xalq kütlələrinə çatdırmağa müvəffəq oldu.Ü. Hacıbəyov əsərlərinin xalq içərisində geniş yayılması və şöhrət tapması bunu isbat etmirmi?

Lakin Ü. Hacıbəyov yalnız bəstəkar və musiqişünas olaraq qalmır. Bu iste'dadlı sənətkar eyni zamanda diqqətimizi bir yazıçı, bir dramnəvis kimi də cəlb edir. Burada da biz yenə Hacıbəyovun xalqla yaxınlığını, xalqı çox gözəl və dərindən tanıdığını, onun ruhundan xəbər verdiyini müşahidə edirik.

Üzeyir Hacıbəyovun əsərlərinin mövzusu Azərbaycanın klassik ədəbiyyatı (Füzuli), xalq yaradıcılığı və məişəti ilə bağlıdır. Həqiqi eşq, heç bir dini, sinfi və ictimai maneəyə baxmayan, öz təmizliyi, ülviyyəti və sədaqətilə hər qüvvəyə qalib gələn bir eşq bütün bu əsərlərin əsas motivi kimi yaşayır. Sədaqət, vəfa, mətanət, nikbinlik, azadlığa və əməyə məhəbbət, xəyanətə və zülmə nifrət — Hacıbəyovun operalarından aldığımız gözəl mə'nəvi tə'sirlər bunlardan ibarətdir.

Ü. Hacıbəyovun ən gözəl xüsusiyyətlərindən biri də odur ki, onun yaratdığı əsərlər tamamilə özünə aiddir. Opera və operettalarının librettosu, demək, bütün məzmun və ideyası özünündür. Əgər şərti olaraq bu əsərlərin mətnini bir məzmun, musiqisini isə bir forma kimi alsaq, belə deyə bilərik ki, Hacıbəyov heç bir əsərində məzmunu formaya qurban verməmiş, öz musiqisini ifadə etmək üçün bir vasitəyə çevirməmişdir. Böyük klassik bəstəkarlar kimi, o da təsadüfi mövzular seçməmişdir. Öz əsərlərinin ictimai mə'nasını musiqi ilə qüvvətləndirmiş və onun daha yaxşı səslənməsinə müvəffəq olmuşdur.

Xalq nağılı əsasında qurulmuş «Şah Abbas vətənə məhəbbətdir; şah belə olsan, peşən olmasa, yə'ni cəmiyyətə öz işinlə bir fayda verə bilmirsənsə, sən bir heçsən! Yoxsul bir odunçu qızı Şah Abbasa qalib gəlir. Şah Abbas keçə toxumaq sənətini öyrəndikdən sonra özünü ölümdən qurtara bilir. Ü. Hacıbəyov bu demokratik fikri musiqi dili ilə qüvvətləndirir və onun tamaşaçılara daha yaxşı çatmasına, daha dərindən tə'sir etməsinə nail olur.

Bu xüsusiyyəti Hacıbəyovun musiqili komediyaları olan «Arşın mal alan» və «O olmasın, bu olsun»da daha aydın görürük. Bu əsərlərdə Hacıbəyov mahir bir bəstəkar kimi parlasa da, realist məişətnəvis Hacıbəyov ondan geri qalmır. Dramaturq Hacıbəyov bu operettalarda bütün qüdrəti ilə meydana çıxır. Yığcam, sadə, aydın olan bu əsərlərdə canlı həyat münasibətləri, real tiplər, insan psixolojisi, məişət təfərrüatı ifadə olunur. Orijinal süjetlərdə verilən tənqid və gülüş səhnələrini müəllif elə ustalıqla seçə bilmişdir ki, tamaşaçı ancaq sözlərə və hətta yaranmış vəziyyətə gülməklə qalmır, həm də o zamankı Azərbaycanın həyat və məişətindəki müəyyən əlaqə, münasibət və adətlərə də gülməli və düşünməli olur.

«Arşın mal alan» klassik komediyadır, milli Azərbaycan komediyasıdır, əsil sənət əsəridir. 0, Azərbaycan xalqının müəyyən dövrdəki həyatını əks etdirməklə bərabər, ümumbəşəri bir komediya, maraqlı bir həyat səhnəsini, ağıllı, zirək, yaşamaq və sevmək istəyən sadə insanları təsvir edən bir əsərdir. Sağlam gülüş, təbii həyat münasibətlərindən doğan bir gülüş və bu gülüşü qüvvətləndirən, canlandıran gözəl, ahəngdar musiqi bütün xalqları heyran edir və edəcəkdir. «Arşın mal alan»ı dünya əsərləri sırasına daxil edən də ondakı bu xüsusiyyətdir.

«O olmasın, bu olsun» satirik komediyadır. Ü. Hacıbəyov burada qüdrətli satirikdir. Cavan qız almaq istəyən qoca, pullu tacirdən tutmuş, borclu düşmüş bir bəyə, millətpərəst Həsənqulu bəydən ikiüzlü qəzetçi Rza bəyə, yalançı intelligent Həsənbəydən tutmuş qoçu Əsgərə qədər burada hamı canlı və realdır. İndi bu tiplər artıq keçmişə aid olsalar belə, öz bədii dəyər və kəskinliklərini itirməmişlər. Bunun səbəbi isə onların böyük sənətkarlıqla verilməsidir. Hər kəsi öz dili ilə danışdıran müəllif, hər tipi də psixolojisi ilə ifadə etdirir. İki kəlmə danışan Əsgərin öz «piştovu» ilə aləmə qan udduran kobud və qorxaq bir Bakı qoçusu olduğunu görürük. Yaxud güzgünü əlinə alıb papağını başına qoymaq istəyən Məşədi İbadın bir neçə sözündə nə qədər kəskin tənqid və kinayə vardır! Bu, böyük yazıçılıq məharətidir.

Ü. Hacıbəyovun yaratdığı tiplərin bir çoxu məişətimizə daxil olmuşdur. Bu da onların həyatiliyi ilə əlaqədardır. Hacıbəyovun əsərlərinin xalq həyatı və məişəti ilə yaxınlığını daha yaxşı hiss edən C. Cabbarlı, öz mövzusunu uzaqlardan alan burjua yazıçılarına qarşı çıxaraq, əsil xalq sənətkarı Üzeyir Hacıbəyovu misal göstərərək yazırdı ki, onun əsərləri «yaşadığı mühitin, içində dolandığı xalqın, cəmiyyətin ifadeyihal və keyfiyyətidir...». «Bir gün bir fransız Parisdə oturub «Arşın mal alan» oxuyacaq və bu, Azərbaycan həyatındandır, orada belə bəylər, belə gənclər, belə qızlar vardır, deyərsə, haqlı olar».

Xəlqilik ədib-dramaturq Hacıbəyovun əsas xüsusiyyətidir. Bu isə klassik yazıçılara xas olan cəhətdir.

1945