Mən
Azərbaycanın dahi bəstəkarı
Üzeyir Hacıbəyovla 1907-ci ildə
«İrşad» qəzeti idarəsində
tanış oldum. O zamandan e'tibarən mənimlə
cavan müəllim Üzeyir Hacıbəyov
arasında səmimi və yaradıcılıq
dostluğu başlandı. Bir gün Üzeyir
mənə «Leyli və Məcnun» operası
üzərində çalışdığını
bildirdi. Məşğələlərə
1907-ci il dekabrın əvvəllərindən
başladıq və hər gün axşam
«Nicat» maarif cəmiyyəti binasında
aparırdıq.
Nəhayət,
Üzeyir Hacıbəyovun ilk yazdığı
«Leyli və Məcnun» operası 1908-ci il
yanvarın 12-də şənbə günü
keçmiş Tağıyev teatrında
tamaşaya qoyuldu. Bu tamaşada İbn Salamın
toy məclisindəki rəqs Üzeyirin
göstərişi ilə mənə tapşırılmışdı.
Beləliklə,
bu ildən başlayaraq unudulmaz bəstəkarımız
Üzeyir Hacıbəyov, çar zülmünun
ən ağır vaxtlarında Azərbaycan
incəsənətində milli operanın
və musiqili komediyanın ilk səhifəsini
açmış oldu. O zamanlar belə işi
görmək böyük qəhrəmanlıq
və cəsarət tələb edirdi.
Bunu da deməliyik ki, o zaman teatr qapısını
görməyən və tanımayan Azərbaycan
qadınları, Üzeyir Hacıbəyovun
opera və operettalarına gəlməyə
başladılar.
Üzeyir
Hacıbəyovun ikinci yazdığı
«Ər və arvad» operettası idi. 1908-ci
ilin noyabrında Üzeyir məni evinə
də'vət edib, yeni yazmış olduğu
«Ər və arvad» operettasını oxudu.
Bir qədər söhbətdən sonra
səsimi yoxlayıb, Kəblə Qubad rolunu
mənə tapşırdı. Birinci dəfə
olaraq mən həmin musiqili komediyada çıxış
etdim.
Üzeyir
Hacıbəyovun ikinci musiqili komediyası
«O olmasın, bu olsun» oldu. Bu komediyanın
da baş rolu olan Məşədi İbad
rolunu mən oynadım.
1912-ci
il aprelin 3-də Üzeyir Hacıbəyov
mənimlə bərabər artistlərimizdən
bir neçəsini evinə də'vət
edib, Italiyanın Milan konservatoriyasında
təhsil alan azərbaycanlı qızı
Şövkət xanım Məmmədovanın
Bakıya gəldiyini bildirdi və Şövkət
xanımın İtaliyaya qayıdıb
təhsilini davam etdirməsi üçün
ona kömək etməyimizi xahiş elədi.
Üzeyir
Hacıbəyovun təklifini hamılıqla
qəbul edib, Şövkət xanım
Məmmədovanın nəf'inə «Ər
və arvad» musiqili komediyasını oynamağı
qət etdik. Aprelin 13-də axşam Tağıyev
teatrında «Ər və arvad» musiqili komediyasının
tamaşası qurtardıqdan sonra «konsert»
şö'bəsi başlandı.
Şövkət xanım Məmmədova
səhnəyə çıxıb bir neçə
hava oxudu. Bu bir çoxlarının xoşuna
gəlmədi. Xüsusilə «millət-millət»
deyib bar-bar bağıran ağalar ayağa
qalxıb teatrı tərk etməyə
başladılar..
Mən
bu halı gördükdə tez səhnə
arxasındanÜzeyirin yanına gəlib
xəbər verdim və nə etməli
olduğumuzu ondan soruşdum. Üzeyir Hacıbəyov
inadlı bir tərzdə: «Qoy gedən
getsin, bizə qalanlar lazımdır» — dedi.
Mən
qırx ildən bəri Üzeyiri ölkəmizdə
musiqi və opera incəsənətinin
tərəqqi və inkişafı uğrunda
yorulmadan çarpışan bir mübariz
kimi tanıyıram. Bu böyük bəstəkarın
haqqında nə qədər danışılsa,
xidmətlərindən nə qədər
bəhs edilsə azdır.
Hamımızın
sevdiyi və əzizlədiyi Üzeyirin
bizə, incəsənət işçilərinə
qüvvət verən xüsusiyyətlərindən
biri onun mətinliyi idi. Çoxları şahiddir
ki, o, Azərbaycanda açdığı
yeni yol ilə irəlilədiyi zaman qarşısına
çıxan çətinliklərdən
qorxmur, müvəffəqiyyətsizlik belə
onu ruhdan salmırdı.
Üzeyir
Hacıbəyov, Azərbaycanda bünövrəsini
qoyduğu opera incəsənətini genişləndirmək
uğrunda mübarizədə az həqarət
görməmişdir. 1909-cu ildə çıxan
«Zənbur» jurnalı Üzeyirin bir karikaturasını
çəkmiş və onun mahir musiqi əsərləri
yarada biləcəyini şübhə altına
almışdı. Həyat və zaman bu
şübhələrin nə qədər
əsassız, Üzeyirin seçdiyi yolun
isə nə qədər doğru olduğunu
sübut etdi!
Üzeyir
Hacıbəyov həmişə öyrənməyi
və öyrətməyi çox sevirdi.
Bir gün söhbət əsnasında
o, mənə dedi ki: «Xoşbəxt o sənətkardır
ki, biliyini verib gedir, bədbəxt o sənətkardır
ki, biliyini özü ilə bərabər
qəbrə aparır!»
1948
Həqiqət
Rzayeva
Ölməz əsər
Böyük bəstəkarımız Üzeyir
Hacıbəyovun ölməz sənət
əsərlərindən biri olan «Leyli
və Məcnun» operası haqqındakı
qeydlərimi yazmaq üçün istər-istəməz
xatirələr dəftərimi vərəqlədim,
xəyalən 1926—27-ci illərə qayıtdım.
O zaman mən «Damğa» adlı tənqid-təbliğ
teatrında işləyirdim. Cavan idim, yaxşı
səsim vardı. Bir gün opera və
balet teatrının baş dirijoru, bəstəkar
Müslüm Maqomayev məni teatra işləməyə
çağırdı. Nə
qədər sevindiyimi təsəvvür
etmək çətindir.
M.
Maqomayev teatrda məni çox mehriban qarşıladı.
Bir az söhbət etdikdən sonra pianonun
arxasına keçdi. «Çahargah» muğamının
«Mənsuriyyə» hissəsinin zil sədaları
otağı bürüdü. İşin
nə yerdə olduğunu dərhal anladım.
M. Maqomayev məni «Mənsuriyyə» sınağından
keçirmək istəyirdi. Sınaqdan müvəffəqiyyətlə
çıxdım...
Opera teatrında ilk rolum M. Maqomayevin «Şah
İsmayıl» əsərində Ərəbzəngi
oldu. Həmin roldan sonra M. Maqomayev mənə
«Ərəbzəngi bacı» deyərdi.
Çox keçmədən Üzeyir Hacıbəyovla
tanış olduq. O da səsimlə yaxından
maraqlandı. Leylini oynamağı məsləhət
gördü.. «Leyli və Məcnun» operasına
dəfələrlə qulaq asmışdım.
Özümü Leyli rolunda təsəvvür
etmişdim. Lakin elə ki bu arzu həqiqətə
çevrilməyə başladı, qarşıdakı
işin nə qədər çətin
və məs'uliyyətli olduğunu bir
daha dərk etdim. Ərəbzəngi kimi
qəhrəman bir qadın surətindən
sonra lirik səpkili Leyli obrazını
yaratmaq o qədər də asan deyildi. Lakin
ürəklərə yol açan Füzuli
poeziyası və insanı valeh edən
Üzeyir musiqisi bu çətin yolda mənim
gənc ilhamımın qırılmaz qanadları
oldu. Mən Leylinin bütün dərdini,
kədərini, uğursuz məhəbbətinin
müsibətini yaşadım.
Yadımdadır
ki, ilk tamaşalardan biri idi. Üzeyir Hacıbəyov
lojada oturmuşdu. Mən çətin zəngulələrdən
sonra, tamaşaçılar hiss etməsin
deyə, ehtiyatla onun oturduğu tərəfə
baxdım. O, razılıq əlaməti
olaraq yavaşcadan başını tərpətdi.
Bu, mənim üçün, gənc aktyor
üçün böyük mükafat idi.
Leyli
ilə dostluğum çox uzun çəkmişdir.
Ən yaxşı çıxışlarım,
təbii ki, respublikanın xalq artistləri
Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov
və Əlövsət Sadıqovla olmuşdur.
Belə bir əsərdə dönə-dönə
iştirak etdiyim üçün özümü
xoşbəxt sayıram.
1975