~ Çap nəşrləri ~
~ D
ərs vəsaitləri~

 

 

 

Bəstəkarın xatirəsi..
(Məqalələr və xatirələr)

Tərtib edəni- Əhməd Isazadə
Redaktoru - Fikrət Əmirov
Azərbaycan Dövlət Nəşriyyatı
Bakı - 1976

 


Mündəricat

16

Mirzə Ibrahimov
Onu düşünərkən...

Böyük insanlar ölüb getdikləri andan sanki daha artıq bir əzəmətlə vətəndaşların qəlbində yaşamağa başlayırlar. Sanki onlara qarşı yeni bir maraq oyanır, mübarizə tarixi, fəaliyyət və əməlləri, həyat yolu nəinki yalnız elmi məşğul edir, hətta adi vətəndaşlar belə geriyə dönərək bir daha bu yola nəzər salır, onu daha böyük məhəbbət və diqqətlə öyrənirlər. Evlərdə, idarələrdə, küçələrdə, ictimai yerlərdə və ailələrdə onların həyat və fəaliyyətindən danışırlar. Belə bir xadimin ölümü ilə qüssələnənlərin də sayı çox olur. Sənət və peşəsindən asılı olmayaraq bütün vətəndaşlar onların ölümünə təəssüf edir və kədərlənirlər. Bu isə uzun illərin zəhməti nəticəsində yaranmış, bütün məhəbbətlərdən yüksəkdə duran və fəthi çox çətin olan bir məhəbbətin—həqiqi xalq məhəbbətinin ifadəsidir. Əsil ölməzlik, əbədi həyat da budur: xalq məhəbbəti! Xalqın ürəyində qaldırılan heykəl əbədi və yıxılmazdır. Xoşbəxt o adamdır ki, öz həyat və mübarizələri ilə belə bir məhəbbəti qazanır. Çünki qranit daşları yonub hamarlayan zaman da belə bir məhəbbəti silib aparmaqdan acizdir. Xalqın ürəyinə yol tapan hər kəs gələcəyin qapısını açır.

Bakıda Üzeyir Hacıbəyovun dəfn mərasimini görənlər onun belə adamlardan olduğunu təsdiq edərlər. Hələ cənazə Elmlər Akademiyasının böyük salonuna qoyulmamış Sabir bağçası onunla vidalaşmağa gəlmiş insanlarla dolu idi. Getdikcə də onların sayı artır, böyüyürdu. Noyabrın 24-də saat 3-də son vida üçün Akademiyanın qapıları açıldığı zaman insan dəstəsi arasıkəsilməz bir şərid kimi uzanıb, canlı axına çevrildi. Minlərlə müxtəlif millətlərdən olan fəhlələr, ziyalılar, qulluqçular, kolxozçular böyük bir kədərlə Üzeyirin tabutu başından dolanıb keçirdilər. Bu isə arası kəsilmədən gecə saat birə qədər davam etdi. Tabutun yanından keçən qoca rus qadınlarının və Azərbaycan qarısının gözündən qeyri-ixtiyari yaş axır. Kim bilir, bəlkə də bunlar ömründə bir dəfə Üzeyiri görməmiş, şəxsən onu tanımayan adamlardır! Lakin Üzeyirin əzəmətli və vüqarlı surəti çoxdan onların ürəyinə daxil olmuşdur. Onların qəlbində canlı Üzeyir, «Leyli və Məcnun»u, «Arşın mal alan»ı, «Koroğlu»nu yaratmış Üzeyir yaşamaqdadır.

Ertəsi gün. Yenə də Akademiyanın qapıları açılmamış çoxlu adam Sabir bağına toplaşmışdı. Saat ondan üçə qədər on minlərlə adam axıb gəlir, tabutun ətrafına dolanaraq gedirdilər. Dəfn mərasimi görünməmiş bir nümayişə çevrildi. Akademiyanın qabağından tutmuş fəxri simalar məqbərəsinə qədər bütün yaxın küçələr, evlərin balkonları, damların üstü adamlarla dolu idi. Bakı öz sevimli övladı ilə görünməmiş məhəbbət və hörmətlə vidalaşırdı.

Üzeyir Hacıbəyovun vəfatı Azərbaycan mədəniyyəti və incəsənəti üçün əvəzsiz bir itkidir. O, bütün mə'nalı və gözəl həyatını bədii yaradıcılığa, musiqi dediyimiz ahəngdar və melodiyalar dünyasına həsr etmişdi. Lakin gözəllik səltənətinə o, dərin ictimai ideyalar, böyük fikir və görüşlərlə gəlmişdi. Üzeyirbəy sənətin qüdrət və mə'nasını onun xalqa xidmətində, qabaqcıl ictimai idealları tərənnüm etməsində görən böyük səkətkarlardan idi. Biz sənət və mədəniyyət aləmində həqiqi xəlqilik nədir deyənlərə «Üzeyirə baxıb, onun əzəmətli və zəngin yaradıcılığına baxın, əsil xəlqilik budur!»—deyə cavab verməliyik.

Hələ inqilabdan qabaq Azərbaycanda bəy, xan, burjua-kapitalist zülmü və çarizmin ağır müstəmləkə siyasəti hökm sürdüyü bir zamanda Üzeyir Hacıbəyov demokratik və mütərəqqi fikirləri təbliğ edir, din, mövhumat, zülm və ədalətsizlik əleyhinə əsərlər yazırdı.

Bizim üçün böyük xoşbəxtlik və iftixardır ki, Azərbaycan opera sənətinin və musiqi teatrının əsasını zamanın qabaqcıl fikirlərilə yaşamış bir adam qoymuşdur.

Müasir Azərbaycan musiqisinin atası olan Üzeyir Hacıbəyov milli məhdudiyyət bilməzdi. Bütün xalqların mütərəqqi mədəniyyətini hörmət və məhəbbətlə qarşılardı. Xüsusilə böyük rus xalqının zəngin mədəniyyətini və incəsənətini, o, tükənməz məhəbbətlə sevirdi.

Lenin Partiyası, Sovet dövləti Üzeyir Hacıbəyovun yaradıcılığında tamamilə yeni dövr açdı, onun yüksək zirvəyə qalxması üçün lazım olan şəraiti yaratdı. Xalqlara həqiqi azadlıq və tərəqqi gətirən sosialist inqilabı, Leninin ölməz ideyaları Üzeyir yaradıcılığına yeni ruh, yeni qanad verdi. Azərbaycan sənət xəzinəsinin parlaq incisi olan «Koroğlu»nu o, sovet dövründə yaratdı.

Üzeyir sovet xalqının Vətən müharibəsində qəhrəmanlığını, böyük tarixi işlərini və əməyini həqiqi ilhamla tərənnüm edən əsərlər, mahnılar yaratmışdır. Üzeyirin keçdiyi yol onu Kommunist Partiyası sıralarına gətirib çıxardı.

Sovet hökuməti və Lenin Partiyası Üzeyir Hacıboyovun xidmətlərinə böyük qiymət verdi. O, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmiş, ilk dəfə Dövlət mükafatı laureatı və SSRİ xalq artisti adını almışdır. O, Azərbaycan SSR xalq artisti, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Ali Sovetinin deputatı idi. Belə bir şərəfi öz sağlığında görmüş sənətkar az-az tapılar.

Üzeyir Hacıbəyovun əsərlərində dilə gələn, danışan xalqın əməlləri və həyatıdır. O, həyat, yaşamaq, mübarizə aludəsi olan bir şəxs idi. Onun haqqında düşünərkən ancaq həyatdan, mübarizədən, yaratmaqdan, xalqa xidmət etməkdən danışmaq olar. Üzeyirin bütün zəngin həyatı və yaradıcılığı xəlqiliyin, xalqa sədaqətlə xidmət etməyin parlaq timsalıdır. Üzeyir sənət aləminə qədəm qoyduğu ilk gündən ta son nəfəsinə qədər tutduğu yola sadiq qalmış bir sənətkardır. Onun yaradıcılığındakı və şəxsiyyətindəki kamillik, tamlıq heç bir tə'sirin poza bilmədiyi yüksək keyfiyyət idi. Onun xalqa olan sonsuz e'timad və məhəbbəti bütün düşüncəsinə hakim idi. O, musiqidə oyunbazlıq edən, xalqa arxa çevirərək formalist ədabazlıqlara qapılan adamlara deyirdi: