Böyük
bəstəkar Üzeyir Hacıbəyov
Azərbaycan xalqının musiqi xəzinəsini
və sovet musiqi mədəniyətini zənginləşdirən
bir irs qoyub getmişdir. Müasir Azərbaycan
musiqi mədəniyyətinin elə bir
sahəsi yoxdur ki, Üzeyir Hacıbəyovun
adı ilə bağlı olmasın. Azərbaycan
professional musiqi sənətinin banisi Üzeyir
Hacıbəyov musiqi sənəti sahəsində
Azərbaycanda Sovet hakimiyyəti qurulana
qədər mövcud olmayan musiqi kollektivlərinin
də bilavasitə ilk təşkilatçısı
və rəhbəridir.
Azərbaycanda
Sovet hakimiyyətinin qurulması ilə
xalqımızın həyatında, iqtisadiyyat
və mədəniyyətin bütün
sahələrində böyük nailiyyətlər
dövrü başlandı. Bakıda ilk
Azərbaycan musiqi texnikumu da Sovet hakimiyyətinin
ilk illərində yaradıldı. Bir çox
ifaçı musiqiçilərin və bəstəkarların
musiqi təhsili almağa başladıqları
bu məktəbin təşkilatçısı
və rəhbəri də Üzeyir Hacıbəyovdur.
O
vaxta qədər musiqi məktəbi və
musiqi təhsilinin nə demək olduğunu
bilməyən azərbaycanlılar bu məktəbə
axın-axın gəlməyə başladılar.
Mən də 1924-cü ilin fevralında
bu məktəbə qəbul edildim.
1925-ci
il may ayının 22-də Azərbaycan
Dövlət Opera Teatrının binasında
musiqi texnikumu ilk yaradıcılıq hesabat
gecəsi keçirirdi. Bu gecədə musiqi
məktəbi şagirdlərindən təşkil
olunmuş ilk Azərbaycan simfonik orkestrinin
müşayiətilə «Arşın mal
alan» musiqili komediyası tamaşaya qoyuldu.
Orkestrin dirijoru Üzeyirbəy idi. Orkestrdə
Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli,
Əşrəf Həsənov, Mir Cabbar
Miryəhyayev (sonralar yazıçı olmuş),
Fuad Əfəndiyev (sonralar məşhur
cərrah olmuş), İsmayıl Axundov
(sonralar respublikanın xalq rəssamı
olmuş) və başqaları iştirak
edirdilər. Mən də həmin orkestrdə
notla tar çalırdım. Tamaşa çox
böyük müvəffəqiyyətlə
keçib, milli mədəniyyət bayramına
çevrildi.
Hamı
Azərbaycan mədəniyyətinin bu yeni
qələbəsi münasibətilə
Üzeyir müəllimi alqışlayır,
təbrik edirdi. Sevinc hissi ilə dolu ürəklər,
şadlıqdan ixtiyarsız yaşaran gözlər
bu gözəl şəraiti yaradan Kommunist
Partiyası və Sovet hökumətinə,
sevimli müəllim və bəstəkarımız
Üzeyir Hacıbəyova minnətdarlıq
hissi ilə dolu idi.
1926-cı
ildə musiqi texnikumu əsasında ilk
Azərbaycan ali musiqi məktəbi—Dövlət
Konservatoriyası yaradıldı. Konservatoriyanın
rektoru vəzifəsinə Üzeyirbəy
tə'yin olundu və ömrünün
axırına qədər, öz yaradıcılıq
işləri ilə yanaşı, Azərbaycanda
yüksək ixtisaslı musiqiçi kadrlar
hazırlanmasına bilavasitə rəhbərlik
etdi.
Üzeyirbəy
əvvəllər musiqi texnikumunda, sonralar
isə Konservatoriyada notla tar və harmoniya
dərsləri aparırdı. Mən həm
notla tar çalmağı və həm
də harmoniyanı Üzeyirbəyin sinfində
keçirdim. 1931-ci ildə Asəf Zeynallı,
Fuad Əfəndiyev, Əşrəf Həsənov
və mən Üzeyirbəyin bilavasitə
rəhbərliyi və redaksiyası ilə
ilk dəfə olaraq Azərbaycan dilində
«İbtidai not savadı» adlı musiqi dərsliyi
yazıb çap etdirdik. O zamanlar Üzeyirbəy
bizə sinifdə Azərbaycan muğamlarının
«çox maraqlı» qanunauyğun quruluşlarından
söhbət açır və özünün
Azərbaycan muğamları üzərindəki
yaradıcılıq müşahidələrindən
danışıb, misallar göstərirdi.
Bu «söhbətlər» get-gedə təkmilləşərək,
indi hamımızın bildiyi «Azərbaycan
xalq musiqisinin əsasları» adlı müstəqil
bir musiqi fənninə çevrildi.
Asəf
Zeynallının «Ölkəm» romansı
həmin illər Üzeyirbəyin sinfində
muğamlar haqqındakı «söhbət»lərinin
məhsuludur.
Üzeyir
Hacıbəyov 1926—27-ci illərdə konservatoriya
tələbələrini toplayaraq, 80 nəfərdən
ibarət ilk «çoxsəsli» Azərbaycan
xor kollektivi təşkil etdi. Xorun repertuarına
xalq mahnıları ilə yanaşı,
orijinal əsərlər və qardaş
xalqların mahnıları daxil edilirdi.
Bu kollektiv o zaman mədəniyyət saraylarında
və bə'zən rəsmi ictimai yığıncaqlarda
çıxış edərək, azərbaycanlı
dinləyiciləri tədricən çoxsəsli
xor əsərlərinə qulaq asmağa
alışdırır və geniş dinləyicilərin
hüsn-rəğbətini qazanırdı.
İlk
Azərbaycan musiqi texnikumunda Üzeyir Hacıbəyovun
təşəbbüsü nəticəsində
Avropa alətləri ilə yanaşı,
Azərbaycan xalq musiqi alətləri—tar,
kamança, habelə xanəndə sinifləri
də təşkil olunmuşdu. Burada xalq
çalğı alətlərində muğamat
və xalq musiqi yaradıcılığı
öyrənilməklə bərabər,
Azərbaycan xalq çalğı alətlərində
notla çalmaq da tədris proqramına daxil
edildi. Sonralar, 1931-ci ildə həmin siniflərdə
təhsil alan tələbələrin qüvvəsi
ilə Azərbaycan radio komitəsində
Üzeyir Hacıbəyovun rəhbərliyi
ilə «Birinci notlu Azərbaycan xalq çalğı
alətləri orkestri» yaradıldı.
Üzeyirbəy bu orkestr vasitəsilə
geniş dinləyici kütləsini başqa
xalqların, xüsusən rus xalqının
musiqi mədəniyyətinin münasib
nümunələri ilə tanış
etmək və dinləyicilərdə tədricən
daha yüksək və mürəkkəb
formalı musiqi əsərlərinə
maraq oyatmaq məqsədlərini daşıyırdı.
Buna görə də xalq çalğı
alətləri orkestrinin repertuarına Azərbaycan
musiqisi ilə yanaşı, tədriclə
rus klassikləri Qlinka, Çaykovski, Küi,
İppolitov-İvanov, qardaş xalqların
bəstəkarları Spendiarov, Paliaşvili,
Sovet bəstəkarları Dunayevski, Novikov,
Solovyov-Sedoy, Knipper, Qliyer, Xaçaturyan,
Qərbi Avropa klassikləri Quno, Verdi, Şubert,
Motsart, Bize, Brams və başqalarının
əsərləri daxil edilmişdir.
1938-ci
ildə Moskvada keçirilən Azərbaycan
incəsənəti ongünlüyündə
«Arşın mal alan» operettası həmin
xalq çalğı alətləri orkestrinin
müşayiəti ilə ifa olunmuş
və Moskva dinləyiciləri tərəfindən
yüksək qiymətləndirilmişdir.
Sonralar müxtəlif illərdə bu orkestr
Zaqafqaziya musiqi baharlarında, Azərbaycan
və SSRİ Bəstəkarlar İttifaqının
plenumlarında, qardaş respublikalara olan
qastrollarda müvəffəqiyyətlə
çıxış etmiş, gənc Azərbaycan
bəstəkarlarının əsərlərini
geniş dinləyici kütlələrinə
çatdırmışdır. Bu kollektiv
Üzeyir Hacıbəyovun ən qiymətli
yadigarlarından biridir.
Azərbaycan
musiqisi indi sovet musiqi mədəniyyətinin
ön cərgələrində durur. Azərbaycan
bəstəkarlarının əsərləri
vətənimizin xaricində də şöhrət
qazanmışdır.
Azərbaycan
bəstəkarları və musiqiçiləri
musiqi mədəniyyətimizin hər sahəsində
əldə etdikləri müvəffəqiyyətlərdə
böyük bəstəkarımız Üzeyir
Hacıbəyovun misilsiz əməyini hiss
edir və onun əziz xatirəsini öz
qəlblərində böyük hörmət
və dərin məhəbbət hissi ilə
yaşadırlar.
1975